Ətraf mühiti qorumaq üçün hər dəfə maraqlı tədbirlərin şahidi oluruq. Bu cür layihələrdən biri də Sumqayıt şəhərində gerçəkləşib. Bir qrup gənc şəhərin müxtəlif yerlərində zibil qutularının üzərində diqqət çəkən şəkillər çəkərək insanlara mesaj veriblər.

Ekoart adlı bu layihə bir neçə gəncin təşəbbüsü ilə gerçəkləşib. Tullantı kontenyerlərinin üzərinə şəkil çəkən gənclər insanları ətraf mühiti təmiz saxlamağa səsləyiblər. Layihədə xanımlar da yaxından iştirak edir. Onlara bu işi görməyə zibilxanadakı üfunət və istifadə etdikləri boyanın qoxusu mane olmur. Şəhərin 6 məhəllə və mikrorayonlardakı 24 tullantı konteynerində ekoloji problemlərə maraq oyadan, ekoloji mədəniyyəti, təmizliyi təbliğ edən şəkillər təsvir edilib. Gənclər deyirlər ki, bunu gələcəkdə davam etdirmək niyyətindədilər.