Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Unikal.org xəbər verir ki, bu haqda Modern.az-a onun atası Həsənağa İbrahimov məlumat verib. O, medianı bu məsələni şişirtməkdə qınayıb: "Hamınız istəyinizə çatdınız, oğlum tutuldu. İstəyirsiniz, gəlin məni də tutdurun.

Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyevin hadisələrdən sonra qalmaqalda adları hallanan müəllim və şagirdin ailə qurmağa hazırlaşdığını açıqlayıb. Həsənağa İbrahimov da bu faktı təsdiqləyib: "Bəli, ailələr razılığa gəlmişdi, barışmışdıq. Amma hüquq-mühafizə orqanları barışığa heç bir məhəl qoymadı. Heç barışıq sözünü hallandırmadılar da.

Baba dünyaya gələn nəvəsindən xəbərsiz olduğunu bildirib: "Uşaqdan xəbərimiz yoxdur, görməmişik. Hər şeyi hökumət bilir, biz bilmirik.

H.İbrahimov həmçinin oğlunun həyat yoldaşının 2 uşaqla birlikdə atası evinə getdiyini açıqlayıb: "Gəlin uşaqlarla birlikdə atası evinə getdi. Hərəsi bir dərədədir. Ailəmiz dağıldı daha.

Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılmışdı.

Hadisədə adı hallanan müəllim 25 yaşlı Elnur İbrahimov ailəlidir, 2 övladı var.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.