Pedro Aqramuntun ReAl hərəkatının həbsdəki sədri İlqar Məmmədovla görüşməsindən çıxan dərslər...  
Azərbaycanın radikal müxalifəti xaricdən bəslənir, onlar maddi və mənəvi bağlarla vətənlərindən daha çox Avropanın siyasi paytaxtlarına bağlıdır. Bu bağlılıq, muzdla Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı mübarizə aparan bu qüvvələr öz xislətlərini dəfələrlə göstəriblər.
Bunu isbatlamaq üçün çox da uzaq olmayan tariximizə nəzər yetirmək kifayətdir.  Məsələn, 2004 və 2005-ci illərdə Müsavat və AXCP  mitinqlərə o zamankı ABŞ prezidenti Corc Buşun portretləri ilə çıxırdılar. Bütün bunlar isə hələ o zamanlar hər şeydən xəbər verirdi. Maraqlısı isə o idi ki, guya Məmməd Əmin Rəsulzadənin siyasi platformasını davam etdirdiyini bəyan edən bəlli qüvvələr nədənsə o zamankı aksiyalarda onun deyil, məhz ata Buşun portretinə bərk-bərk sarılmışdı.  Eyni zamanda digər bir fakt da diqqət çəkir. Bu günə qədər yüzlərlə müxalifətçi guya Azərbaycanda sıxışdırıldığını əsas gətirərək məhz həmin Avropa ölkələrində siyasi sığınacaq alıblar. Başqa sözlə Qərbin siyasi dairələri artıq deşifrə olunmuş agentlərini ölkədən çıxartmaqdan başqa çarə görmür. Bu günlərdə AŞPA prezidenti Pedro Aqramuntun ReAl hərəkatının həbsdəki sədri İlqar Məmmədovla görüşməsi isə bu tendensiyanın hələ də davam etməsini göstərir.  Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt Azərbaycan paytaxtına etdiyi səfər çərçivəsində  ReAl hərəkatının həbsdəki sədri İlqar Məmmədovla görüşüb. Bu haqda AŞPA prezidenti rəsmi Twitter səhifəsində xəbər verib. Pedro Aqramunt öz səhifəsində İlqar Məmmədovla görüşdüyünü, onun işinin həll edilməsi üçün çalışmaların davam etdiyini bildirib. Bildirək ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Maraqlıdır, AŞPA prezidentinin İlqar Məmmədova bu xüsusi diqqət və qayğısının səbəbləri nədir? Eyni zamanda AŞPA prezidentinin "İlqar Məmmədovun işinin həll edilməsi üçün çalışmaların davam etdirilməsi" zərurətindən bəhs etməsi nə deməkdir? Axı, ReAL hərəkatının sədri konkret cinayət əməlinə görə həbs olunub, Pedro Aqramuntun indi onun azadlığa çıxması üçün çalışması isə sırf Azərbaycanın daxili işlərinə qarışmaq anlamına gəlir. Bunun bir izahı var: AŞPA prezidenti Azərbaycan siyasətində olan "uşaqlarından birinə" növbəti qayğısını göstərir. Amma unudur ki, Azərbaycan müstəqil dövlətdir və o hansısa addımında ilk növbədə Azərbaycan xalqının maraqları prizmasından hərəkət edir.   Amma xaricdən maliyyələşən, əlləri beynəlxalq dairələrin, donorların ciblərindən çıxan müxalifətçi siyasi qüvvələr özlərini daha fəal nümayiş etdirmək, öz vacibliklərini ağaları qarşısında sübuta yetirmək üçün öz hamilərinin buyruqlarını yerinə yetirməyə çalışırlar. Azərbaycan haqqında tənqid, görülən işlərə kölgə salmaq, ölkəmizin nüfuzuna zərbə vurmaq kimi sifarişlər isə həmin qüvvələrin daim pusqusunda dayandıqları subyektlərdir.  Bu gün həmin xaricə satılmış qüvvələr ən xırda məişət problemindən istifadə edərək, dərhal sosial şəbəkələrdə, müxalif qəzetlərdə siyasi şou düzəldir, "xalq üsyana qalxdı" şüarları ilə dağıdıcı müxalifət küçə və meydanlara çıxararq hay-küy yaratmağa başlayırlar. Qəribəsi isə odur ki, Azərbaycanın dövlətçilik maraqları bir sıra xarici təşkilatlar tərəfindən şübhə altına alınarkən məhz bu müxalifət ortalıqda görünmür, lakin ölkədə sabitliyi pozmaq cəhdləri olan kimi sözügedən güclər peyda olurlar. Məqsəd isə bəllidir. Çünki onlar həm də xarici siyasi dairələrin Azərbaycandakı maraqlarının təminatı mənasını daşıyır.   Azərbaycanda hər şeyi qara rəngdə görməyi özünə peşə etmiş bir sıra siyasətbazlar, o cümlədən, onların himayəsindəki media quruluşları məhz Avropadan gələn buyruqla yalanlar, böhtanlar kampaniyasına da start verir. Amma artıq bu "köhnə texnologiya" işə yaramır.  
AŞPA prezidentinin ReAl hərəkatının sədri İlqar Məmmədovu məhbəsdə ziyarət etməsi isə həmin qüvvələrin növbəti iflas epizodu kimi yadda qalacaq.  Orxan Həsənli