1967-ci il noyabrın 6-sında istifadəyə verilməklə böyük inkişaf yolu keçən Bakı Metropoliteninin hazırda 25 stansiyası,1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.

Bakı metrosunun inkişafı Azərbaycan Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı «Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamı ilə təsdiq olunmuş «Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi»nə və «Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər planı»na uyğun olaraq müəyyən edilib.

Tikiləcək stansiyalar

Perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin hazırda 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə «İçərişəhər» stansiyasından sonra 4, «Həzi Aslanov» stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.

Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, «28 May» stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərdə qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.

Uzunluğu 18,5 km olacaq yeni Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib.
Perspektiv inkişaf planına uyğun olaraq bu xətt üzrə 6-sı keçid olmaqla, 10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.

Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanan xətt olacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Hazırda tikinti işləri Yaşıl xəttin «Həzi Aslanov-2», Bənövşəyi xəttin «B-3», «B-4» stansiyalarında, «Dərnəgül» və «Xocəsən» depolarında davam edir.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi nəzərdə tutulub.
Təmir olunan stansiyalar
"Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramına əsasən, dərin özüllü stansiyalarında ikinci giriş-çıxışların inşası da davam etdirilir.
2009-cu il dekabrın 30-da «28 May», 2015-ci il dekabrın 28-də «Elmlər Akademiyası»nın ikinci giriş-çıxışları istismara verilib.
Həmin proqrama uyğun olaraq, 2008-ci il dekabrın 29-da «İçərişəhər», 2011-ci il dekabrın 30-da «Koroğlu», 2015-ci il mayın 5-də «28 May» stansiyaları əsaslı təmir olunaraq, yeni görkəmi ilə sərnişinlərin istifadəsinə verilib.
«Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi»nə əsasən, gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Yaşıl, Qırmızı və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Bu illər ərzində 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Bəs bu qədər böyük zəhmətin müqabilində "Bakı Metropoliteninində nə qədər işçi çalışır? "Bakı Metropoliteninin rəisi Zaur Hüseynov hansı kadrlara daha çox üstünlük verir?
Modern.az-ın "Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətilə (QSC) bağlı suallarını qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev cavablandırıb.
Metropolitendə çalışmaq üçün nə tələb olunur?
O bildirib ki, hazırda metropolitenin tikilməkdə olan stansiyalarında yerli mütəxəssislər çalışır:
"Kifayət qədər təcrübəli, bacarıqlı kadrlarımız var. Kənardan hansısa mütəxəssis, kadr dəvət etməyə ehtiyac yoxdur. Metropoliten işçisi olmaq üçün hansısa yaş kateqoriyası yoxdur. Təmsil etdiyim qurumda əmək qanunvericiliyinin tələblərinə uyğun bütün yaş qrupundan insanlar çalışa bilər.
Yeni seçilən işçilərin həm ali təhsilli, həm də gənc olmalarına xüsusi önəm veririk
Hətta ən aşağı vakansiya üzrə belə, ali təhsillilərə üstünlük veririk ki, həmin şəxs gələcək karyerasında yüksəlmək istədiyi zaman hansısa təhsil səddi ilə qarşılaşmasın. Təbii ki, özümüzün də təlim-tədris mərkəzimiz var. Bu mərkəzdə istər ixtisas artırma, istərsə təcrübə, istərsə də yeni işə qəbul olmaq istəyənlər üçün kurslar təşkil edilir. Hətta ehtiyac yarandığı təqdirdə əməkdaşlarımız xaricə də kursa göndərilir.
Ən yaşlı kadr niyə təqaüdə göndərilmir?
N.Paşayev bildirib ki, qurumun işçi heyətində 7000 nəfərə yaxın insan çalışır:
"7000-ə yaxın işçimiz var. Onlardan təxminən 70 faizi kişilər, 30 faizi qadınlardır. Ən cavan kadrın 18 yaşı var. Ən yaşlı metropolitençinin yaşı 70-dən yuxarıdır.
N.Paşayev onun pensiya yaşını tamamlamasına baxmayaraq, hələ də işləməsinin səbəblərini də açıqlayıb:
"Həmin şəxsin yaşı 70-də yuxarı olsa da çalışır. Çünki, son istifadəyə verilən stansiyaların tikintisinə birbaşa rəhbərlik etmiş şəxsdir. Onun bir çox fəxri adları, təltifləri var.
Qurum rəsmisi eyni zamanda bildirib ki, təqaüd yaşı çatanlar gənc kadrlarla əvəz olunur. O, həmçinin, "Bakı Metropoliteni QSC yarandıqdan sonra həm ali, həm də gənc kadrlarının sayı artdığını vurğulayıb.