Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar işçi heyətə (kateqoriyalı sürücülərə, mütəxəssislərə, və s.) və sərnişin avtonəqliyyat vasitələrinin saxlanması, xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki müayinə olunması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsinə şəraiti olan şəxsi və ya icarəyə götürülmüş istehsalat bazasına malik olmalıdırlar.
Unikal.org xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) report.az daxil olan məlumata görə, bu, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində müntəzəm şəhərdaxili marşrutlar üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara ünvanladığı məlumatda bildirilir.
Bundan başqa, avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar onların sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücülərin reysqabağı tibbi müayinədən keçmələrini də təmin etməlidirlər.
Qeyd edilənlərin icra edilməsi məqsədilə müvafiq sənədlər, o cümlədən,istehsalat bazasının, qarajın şəkilləri 5 iş günü müddətində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim edilməlidir. Əks halda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi haqqında Əsasnamənin 3.0.8 bəndinə əsasən, barələrində zəruri tədbirlər görüləcək. Eyni zamanda, qayda pozuntuları mövcud olduğu halda, müntəzəm sərnişindaşımaların həyata keçirilməsi ilə əlaqədar müqavilə münasibətlərini ləğv etməklə, marşrut xəttindən kənarlaşdırılma məsələsinə baxılacaq.