Oktyabrın 5-də Ukraynanın paytaxtı Kiyev şəhərində Türk Şurasının Diaspora Regional Mərkəzinin panel iclası keçiriləcək. 

Bu barədə məlumatı Unikal.org-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurası Kiyev nümayəndəliyinin rəhbəri Hikmət Cavadov verib.

H.Cavadov bildirib ki, panel iclası "Türk dilli Diasporalar arasında əməkdaşlığın genişləndirilməsində Türk Şurasının rolu mövzusuna həsr ediləcək: "İclasda Türk Şurasının Baş katibi Ramil Həsənov iştirak edəcək. Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev, Türkiyə Cümhuriyyətinin Ukraynadakı səfiri Yönet Can Tezel, Qazaxıstanın Ukraynadakı səfiri Samat Ordabayev, Qırğızıstanın Ukraynadakı səfiri Uluqbəy Çinaliyev, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici Türklər və Qohum Topluluklar Başçılığının, Türk İş Adamları və Sənayeçilər Dərnəyinin nümayəndələri də iclasda iştiraklarını artıq təsdiqləyiblər. İclasda həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türk Diaspora nümayəndələri, Azərbaycanın Ukraynadakı iş adamlarının iştirakı nəzərdə tutulub.
Xatırladaq ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin ilk xarici nümayəndəliyi 2014-cü ilin dekabrın 24-də Kiyevdə açılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) mərkəzi ofisində gerçəkləşən mərasimdə Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan diplomatları və UABD-nin sədri Hikmət Cavadov iştirak edib. Nümayəndəliyin rəhbəri Hikmət Cavadovdur.