Unikal.org-un "İş və şəxsi həyat" rubrikasının budəfəki qonağı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucdur. Millət vəkili geniş müsahibəsində iş və şəxsi həyatı ilə bağlı maraqlı məqamları bölüşüb.

-İstərdim ilk olaraq, bu mərhələyə gəlib çatdığınız yola qısa nəzər salaq...

-Uşaqlığmız, tələbəliyimiz çox fəal və kordinal dəyişikliklər dövrünə düşüb. Ən passiv naturaya malik insanları belə o dövr işlədirdi, fərdi həyatından çıxarıb milli proseslərə qoşurdu. Biz əslində, böyük bir imperiyanın, dünyaya hegemonluq edən Sovet imperiyasının balaları idik. Qayğısız bir həyat yaşayırdıq. Bu kontekstdə pionerliyə, komsomola gələn yolumuzun üstündə hər şey birdən-birə dəyişdi. 1989-cu il bütün ittifaq miqyasında kəskin yeniləşmə, intibah və milli özünüdərk baş verdi. Artıq ənənəvi ideoloji sistemin çökdüyünü biz də ucqarlarda hiss etməyə başlayırdıq. Ona görə də tələbəliyimizin etnik-milli müharibələr və azadlıq uğrunda mübarizələrlə yadda qalıb. Təəssüf ki, Azərbaycan Sovetlər birliyinin dağılmasının ən böyük ağrısını yaşadı. Ona görə də o dövrün adamları öz şəxsi həyatlarını yaşaya bilmədilər. 90-cı illər nəslinin bir nümayəndəsini dinləməklə digərlərinin ömür yolu haqqında tam təsəvvür əldə etmək olur. Çünki son dərəcə oxşardır. Diqqət etsəniz, görəcəksiniz ki, getdikləri meydan aksiyalarının bir tərəfində dayanan bizim həmyaşıdlar olub, yaxud sovet rəhbərlərinə savaşları fərqli səviyyədə də getsə də hamısını əhatə eləyib. O üzdən fiziki olaraq həyatını şəhidliklə tamamlayan da, bu gün sağ-salamat qalan da, ömrünün böyük hissəsini milli mübarizəyə verənlər də oldu.

Mən də çox aktiv tələbə olmuşam və söhbət təkcə elmi biliklərin mənimsənilməsində öndə olmaqdan getmir.Texniki Universitetinin bütün müəllim heyəti, tələbə ordusu sovetizmə qarşı mübarizənin mühüm dayağı idi. Hərəkat tələbələrin çiynində irəliləyirdi. Bir çağırış yetərliydi ki, auditoriyadan çıxıb siyasi barrikadalara yol düşək. O vaxtkı aksiyalarda biz Vətən, tarix, milli özünüdərk dərslərini alırdıq. Bununla bərabər kitabdan, təhsildən, elmdən bir an belə uzaqlaşmadıq. Gözümün işığı, bütün fiziki varlığım kitabların əhatəsində keçdi. Texniki Universitetin yaxşı oxuyan 2-3 tələbəsindən biri olmuşam. Sonra da siyasi həyat hamımızı öz ağuşuna aldı.

-Deputat olmaq istəyiniz nə zaman yarandı?

-Heç kim doğularkən belə bir missiya sahibi olacağını düşünə bilmir. İndi öz keçmiş həyatını da mifləşdirən, ideallaşdıran insanlara rast gəlirsən. Reallıq ondan ibarət olub ki, ailə içərisində mənə yanaşma fərqli idi. 4 övladın arasında ən yaxşı mən oxumuşam. Bəslənmə mühiti, himayədarlıq, hər zaman öyülmə, önə çıxarılma, müəyyən fiziki işlərdən kənarda saxlanma fonunda özümü müəyyən bir "vəzifədə hiss etmişəm. Sən fərqləndirildiyini duyursansa, artıq üstünlük qazandığını hiss edirsən. Sinif yoldaşlarım deyirlər ki, biz sənin uğur əldə edəcəyinə əmin idik. Universitet müəllimlərimlə təsadüfən hansısa tədbirdə üz-üzə gələrkən, onlar da eyni fikri bölüşürlər. Əlbəttə, belə rəyləri qazanmaq daimi mütaliə və zəhmətə verilən dəyər anlamında qəbul olunmalıdır və hər zaman bizi məsuliyyətimizi artırmağa sövq edir. Şairliyə, poeziyaya bağlılıq insanın natural halıdır. Siyasi düşüncələr, milli məsələlər, tarix, ideallar, dövlətçilik problemləri və s. bu ruhu da biz yaşadıq. Bundan kənarda özümü hiss etmirdim. Həyatımız sonra partiyalı bir statusla davam elədi. Onun yekunu parlament üzvlüyünə gəlib çatdı. Mənim deputatlığım Ulu öndərin qərarı, seçimi ilə bağlı idi.


