Gömrükdən külli miqdarda göz dərmanı keçirməkdə ittiham olunan şəxsə 7 il cəza verilib.
Unikal.org virtualaz.org-a istinadən  xəbər vBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə şəhər sakini Şirzad Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin vəkili Tarif Nəsirov çıxış edib. Vəkil məhkəmədən müdafiə etdiyi şəxsin ilk məhkumluğunu, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Ş.Abbasov məhkəmədə son söz söyləyib. O, vəkilin çıxışını dəstəklədiyini deyib. Bundan sonra hökm oxunub. Hökmə görə, Şirzad Abbasov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şirzad Abbasov Rusiya Federasiyasının Moskva şəhərində istintaqla müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olaraq güclü təsirə malik külli miqdarda "Tropikamid dərman preparatını idarə etdiyi mikroavtobusun arxa təkərlərinin içərisindəki boşluqda yerləşdirərək daşıyıb. Dəyəri 29 min 100 manat olan 970 ədəd dərman preparatını "Samur gömrük postundan gizli şəkildə keçirib.

Törətdiyi cinayət əməlinə görə Ş.Abbasova qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq) və 240.3.2-ci (güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Ş.Abbasov ilkin ifadəsində bu səhvi 600 manata görə etdiyini açıqlayıb:"Baxış zamanı gizlətdiyim dərmanlar aşkar edilərək götürüldü. Həmin dərmanların güclü təsir edən maddə olmasını bilməmişəm. Hətta o dərmanlara baxdıqda üstündə göz şəkli olduğunu görmüşəm, göz damcısı olduğunu bilmişəm. Ümumiyyətlə, hər hansı bir dərmanın gömrükdən keçirilməsinin qadağan edildiyini bildiyim üçün onları gizlətmişdim. Bu səhvi 600 manat pul qazanmağa görə etmişəm.