ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 3+2 formatında - Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunur.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşün keçirilməsi barədə razılıq olsa, bu barədə məlumat veriləcək: "Hələlik belə bir görüşün keçirilməsinin mümkünlüyü müzakirə olunur".

Rusiya XİN sözçüsü rəsmi Moskvanın bu görüşə münasibətini də açıqlayıb: "Biz heç vaxt belə görüşlərin keçirilməsindən imtina etməmişik. Məsələ bu görüşün razılışdırılmasındadır. Əgər bu görüş razılışdırılsa, sözsüz ki, biz, bu görüşdə işitrak edəcəyik və əlimizdən gələni edəcəyik ki, görüş konstruktiv və effektli olsun. Hərənin öz qrafiki və gündəmi var. Elə etmək lazımdır ki, bu görüş, əgər baş tutacaqsa, tam olsun. Hazırda görüşlə ekspertlər məğul olur".

Hamburqda Rusiya və Azərbaycan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyinə də toxunan M. Zaxarova bildirib ki, hazırda belə görüşün keçiriləcəyi barədə məlumatı yoxdur: "Lakin bildiyiniz kimi, bu cür böyük forum çərçivəsində çoxlu sayda kontaktlar olur. Vacib olsa və vaxt imkan versə, bu görüşün keçirilməsi istisna deyil".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.