-Sizə dost, yaxın olaraq kim dəstək oldu?

-Bilirsiniz ki, o dövr Azərbaycanın həyatında yeni quruculuq, sabitləşmə, dövlətin oturuşması, Qarabağ müharibəsinin vurduğu bəlaların qismən azaldılması, dövlətin normal relslərə keçid dövrü idi. Əslində, indi biz qeyri-siyasi söhbət etməliyik. Suallarınızın xarakteri elədi ki, istər-istəməz biz onlardan misal gətirməli oluruq. O dönəmdə kimsə dövlətçilik mövqeyini göstərirsə, hansı partiyada olmasından asılı olmayaraq, Heydər Əliyev onlara dəyər verirdi, etimad göstərirdi, önə çıxarırdı, üzərlərinə məsuliyyət qoyurdu. Mənim taleyimdə Heydər Əliyev kimi nəhəng insanın qərarı və seçimi böyük rol oynadı. Lakin bundan sonrakı hissəsi sənə dövlətdən, mənsub olduğum Ana Vətən Partiyasının dəstəyindən və mübarizə apardığın məkanda özünün səriştəndən, qabiliyyətdən asılı idi. Bərdə asan bölgə deyil. Qarabağ müharibəsinin ən böyük ağrılarını daşıyan rayonlardan biridir. Köçkünlərin sayına görə Quba, Qusar və digər dağ regionumuzla müqayisə oluna bilməz. Çünki burada insanlar gəlib məskunlaşdılar və istər-istəməz iqtisadi-sosial mühitə də təsir etdilər. Mən kənardan gələn bir şəxs olaraq bir çoxları üçün yad cisim kimi görünürdüm. Tez-tez onlara söyləyirdim ki, müharibə zamanı biz insanların pasportuna baxıb cəbhəyə göndərmirdik axı. Yaxud, ermənilər bizə güllə atanda şəmkirli, biləsuvarlı, bərdəlimi kimi qətlə yetirmək istəyirdi? Hamımız bir millətin övladı idik. Deyirdim ki, kim Bərdəyə yaxşı qulluq edəcəksə, siz onu öz övladınız sayın. Bax belə siyasi mübarizə meydanına çıxdıq. Bizə dəstək verən çoxlu insanlar vardı. Süngü ilə üstümüzə gələn, bəyənməyənləri də çox anlayışla qarşılayırdıq. Hər kəsin maraqları var və mənafe uğrunda çəkişməni qəbul etməlisən. Onlar da seçilmək istəyirdilər. O dövrdə əleyhimizə olanların 100 faizi sonra bizim camaat qarşısındakı xidmətlərimizə rəğmən, mandatımızı yanacaqdoldurma məntəqlərinə və digər sahələrə yönəltməməyizi görüb, bizim tərəfdarlarımıza çevrildilər.

-İstərdim harada doğulmağınız, böyüyüb boya-başa çatmağınız barədə danışasınız...

