Unikal.org dahi rus yazıçısı Lev Tolstoy haqqında araşdırmanı təqdim edir:

Vəfatından 1 il əvvəl - 1909-cu il martın 2-də 81 yaşlı Lev Tolstoyun Yasnaya Polyanadakı ünvanına Bakıdan növbəti məktub gəlir. Məktub çar ordusunun podpolkovniki (sonralar - general-mayoru), topoqraf İbrahim Vəkilovun həyat yoldaşı Yelena Yefimovna Vəkilova tərəfindən göndərilmişdi. Lev Tolstoyun Azərbaycan ictimai fikrinə təkcə əsərləri ilə yox, həm də fərdi yazışmaları ilə necə böyük təsir göstərdiyini sübut etmək üçün bu məktub çox maraqlı nümunədir. Yeri gəlmişkən, Yelena Yefimovnanın böyük yazıçıdan təvəqqesinin səbəbləri heç də daha az maraqlı deyil.
Qafqaz atlı-müsəlman alayının poruçikinin oğlu olan İbrahim Vəkilov uzun illər Tiflisdə, Qafqaz hərbi dairəsində xidmət edib, elə bu şəhərdə də gələcək həyat yoldaşı ilə tanış olub. Həmin illər (1870-ci illərdə) imperator III Aleksandrın əmrinə görə rəsmi nikahlar yalnız eyni dinə mənsub adamlar arasında bağlana bilərdi. Bu maneəni aşmaq üçün Vəkilov Müqəddəs Sinodun ober-prokuroru, imperatorun birinci məsləhətçisi Konstantin Pobedonostsevə məktubla müracət etsə də, xahişi cavabsız qalır. Xırda məmur ailəsindən çıxmış Yelena Yefimovnanın ailəsi də qızlarının müsəlmana ərə getməsinin qəti əleyhinə çıxır.
1884-cü ildə Vəkilov öz gəlini ilə Türküstana yollanır. Xoşbəxt ailə həyatını yalnız nikahı rəsmiləşdirməyin qeyri-mümkün olması pozurdu. Daha 7 il sonra Vəkilovu Konstantnopola, hərbi attaşelikdə işləməyə göndərirlər. Orada o, kömək üçün bolqar pravoslav kilsəsinin keşişi Georgi Misarova müraciət edir. Keşiş cütlüyün kilsədə nikahını qeydə alaraq onlara müvafiq sənəd verir. Bununla da İbrahim Vəkilov pravoslavlığı qəbul edir. Bu vaxt artıq ailədə 2 oğlan övladı böyüyürdü - Boris və Qleb.
1894-cü ildə isə çoxdan arzulanan hadisə baş verir - imperator III Aleksandr xüsusi hərbi xidmətlərini nəzərə alaraq və ümumi qaydadan istisna kimi bu nikahı qanuniləşdirir. 10 il ötür və 1904-cü ildə imperator II Nikolay "Dini azadlıqlar haqda Dekret imzalayır. Bu sənədə görə, müəyyən səbəblərdən dini etiqadını dəyişmiş şəxslər yenidən əvvəlki dininə qayıda bilərlər. Bundan sonra Vəkilovların ailəsində baş verənlər də Yelena Yefimovnanın Lev Tolstoya yazdığı məktubun mövzusu olur.
Məsələ ondadır ki, Vəkilovların övladları öz xalqlarına xidmət etmək məqsədilə müsəlmanlığa qayıtmaq istədiklərini söyləyirlər. Ata və ana bu istəyin əleyhinə çıxır, onlara elə gəlir ki, bu, oğlanların karyera və perspektivlərinin üstündən xətt çəkəcək. Görəndə ki, Boris və Qleb istəklərində israrlıdırlar, anaları məsləhət üçün böyük yazıçıya müraciət edir.
Martın 15-də Lev Tolstoy məktuba böyük bir cavab yazır. Cavabdakı fikirlər bu gün də böyük maraq doğura biləcəyindən, məktubun kiçik bir hissəsini diqqətinizə çatdırırıq:
"Yelena Yefimovna! Sizin oğullarınızın məxsus olduqları xalqın maariflənməsinə yardım etmək arzusunu təqdir etməyə bilmərəm-¦ O ki qaldı onların məhz müsəlmanlığı pravoslavlıqdan üstün tutmalarına və bu vaxt irəli sürdükləri xeyirxah motivlərə, mən bu keçidə bütün qəlbimlə yalnız hüsn-rəğbət bəsləyə bilərəm. Xristian ideallarını və öz həqiqi mənasındakı xristianlıq təlimini hər şeydən yuxarıda qoyan mənim tərəfimdən deyilməsi nə qədər qəribə səslənsə də, mənim üçün heç bir şübhə yoxdur ki, müsəlmanlıq öz zahiri formalarına görə kilsə pravoslavlığından ölçüyəgəlməz dərəcədə üstündür. Əgər insanın qarşısında ya müsəlmanlığı, ya da kilsə pravoslavlığını seçmək kimi 2 seçim dayansaydı, istənilən dərrakəli insan şəkk etmədən müsəlmanlığı seçərdi-¦
O da maraqlıdır ki, Lev Tolstoyun bu məsləhəti ilə ailədə dərhal razılaşırlar. Boris adını dəyişib Fariz, Qleb isə Qalib edir. Onların sonrakı talelərinə gəlincə, Fariz mühəndis, Qalib isə hərbçi olur. 1937-ci ildə həbs olunurlar, Qalib güllələnir, Fariz isə Karaqandaya sürgün olunur və Bakıya yalnız 1956-cı ildə qayıdır.
