Üzərlik çoxillilik bitkidir, quru iqlim şəraitində özünü yaxşı hiss edir. Azərbaycanda üzərlik quru iqlim şəraiti olan bütün bölgələrdə, Abşeronun isə demək olar, hər qarışında bitir.

Ən maraqlı xüsusiyyəti əsasən qəbiristanlıqda yetişməsidi. Hətta üzərliyin rus dilində adlarından biri də «moqilnik»dir ki, bu da tərcümədə «köhnə qəbiristanlıq» deməkdir. Azərbaycanda üzərliyə olan mistik münasibət və inanclar, ola bilsin, elə bu bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardı. Elmi mənbələr üzərliyin niyə məhz qəbiristanlıqda bitdiyini izah etmir.

Unikal.org-un xəbərinə görə, üzərlik son dərəcə qiymətli bir müalicəvi bitkidi. İbn Sina (Avisenna) və digər qədim zamanların dahi alimləri öz elmi işlərində üzərliyin çoxsaylı müalicəvi xüsusiyyətləri haqqında yazırdılar. Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə edirdilər.

Üzərlik zəhərli bitkidir. Onun tərkibində çoxlu miqdarda "alkaloid"lər var. Bu səbəbdən üzərliyin həddən artıq miqdarlarda qəbulu orqanizmə (xüsusilə insanın qan-damar və sinir sisteminə) mənfi təsir edir - qıcolmalara və hallyusinasiyalara, nəfəsalmanın, ürək fəaliyyətinin pozulmasına səbəb ola bilər. Bu səbəbdən üzərliyi istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Üzərliyin dəmləmələri- soyuqdəymə xəstəlikləri, qarqara şəklində damaqların möhkəmləndirilməsi üçün istifadə olunur. Həmçinin üzərlik dəmləmələri müxtəlif dəri xəstəlikləri zamanı da çox effektlidir.
Sidik kisəsi və sidik yolları iltihabları zamanı üzərliyin dəmləməsi müalicəvi vasitə kimi istifadə oluna bilər. Sidikqovucu, ödqovucu və bəlğəmgətirici təsirə malikdir, yüksək arterial təzyiqi aşağı salır, qan dövranı yaxşılaşdırır. Xalq təbabətində üzərliyin dəmləməsi mərkəzi sinir sistemi xəstəlikləri zamanı istifadə olunur. Üzərlik beyinin damarlarını genişləndirir, beyində qan dövranını yaxşılaşdırır.

Üzərlik toxumu- revmatizm ağrıları çəkən insanlar ağrılarını azalda bilər. Revmatizm zamanı üzərliklə olan vannalar çox yaxşı müalicəvi effekt verir. Ayaqlardakı damar genişlənmələrini üzərlik toxumu çayı ilə masaj edilərsə damarlardakı ağrıların azalması ilə nəticələnər. Üzərliyin toxumu oynaq ağrılarının birinci dərmanıdır. Təpitməsi isti-isti bədənin ağrıyan yerinə qoyulanda ağrıları kəsir. Xərçəng xəstəliyinə qarşı vücudu qoruyan üzərlik toxumu, bir çox şişin əmələ gəlməsinə də mane olar. Saç tökülmə problemi olan insanlar, üzərlik toxumunu qaynatdıqları suyunu ilə saç diblərinə masaj edilərsə, saç tökülməsi dayanar. Afrodizyak təsirə sahib olan üzərlik toxumu, cinsi həvəsi artırır. Üzərlik toxumu nəfəs darlığı çəkən insanlarda müalicə edici xüsusiyyətə malikdir. Üzərlik həmçinin bağırsaqlara işlədici təsir edir toxumu, bağırsaqlarda olan parazit və bakteriyaları məhv edir.

Üzərliyin tüstüsü də çox xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa kömək edir.

Əslində Azərbaycanda üzərlikdən istifadə daha çox onun başqa xüsusiyyəti ilə bağlıdı. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik yalnız bir xüsusiyyətinə görə seçilir. Bu da onun insanı bədnəzərdən qorumasına inamla bağlıdı. Ona görə üzərliyə demək olar ki, hər evdə rast gəlmək mümkündü. Üzərlik toxumu,keçmişdən bu günə qədər nəzərdəyməmək üçün istifadə edilib. Yandırılaraq qoxusu, nəzərə gəldiyi hesab edilən insana çəkdirilir.

İslam dininə görə, bədnəzərdən gözmuncuğu, mollanın yazdığı dua, üzərlik və s. "vasitələrlə" qorunmaq mümkün deyil. Bədnəzərdən qorunmaq üçün «Əl-Fəlaq» və «Ən-Nas» surələrini oxunmaq məsləhətdi