-Mən Gədəbəy rayonunun Əli İsmayıl kəndinə 1949-cu ildə Ermənistanın Basarkeçər rayonunun Yarpızlı kəndindən deportasiya olunmuş azərbacanlılardan birinin ailəsində dünyaya göz açmışam. Onlar Əli İsmayıl kəndində sayca 14 ailə idilər. İlk dövrdə biz kənardan gəldiyimizi hiss edirdik. Gözümü açandan nənəm Göyçə, Yarpızlı kəndinin coğrafiyası, ermənilərlə tarixi savaş, Gədəbəydə məskunlaşdığımız ərazinin tarixçəsi, keçmişin problemləri, müharibə və.s-dən bəhs edirdi. Valideyinlərimin hər iksi göyçəlidirlər. Hər ikisi sadə əliqabarlı insanlardılar. Kolxozçu idilər. Gözümü açandan onları təsərrüfatda gördüm. Əllərinin zəhməti ilə bizi böyütdülər. Atam və anam heç biri ali təhsil almayıb. Ailədə 4 övlad-3 qardaş, bir bacı olmuşuq. Qardaşlarımın hər ikisi Gədəbəydə yaşamaqda davam edirlər. Bacım Şəmkirə köçüb. Evdə təkcə mən ali təhsil aldım. Səbəbi bəlkə də anamla bağlıdır. Nədənsə o dövrün insanlarında "yaxşı oxu, get professor ol kimi psixologiya var idi. Ağır kənd əməyinə qatlaşan və özlərinin qəribə fəhmi, dəmir həyat məntiqləri ilə dünyaya baxan o adamlar təsərrüfatda bellə, yaba ilə çalışanda heç bilmirdilər ki, professorluq nədir. Şura dövrünün üstün keyfiyyəti, statusu alim olmaq, ziyalılıq, mütləq təhsil almaqdan keçirdi. Valideyinlərim mənə bir növ xilas yolu kimi də baxırdılar. Ona görə bir misqal uğur qazanmışıqsa,onu anamın qəzəbi, tələbkarlığı, hətta bəzən qəddarlığı ilə əlaqələndirirəm.


-Dəfələrlə hanısa rayonda problem olanda insanlar deyib ki, Zahid Oruc və ya Qənirə xanım olsaydı məsələ həllini tapardı. Bu nə ilə bağlıdır?

-Dövlət və cəmiyyət ona etibar edibsə, həmin vəzifə dövrünü başqasını əzmək, var dövlət, uca divarlar qaldırmağa deyil, insanlara xidmət üçün istifadə etməlidir. Dünyanı balans qanunu idarə edir. Enerjinin itməməsi düsturu dünyəvi xarakter daşıdığı kimi yaxşılığın itməməsi qanunu da var. Mənim formulum budur: nə qədər yaxşı işlər görəcəksənsə, bir o qədər qapılar üzünə açılacaq. İstər real, istər ilahi. Mən təmsil etdiyim bölgədən 10 nəfərdən 5-i narazı qalırsa, digər 5 nəfər deyir ki, "axı o çalışır. Həmkarlarım arasında istər beynəlxalq məkanda, istərsə də real ərazilərdə bütün varlığı ilə az deyil. Mənə görə onlar ilk növbədə özlərinə hörmət edirlər. Doğrudur, "yaxşı adam olmaq insana baha başa gəlir. Kimlərinsə hədəfinə çevrilirsən. Arzu etmədiyin informasiya axınları üzərinə gəlir. Çünki uğur çox vaxt səni arzuolunmaza da çevirə bilir.

-Millət vəkillərindən ən yaxın dostunuz və dostlarınız kimdir?

-Bu sualı ötən 10 illərdə mənə çox veriblər. Dəyər verdiyim həmkarlarım çoxdur. Bəziləri tribunanı aktiv şəkildə işlədənlərdir. Onları Siz də tanıyırsınız, dəyər verirsiniz, əliniz çatır. Bir qisminin həyat profili, fəaliyyət istiqaməti, özünü cəmiyyətə reallaşdırmaq tərzi ayrıdır. Ona da hörmətlə yanaşmaq lazımdır. Elə insanların da özlərinə məxsus baxışları, dünyaları, millətə və millətin həyatına bağlı işləri var. Həmin insanlaırn bir qismi ilə gediş gəlişimiz olur. Ad çəkmək istəmirəm. Görüşürük, çay süfrəsində oluruq.

-Ölkə başçısı vəzifə versə gedərsiniz?

-Təbii ki, gedərəm. Bu dövlət başçısının seçimi olar. Biz zaman-zaman bu komandanın içərisindəyik. Fəaliyyətimizi ölkə rəhbərinin istəyi, tapşırığı, seçimi əsasında qurmuşuq. Lakin xüsusi bir iddialarla da yaşamıram.