Tolstoyun məktubu bütün bu illərdə ailədə əziz yadigar kimi saxlanılır və 1978-ci ildə yazıçının 150 illiyi qeyd edilərkən Fariz Vəkilovun ailəsi tərəfindən Lev Tolstoyun muzeyinə bağışlanır. Məktubun tam mətni həmin ildə də "Literaturnıy Azerbaydjan jurnalında dərc olunur.
***
Lev Tolstoyun yaradıcılığına Azərbaycanda diqqət 1880-cı illərdən başlayaraq güclənir. Hələ sağlığında yazıçınının dilimizə 110 məqalə və hekayəsi tərcümə olunaraq çap edilir. Bəs Tolstoyun özü necə, Azərbaycan haqqında nə bilirdi?
1880-cı ildə şair Afanasi Fetə yazdığı məktubunda yazıçı Azərbaycan şairi Mirzə Şəfi Vazehin şeirlərini oxuduğunu və yüksək qiymətləndirdiyini yazmışdı. 1 il sonra o, naşirlərə öz əsərlərini ondan icazə almadan da tərcümə və nəşr etmək icazəsini verən açıq məktubla müraciət etmiş və 1882-ci ildə onun ilk hekayələri dilimizə çevrilmişdi. Bunlar Tolstoyun "Əlifbasındakı hekayələr idi və Tiflisdə çıxan, kübar azəri məktəbləri üçün olan"Vətən dili kitabına salınmışdı.
1894-cü ildə Bakı rus-müsəlman məktəbinin direktoru Sultan Məcid Qənizadə yazıçının "Birinci araqçəkən komediyasını dilimizə çevirərək həvəskar səhnədə tamaşaya qoyur. Pyes böyük uğur qazanır, Tolstoyun icazəsi alınaraq ayrıca kitab kimi nəşr olunur. 1905-ci ilin dekabrında isə Zeynalabdin Tağıyevin teatrında "Zülmətin hakimiyyəti pyesi səhnələşdirilir, tamaşa 14 dəfə göstərilir (sonuncu dəfə - 1911-ci ilin dekabrında) və hər dəfə də bütöv anşlaq toplayır.
1902-ci ildə Lev Tolstoy tarixi "Hacı Murad povesti üzərində işləməyə başlayarkən Azərbaycanla yazışmalarını daha da genişləndirir. Onu Hacı Muradın son günlərini keçirdiyi yerlər - Nuxa (Şəki), Şin, Biləcik kəndlərinin təsvirləri, habelə Hacı Muradın zahiri görkəmi, vərdişləri, həyat tərzi ilə bağlı məlumatlar maraqlandırır. Bunun üçün Bakıdakı və Tiflisdəki tanışlarından hadisənin sağ qalmış şahidlərini tapıb onları sorğulamağı xahiş edir. Tədqiqatçı K.Semyonovun Sovet dövründə çap olunmuş "Tolstoy "Hacı Murad əsərini yazarkən kitabında yazıçının hadisələr baş verərkən (1852-ci ildə) Nuxanın qəza polis rəisi işləmiş İ.Korqanovun oğlu və dul qadını ilə məktublaşmaları yer alıb. Orada Tolstoyu həm də Nuxa şəhərindəki gündəlik həyat və şəhərin təsvirləri maraqlandırırdı.
Məsələn, polis rəisi Korqanovun oğlu İvan İosifoviçə (Hacı Murad qətlə yetirilərkən onun 10 yaşı olub) məktubunda Lev Tolstoy yazırdı:
"-¦Mənə Hacı Muradın Sizin evdə olduğu günlərin təfsilatını yaza bilərsizmi? Xüsusilə də o hadisələrdə iştirak etmiş şəxslərin, yəni Sizin atanızın, Hacı Murada təhkim olunmuş pristavın, Hacı Muradın və nökərlərinin zahiri görkəmi haqda təfsilatları xəbər verməyinizi rica edirəm-¦.
-¦ Hər ehtimala qarşı, bir neçə sualı yazıram və cavab versəniz də, verməsəniz də, Sizə minnətdaram:
1) Hacı Murad Nuxada ayrıca evdə, yoxsa Sizin atanızın evində yaşayırdı? Evin quruluşu.
2) Onun geyimi adi dağlıların geyimindən fərqlənirdimi?
