"Neftçi"nin futbolçusu Katalin Tira "Qarabağ"la oyun zamanı vurduğu komandanın azarkeşi Nurlan Əzizlə görüşmək istəyir.

Unikal.org bildirir ki, 22 yaşlı hücumçu bunu football-plus.az-a müsahibəsində deyib.

O deyib ki, meydana girən fanatı vurduğu gündən onu qucaqlayıb əlini sıxmaq, restoranda oturub dostcasına şam etmək, ona futbolçu köynəyi bağışlamaq niyyətindədir. Tira bunun üçün vasitəçi axtardığını açıqlayıb: "Onu necə tapım? Xəbər göndərmək üçün əlaqəm olmalıdır, ya da hansısa ortaq yoldaşımız. Bunların heç biri yoxdur. Özü ilə görüşərək əlini sıxmaq istərdim. Mənim üçün bundan yaxşı heç nə ola bilməz. Lazım gələrsə, bütün "Neftçi" azarkeşlərini bir yerə yığıb hamısının qarşısında üzr istəyərəm".

Gənc forvard hadisəni belə təsvir edib: "Azarkeş meydana daxil olub komanda yoldaşım Rəhman Hacıyevə tərəf qaçmaq istəyirdi. Mən də yaxınlıqda olduğumdan, onun qarşısına çıxdım. Düşündüm ki, əlində bıçaq və ya küt alət olar. Bir anda özümdən çıxdım, əsəblərimi cilovlaya bilmədim. Elə bir vəziyyət idi ki, nə etdiyimi bilmirdim. Təbiətcə bir az emosional insanam. Həm də əlində hansısa alətin ola biləcəyini düşünürdüm. Fikirləşdim ki, birdən polisin əlindən qaçıb yenə üstümüzə gələr, kiməsə xəsarət yetirər. Ona görə təzyiq göstərməkdə davam edirdim".

Çox böyük səhvə yol verdiyini deyən Tira bildirib ki, tutduğu hərəkətdən olduqca peşmandır: "Demirəm ki, günah azarkeşdə idi, meydana daxil olmamalı idi. İndiyədək bu ifadəni işlətməmişəm. Çünki o, nə etsəydi, mən cavab verməməli idim. Yenə də bütün ölkənin futbol ictimaiyyətindən üzr istəyirəm".

Qalmaqallı futbolçu "Neftçi"də qalaraq, komandaya fayda vermək istədiyini əlavə edib.