Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə "Sumqayıt"a uduzan (1:2) "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org xəbər verir ki, Abdullayev oyunla bağlı bunları deyib:

- Oyundan razı qalsam da, nəticədən razı qalmadım. Biz düzgün yoldayıq. Ancaq komandada görülməli çox iş var. Rəqibi təbrik edirəm.

- Komanda son oyunlarda hesabı açsa da, bunu sonadək qoruyub saxlaya bilmir...

- Bunun bir neçə səbəbi var. Qol vurandan sonra müdafiədə kobud səhv buraxdıq. Son 20 dəqiqədə komanda yaxşı oynadı. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Əvvəlcədən son 20 dəqiqədəki kimi oynasaydıq, hesab başqa cür olardı.

- Komandaya yeni məşqçi cəlb olunub. Onun komandaya nə kimi xeyri dəyəcək? Bir də, Tərzin Cahangirovun oyunundan razı qaldız?

- Yeni məşqçi Pro kateqoriyasına malik olan mütəxəssisdi. Komandaya xeyri dəyəcək. O ki qaldı Tərzin Cahangirova, ona dekabra kimi vaxt vermişik ki, özünü göstərsin. Premyer Liqa klublarında təcrübəsi olan futbolçudu.

- Yeni məşqçi Aleksandr Deriberin qışda komadaya yeni legionerlərin gələcəyini dedi...

- Deyəsən, siz onu düzgün başa düşməmisiz. Biz sadəcə olaraq, komandanın zəif nöqtələri barədə söhbət etmişik. Ancaq hazırda dəqiq heç nə yoxdu. Ola bilsin, həmin mövqelərə yeni futbolçu cəlb etdik. Əgər kluba uyğun legioner olsa, komandaya cəlb edəcəyik.