-Deputat olub sonradan icra başçısı təyin edilən insanlarla dostluq edirsinizmi?

-Bir qismi ilə münasibətim var. İçərisində yaxşı işləyəni, qüsurlu fəaliyyəti olanı da var. Başlıcası odur ki, ölkə rəhbəri etimad göstəribsə, get tarix yarat, iz qoy, millətin sevimlisinə çevril.

-İcra başçısı olsanız ilk addımınız nə olar?

-Bu barədə düşünməmişəm. Doğrusu o sistemdə özümü görməmişəm. İdarəetmənin mühüm tələbləri var. Sən elə nümunələr yaratmalısan ki, insanlardakı qurucu enerjini, təşəbbüskarlığı və səfərbərliyi stimullaşdıra biləsən. İkinci yaxşı komanda yaratmalısan, güclü təşkilatçı olmalısan, menecerlik qabiliyyətinə yiyələnməlisən, informasiyanı cəmiyyətdən əsirgəməməlisən, tamahını idarə etməyi bacarmalısan, çevrəndəki yaxın qohum əqrabaya "dur deməyi bacarmalısan.

-Jurnalist olsaydınız ən çox hansı sahədən yazardınız?

-Mənim aləmimdə ölkənin siyasi fikir mühitində həm beynəlxalq məsələlərə diqqət azalıb, baş verən hadisələrə münasibət öz yerini dedi-qodulara verib. Axırıncı dəfə büdcə müzakirələrində Ulu öndərdən bir nümunə gətirdim. Heydər Əliyev Klivlendən qayıdandan sonra nazirləri yanına çağırıb deyir ki, müxtəlif iqtisadi məslələrlə bağlı cəmiyyətdə bədgümanlıq var. Nə üçün bu məsələlərin ictimaiyyətə izah olunmadığını soruşur. Maliyyə naziri beş gün ardıcıl efir məkanında olandan sonra Ulu öndərdən zəng alır ki, verdiyiniz mesajlar cəmiyyətə çatdı. Dediyim odur ki, Heydər Əliyev kimi böyük insan cəmiyyət məlumatlansın deyə, informasiyaya, məlumata birinci yer verirdi. Bir neçə gün əvvəl Xəzər dənizində neftçilərin həyatı ilə bağlı ağır faciə yaşadıq. O qədər səlahiyyətli şəxslər olduğu halda niyə "Azneftin baş mühəndisi efirə çıxdığınını başa düşmək olmur. Hadisəyə adekvat ranqda və məsuliyyətdə davranış göstərəndə böhran menecerliyi işə yarayır, ya da, əksinə.

Qısa olaraq qeyd edim ki, jurnalist olsaydım hazırlayacağım xəbərlər mötəbərliyi, siyasiliyi ilə seçilərdi. Dövlət həyatına bağlanardı, beynəlxalq məkanın və geopolitikanın predmeti ilə əlaqəli olardı.

-Partiya yaratmaq istəyərdinizmi?

-Xeyr.

-Fəzail Ağamalı ilə münasibəiniz necədir?

-Mənim taleyimdə rol oynayan, ən kiçik xidməti olan heç kəsi unutmamışam. Heç kimə kin-küdurətlə yanaşmıram. Fəzail müəllimlə də münəsibətimiz o səviyyədədir. Tərcümeyi halımın hər səhifəsini mənə doğmadır.Biz ilk siyasi partiya quruculuğunda olanlar əli qələmli fəhlələr idik. Ayrı bir mənfəət uğrunda davamız olmayıb. Partiyanın haqqı da kim tərəfindən təsis olunubsa onundur. Güclü partiyanın lideri olaraq ölkə rəhbərini qəbul edirsənsə, o kursu dəstəkləyirsənsə, bunun kənarında başqa partiya yaratmağı düzgün saymıram.

-YAP-dan hansısa yüksək posta təyinatla bağlı təklif gələrsə, qəbul edərsinizmi?

