Məhəlləsindən qızla keçən şəxsi qətlə yetirməkdə təqsirləndirilən Kamran Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayının 29-da Bakının Nərimanov rayonunda baş verib. Paytaxt sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Baş verən cinayət hadisəsilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində dərhal araşdırmalara başlanılıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü K.Həsənzadə saxlanılıb.

O, ilkin dindirilmə zamanı qətli qız üstündə törətdiyini bildirib. Belə ki, N.Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb, söhbət edib. Bu zaman K.Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı K.Həsənzadə bıçağa əl ataraq, cinayət törədib.