Milli rəqslərimizin hər birində xalqımızın tarixi, milli dəyərləri, adət-ənənəsi, psixologiyası yaşayır. Tanınmış rəqqaslar da dəfələrlə qeyd ediblər ki, rəqslərimiz heç də primitiv hərəkətlərdən, musiqinin tempinə uyğun ritmik bədən hərəkətlərindən ibarət deyil. Hər bir rəqsin özünəməxsus xüsusiyyəti var. 
Məsələn, "Uzundərə", "Heyvagülü"nə müdriklik, bəy ədası, "Vağzalı"da sevinc göz yaşları, "Tərəkəmə"də bir tərəkəmə ab-havası, "Qoçəli"də igidlik, "Yallı"da birlik, "Turacı"da, "Ceyrani"də zəriflik tərənnüm olunur. 

Beləliklə, rəqslərimizdə hər hərəkət ölçülüb-biçilib. Rəqslərdə qadınların hərəkətləri incəliyi, zərifliyi, kişilərdə isə cəsurluğu, cəldliyi bildirir. Lakin bu gün toy və məclislərdə, el şənliklərində bu amil tamamilə sıradan çıxmağa başlayıb. Qız-qadınlar hoppanıb düşməkdə sanki kişilərlə yarışa çıxır, rəqslərində kişilərə məxsus kobud, cəld, əndazədən çıxan hərəkətlər edirlər. Bununla bağlı internet resurslarında çoxlu sayda videolar da paylaşılır.  Mətbuatda da bəzən bu cür videolara "qız öz rəqsi ilə hər kəsi heyran qoydu" deyə başlıqlar qoyaraq yayılır. 
Əslində isə milli qadın rəqslərimizdə heç zaman hoppanıb-düşmək olmayıb. Qadınlarımız uzun, zərif paltarlarına uyğun rəqslər ediblər. Yalnız "Yallı" rəqsində kişilərlə bərabər bəzi iti ayaq hərəkətləri olub. Bu da qadın incəliyinə, zərifliyinə heç də zərər gətirməyib. 
Yaşlı nəsli isə daha çox bir məsələ narahat etməyə başlayıb. Gəlinlər artıq "Vağzalı" rəqsindən imtina edərək Avropa musiqilərinə, rəqslərinə üstünlük verir, məclisə yad rəqslərlər daxil olmağa başlayır. Bu amil demək olar ki, şəhərlərdə dəb halına çevrilməyə doğru gedir. 
Təkcə qadınlar deyil, kişilərin də rəqslərində çoxlu sayda yad elementlər görünməyə başlayıb. Onların rəqslərində moldav, ləzği, ərəb-fars hərəkətləri, motivləri geniş yer almağa başlayıb. Bu azmış kimi milli rəqslərimizi təbliğ edən rəqqaslar da milli geyimlərimizi fərqli üslubda təqdim etməyə çalışırlar. Beləliklə, milli rəqslərimizin quruluşu, dəyəri itirilməyə, unudulmağa başlayıb. 
Unikal.org xəbər verir ki, tanınmış rəqqasə, əməkdar artist Aliyə Ramazanova məsələ ilə bağlı "Yeni Müsavat"a danışdı. Rəqqasə bu cür hallara çox məyus olduğunu dedi: "Bu cür hallarla rastlaşanda deyirəm, ay Allah, bu qız nə üçün özünü bu günə salır? Axı kənardan insana min göz baxır. Oğlanların da hərəkətlərində nə istəyirsən var, ərəb, türk rəqsləri və sairə. Necə ki, musiqilərimizə  toxunurlar, bu da rəqslərimizə də təsir edir".  

Aliyə Ramazanova milli rəqs geyimlərimizdən də söz açdı: "Qədimdən qadınlarımızın çox gözəl geyimləri var. Bura yubkalar, bəzəkli köynəklər və sairə daxildir. Bu cür şəhanə geyimlərdə müəyyən gözəl rəqslər ifa olunurdu. Bunlar "İnnabı", "Tərəkəmə", "Nazlana-nazlana", "Vağzalı-Mirzəyi" və sairə rəqsləridir. Kənd yerlərində zəhmətkeş insanların işini göstərmək üçün, məsələn, pambıq, üzüm yığımına aid, ağır zəhmətdən sonra gözəl yallılar olub. O geyimlər şəhər geyimlərindən fərqlənir, tamam başqadır. Bu geyimlərdə aşağıdan bir qarış yuxarı,  amma enli olan yubka, üstdə arxalıq və ya köynək, gün vurmasın deyə başlarda çalma və ya yaylıq olur. Hətta soyuqdan qorunmağı göstərmək üçün qalın corablar da geyinilir. Beləliklə, rəqs edilərkən kişilər öz məharətlərini göstərməyə başlayırlar. Qadınlar da onlara cavab olaraq bildirirlər ki, biz də zəhmətkeşik və hərəkətləri ilə bunu göstərirlər. Bu zaman iti hərəkətlər mümkündür. Lakin bu gün toylarımızda bu artıq eybəcər hal alıb. Qadın incə, zərif məxluqdur. Qadınlarımız rəqs edərkən sanki bildirməlidir, bu mənəm, bu mənim gözəlliyimdir, bu mənim qollarımdır və sairə". 

Xalq artisti Roza Cəlilova milli rəqslərimizə xələl gətirən hərəkətləri bu cür tənqid elədi: "Zamanında Bakı Filarmoniyasında toy quruluşu var idi. O quruluş ibrət, örnək idi. Orda gəlin, bəy, gəlin və bəyin bacısı, qardaşı, yengə var idi. Heyf ki, indi  həmin quruluşu vermirlər. Bəlkə yenə də o quruluşu hazırlasalar  camaat da baxar bilər ki, ümumiyyətlə, toy nə deməkdir. Bizim milli xalq musiqimiz  çox zəngindir. Xalq musiqimiz ona görə deyirik ki, bu musiqi içimizdən gəlir. Yaxşı olar ki, toylarımızda bu musiqilər daha çox çalınsın, bəlkə onda qız-qadınlarımız hoppanıb-düşməz, kişi kimi oynamazlar". 
Xalq artisti toylarda ortalıqdan çıxmayan, kişilərlə bərabər iti templi rəqslər oynayan gəlinləri də qınayıb: "Bizim zamanımızda qadınlar toylarda çox nadir hallarda oynayardı. İndi gəlinlər oynayır, sakit oturmurlar, siz bundan danışın. Gəlinlər indi ləzginka sifariş edir. Amma bizim zamanda gəlin ağzını açıb yemək yeməyə utanardı. İndi isə gəlinlər məclisdə duvaqsız oturur, ortaya düşüb oynayırlar".