-Gözləniləməz sualdır. Təbii ki, dövlətin, hakim partiyanın təklifini hər zaman dəyərləndirməyə hazıram. Amma hazırki profildə, statusda dövlətimə, millətimə müstəqil bir parlamentari kimi xidmət etməyə çalışıram. Deyirlər, bir nəfər meydanda döyüşçü deyil. Ancaq məncə döyüşçüdür.

-Sayt açmaq fikiniz olub?

-Açığı 2013-cü ildən sonra partiya quruculuğu, beyin mərkəzi, siyasi analitik institutlar və s. hazırlığı ilə bağlı yüzə qədər təklif almışdım. Çoxları indi də həmin yöndə düşüncələri ilə yanımıza gəlirlər. Ancaq planlarım başqadır. Sayt açmaq kimi işləri keçilmiş mərhələ sayıram.

İKİ EVİM ƏLİMDƏN ALINIB, 5 İLDİR ATA EVİNƏ GEDƏ BİLMİRƏM, UZUN İLLƏR XANIMIMA MANEƏ OLMUŞAM


-Zahid bəy, keçək şəxsi həyatınıza. Bu barədə sizə sual ünvanlamaq istəyirəm.

-Buyurun

-Nə zaman ailə qurmusunuz?

-Həyatdakı tərəf müqabilim tələbə yoldaşımdır. O vaxt obrazlı söyləmişdim ki, diplom işini yazdığım insanın taleyini Allah mənə yazdı. Həqiqətən qrupda fərqlənmək o demək idi ki, tələbə yoldaşlarımızın böyük hissəsinin kurs işlərinə, imtahan hazırlıqlarına yardımçı olurduq. Hərdən soruşurlar ki, bunu pulla edirdiniz? Cavab verirəm ki, heç zaman elə olmayıb. Biz qrup yoldaşı, bəzən eyni partanı bölüşmüşük. Mən oradan bəyənib seçmişəm, sevgi ilə ailə qurmuşam. İki övladım var. Bir oğlan, bir qız. Oğlum xaricdə oxuyur. O da yolunu özü seçib. Mən çalışmışam ki, kölgəmiz onların üzərinə düşüb zədələnməsinlər. Ailə uşağı, ev uşağı, bəslənən, himayə altında qalan uşaq olmasınlar. Gördüyünüz kimi kənd uşaqları mərd, mübariz olurlar. Qızım hələ ki, 10-cu sinifdə oxuyur. Öz üzərində çalışır.

-Neçənci ildə universitetə qəbul olundunuz? Kirayədə qaldınız yoxsa...

-1989-cu ildə universitetə qəbul oldum. Çox qəribə həyatdır. İki dəfə valideyinlərimizin əlinin qabarı, zəhməti ilə başa gəlmiş vəsaitləri ilə kimlərinsə adına ev aldıq. Tanıdığımz insanlar idi. İş elə gətirdi ki, o evi sonradan mənim əlimdən aldılar.

-Kimlər aldı?

-Bunu istəməzdim konkretləşdirim. O adamlar bu məsələdə yanlışlığa yol verdilər. Pislik bizim üçün yaxşılığa çevrildi. Sonradan ikinci evi aldım. Təbii ki, hər ikisi Sabunçu rayonu ərazisində idi. O evdə də qalmaq mənə qismət olmadı. Ora göz dikənlər bizə başqa ev tikməyə sanki "kömək etdilər. Üçüncü dəfə Texniki Universitetinin gözəl tələbə yataqxanasının qaynar mühitinə köçdüm. Onda tək idim. Çox fərqli zamanlar, unudulmaz illər idi. Hər birimizin tikəsini yarı böldüyü, oxuyan tələbinin özünə mövqe qazandığı, öyüldüyü, hörmət edildiyi zaman idi. Mənfətpərəstlikdən kiminsə ağlına gəlmirdi. Bir söz var, altruizm-yəni, təmənnasızlıq. O illər yadıma düşəndə həqiqətən hamı kimi o keçmişimiz üçün nostalji hisslərini tez-tez yaşayıram.


-Evləri nə üçün əlinizdən aldılar?

-O zaman Bakıda qeydiyyat məsləsi çox çətin idi. Mütləq kimisə tapmalı, onun üzərinə qeydiyyata düşməliydin. Yalnız odan sonra mülkiyyət uğrunda vuruşa bilərdin. İş elə gətirdi ki, o insanlar bizim mənəvi müqaviləmizi pozdular.

