"National Geographic" jurnalının üz qabığına çıxaraq dünyada məşhurlaşan "Əfqan qızı" ləqəbli Şərbət Gula ilə bağlı yeni xəbər var.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, Pakistanda saxta pasportla yaşadığı üçün həbs olunan 44 yaşlı qadın azadlığa çıxacaq. Pakistanın Daxili İşlər naziri 14 il həbs cəzası ilə üz-üzə qalan Şərbət üçün "Onun qadın olması, həm də insaniyyət baxımından bu işə yenidən baxılmalıdır" deyib. 

Nazir "Əfqan qızı"nın təzminatla azadlığa çıxacağı, haqqında olan ittihamların isə qüvvədə qalacağını bildirib:

"Ona olan ittihamları ləğv etsək və onu ölkədən deportasiya etsək, o zaman Şərbət Gulaya saxta pasport verən insanlar haqqında da ittihamları ləğv etməliyik. Amma burada əsl günahkarlar onlardır və mən bu adamların cəzalandırılmasını istəyirəm".