3) Qaçdığı gün onun və nökərlərinin çiynində tüfəng vardımı?..
***
Yazıçının azəri ziyalıları ilə ünsiyyətinə dair çoxlu material Moskvada yaşayan alim, professor Svetlana Qasımovanın tədqiqat məqalələrində toplanıb. Məsələn, 1908-ci ildə Tolstoyun 80 illiyi ilə əlaqədar Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin jurnalının 11-ci sayında Azərbaycan ictimaiyyətini böyük yazıçının yubileyini bacardıqca geniş şəkildə qeyd etməyə çağıraraq Yasnaya Polyanaya çoxsaylı nümayəndə heyəti göndərməyi təklif edir. "Nicat cəmiyyətinin adından Lev Tolstoya təbrik teleqramı vurulur və mətndə yubileylə bağlı "Hərb və sülh romanının azəri dilinə tərcüməsinə başlanıldığı xəbəri verilir.
Yeri gəlmişkən, Cəlil Məmmədquluzadəyə Tolstoyun "Zora müqavimət göstərməmək təlimi çox yaxın idi, Həsən bəy Zərdabi və Nəriman Nərimanov isə yazıçının istedadı qarşısında baş əydiklərini söyləsələr də, bu təlimi səhv sayırdılar.
Lev Tolstoyun hələ sağlığında Azərbaycanda necə məşur olduğunu əks etdirən daha bir xarakterik misal: 1909-cu ildə "Zənbur ("Arı) satirik jurnalı yerli müsəlmanlar arasında geniş yayılmış soyuq silah kolleksiyaçılığını tənqid edərkən imkanlı şəxsləri pullarını silaha yox, Tolstoyun kitablarını almaq üçün xərcləməyə çağırırdı.
1906-cı ildə "Dəbistan jurnalında rus-müsəlman məktəbinin şagirdi (sonralar Azərbaycan SSR xalq artisti) Hacıağa Abbasovun tərcüməsində Tolstoyun "Allah həqiqəti görür-¦ hekayəsi çap olunur. Sonrakı il Hacıağa Abbasov direktoru Sultan Məcid Qənizadə ilə birlikdə Yasnaya Polyanada Tolstoya baş çəkir, hekayənin tərcüməsini yazıçıya təqdim edir, əvəzində isə Tolstoy ona "Hərb və sülh romanını bağışlayır. O ki qaldı Sultan Məcid Qənizadəyə, bu məşhur ziyalı 1886-cı ildən ta Tolstoyun vəfatına qədər 24 il ərzində yazıçı ilə məktublaşırdı və dəfələrlə Yasnaya Polyanada olmuşdu.
1908-ci ildə yazıçının yubileyi münasibətilə Bakı real məktəbinin 3 şagirdi - Şahbazov qardaşları və H.Əliyev yazıçının "İnsana çoxmu torpaq lazımdır? hekayəsini dilimizə çevirərək bu haqda Tolstoya məktub yazırlar. Məktubu Yasnaya Polyanaya yazıçını təbrik etmək üçün gəlmiş bir qrup ziyalı Tolstoya çatdırır.
***
Yasnaya Polyanadakı Tolstoy arxivində yazıçının Azərbaycandan aldığı çoxsaylı məktublar saxlanılır. Onları göndərənlər sırasında isə yalnız tanınmış ədəbiyyatçılar, publisistlər, müəllimlərin adına rast gəlinmir. Yaxud Tolstoyun məktublaşdığı azərilər təkcə güclü cinsin nümayəndələri olmayıb. Məsələn, arxivdə Bakıdan yazılan məktublar arasında qadınların da (N.Aslanova, K.Bayramova, M.Əliyeva və başqaları) məktubları var. Eyni zamanda, təkcə Bakıdan yox, Nuxa (Şəki) və Lənkərandan da Tolstoya məktublar gəlirdi.
Tolstoyun aldığı son məktublardan biri isə Nuxa sakini Qasım Bayramova məxsusdur. Məktub 1910-cu ilin 20 avqustunda yazılıb - Tolstoyun vəfatından 2 ay əvvəl. Məlum olduğu kimi, böyük yazıçı həmin il oktyabırn 28-də gizli şəkildə Yasnaya Polyananı tərk edib və noyabrın 7-də (təzə tarixlə 20 noyabr) Astapovo dəmiryol stansiyasının rəisi İ.Ozolinin evində dünyasını dəyişib.
Lev Tolstoyun dəfn günündə matəm tədbirləri Bakıda, Lənkəranda və Şəkidə də təşkil olunub. Şair Abbasağa Nazir onun ölümünə şeir yazıb. Cəlil Məmmədquluzadə isə bu kədərli xəbərlə bağlı "Molla Nəsrəddin jurnalında qeyd edib: "Artıq 60 ildir onun adını bütün bəşəriyyət sevgi ilə tələffüz edirdi-¦. Onun adı yazıçılarda, şairlərdə, jurnalistlərdə dərin hörmət doğurur-¦
faktor.az