-Qohum idilərmi?

-Xeyir. Qohum deyildilər. Lakin o hadisələrə bir daha dönmək istəmirəm. Ruh halımıza kömək edən işlərdən danışaq. Onsuz da kiməsə kin, küdurət bəsləmədik. Nifrət nəinki psixoloji yükdür, eləcə də adamın qaracəyirəni sıradan çıxarır. Ona görə keçmişinlə savaşmamalı, dünənki gününlə istehkam qurmamalısan. Onsuz da haqsızlıqdan fayda götürməyin sonu olmur.İlahi qanunauyğunluq işləyir.Hətta ateistlər üçün də belədir.

-Siz, müsahibənizin əvvəlində 2 qardaş və bir bacınızın olduğunu dediniz. Ümumiyyətlə, onlara köməkliyiniz dəyirmi?

-Biz Şərq mentallıyıq. Bir az da bu məsələnin mifoloji, İlahi tərəfini götürürük ki, Tanrı seçim edir, ailənin içərisindən kimisə irəli çıxarır, missiyanı da onun üzərinə qoyur. Tələbəliyimdən bu yana həmin tapşırıqlar altında olmuşam. Çox yaxşı xatırlayıram ki, aldığım təqaüdün kiçik bir hissəsini evimizə kömək edirdim. Parlament üzvlüyü gerçəkləşəndən sonra, ilkin illərdə yaxınlarım sadəcə, buna mənən sevinmək, fəxarət hissi keçirməklə qane olurdular. Amma sonra görürsən ki, sənin ekrandakı obrazını, çıxışını, fikrini, mediadakı müsahibəni götürüb qazanda qaynada bilmirlər. Bir müdət sonra real qayğılar başlayır. Onlar yaxşı bilirlər ki, mən daha çox el üçün doğulmuşam. Ailə üzvlərimdən bəzən deyirlər ki, sən daha çox o insanlar üçün varsan, mövcudluğun xalqa xidmət üçündür, hərdən bizi də yada sal. Analar güclü övladlarını çox istəyirlər. El qaydasında da onun başına and içirlər. Bu mənada qadaşlarımı və bacımı əvəz etmək mümkün deyil. Onlar torpaqda, təsərrüfat işində süfrəmizə gələn azuqələrdə indi də əvəzolunmazdılar. Mənim üzərimə düşən işlər var və onların haqqlarının, hüquqlarının müdafiəsidir və s. Atamızı erkən itirmişik. Hətta sağ olsaydı da, o məndən vəzifə və pul tələb edəsi deyildi. Çox səda adam idi.

-Qardaşlarınıza hər hansı bir şəkildə dəstək olursunuzmu?

-Biri poçt xidmətində işləyir. O biri Dairə Seçki Komissiyasında çalışır. Bacım evdar xanım. Amma hər üçü kifayət qədər bacarıqlıdırlar. Əgər bizim evimizə kənd məhsulları gəlirsə, yaxud o biri qohumlardan hər zaman sovqat göndərilirsə, onları varımdan, dövlətimdən üstün yerə qoyuram.

-Bəs, ata evinizə gedirsinizmi?

-Ata evimiz durur. Mən oranı əziz bilirəm. Ancaq 5 ildir ki, gedə bilmirəm. Onlar məni gözləyirlər. Anam hərdən bizə gəlir. Bu il Yeni İli ata evimdə keçirməyi planlaşdırıram. Siz sualı mənə 15 gündən sonra versəydiniz, mən deyəcəkdim bəli getmişəm və Yeni ili anamla keçirmişik.

-Bəlkə, qohum-əqrabanız arasında nəsə problemlər var?

-(Gülür-red) Xeyr. Qətiyyən elə deyil. Allaha şükür hər bir qohumla münasibətlər normaldır. İmkanları da normal yaşamaq həddindədir.

-Oğlunuz harada oxuyur?

-Oğlum Böyük Britaniyada təhsil alır. Maliyyə-bank, menecment sahəsini seçib.

-Ona maddi köməklik edirsinizmi?

-Özümə qalsaydı, mən dedyiniz yardımı daim edə bilməzdim. Dövlət hesabına təhsil layihəsi minlərlə gəncimizin dünyaya və qabaqcıl elm məbədlərinə yollarını açıb. Hər zaman oğluma deyirəm ki, elmli olmaq, uğur qazanmaq, böyük məqsədlər və ideallar naminə yaşamaq çox gözəldir. Çünki ata və ana güc ilə əldə olunmur. Onlar bir anın içində həyatda olmaya bilər. İnsanın başqası üzərində üstünlük qazana biləcəyi yeganə vasitə elmdir. Ona görə də o, çərçivəli bir həyatı yaşayır. Hər zaman özünə deyirəm ki, təqaüddən kənar pul umsan, mən öz maaşımdan ayırmalı olacağam. O da bunu bildiyi üçün bəlli bir seçim edib. Axı bizim büdcəmizə müftə pullar gəlmir.

-Şəxsi həyatınıza vaxt ayıra bilirsinizmi?

-Evin ağırlığı yoldaşımın üzərindədir. Daxili işlərdə xəyali, ruhi və mənəvi müqavilə imzalanıb. Öhdəliklərimizi qeyri-rəsmi olaraq bölüşmüşük. Təbii ki, əsas qərarlar mənim üzərimizdə olur. Lakin diktatorluqdan, avtoritarlıqdan söhbət gedə bilməz. Mənim aləmimdə ən güclü qadın yaxşı mənada zəif və zərif qadındır. Kişi güclü olanda ailənin harmoniyasını təmin etmək daha asan olur. Patriarxallıqdan danışmıram. Söhbət kişi gücündən gedirsə, biz Şərq modelindən kənara çıxa bilmirik. Qadın at belində də kişidən önə keçəndə, cəmiyyətə balans pozulmuş görünür. Tarixdə də belə olub. Müsəlman aləmində, Şərq ölkələrində deyirlər ki, qadın ev əşyasıdır, alətdir, kişinin qabırğasının bir elementidir. Onunla razılaşmıram. İstər Quranda, istərsə də bizim miflərimizdə qadına yüksək dəyər verilib. Bu cəhətdən mən deyirəm ki, qadın kişinin gücünü zəiflədən, özünü daha çox qabardan, öndə tutan varlıq kimi görünməməlidir.

-Xanımınız hansı sahədə çalışır?

-Uzun illər ona maneə olmuşam. Biz tələbə yoldaşı olmağımıza baxmayaraq, onun işləməsini istəməmişəm. Sonrakı dövrdə normal düstur tapmışıq. Kitabxanaçılıq sahəsində, lakin elektron texnikası üzrə çalışır.

-Gündəlik iş rejiminiz necədir?

-Sualnıza cavab vermək üçün bir çox xalqların qədimdəki ənənəsindən danışmaq istəyirəm. Əslində, sutkanın üçdə biri, deməli 60 yaşlı adamın 20 ili yuxuda keçir. Digər hissəsi şirin və bir az da dərkolunmaz uşaqlıq. Sonra qayanar gəncliyin səhvləri və macərası. Soyuq ağılla yaşanan dövr qalır 5-6 il. O üzdən siyasi işlərimiz və ictimai missiyamıza görə təmsil etdiyimiz bölgəmizə getməli, yaxud burada aktiv bir rejimdə çalışmalı oluruq. Qeyd etməliyəm ki, bərdəlilərə imam camaatı deyənlər haqlıdırlar. Sənə ən problemli hallarında belə anlayış və hörmət göstərəcəklər. Ötən illər ərzində rayonun 100-dən artıq kəndi dövlətimizin hesabına mavi yanacaqla təmin olunub. Ondan başqa qarşındakı tribunanı canlı etmək, ölkənin və dünyanın həyatı ilə bağlı düşüncələrini bölüşmək çox vacib bir vəzifədir. Əlbəttə, səhvlər olanda onu islah etməyə çalışırsan, çünki özünə qarşı qəddar olmalısan, bir müddət sonra mənəvi inkişafdan qalacaqsan. Açığı desəm, kitablar ən böyük sərvətdir. Çünki yaxşı yol yoldaşlarıdır, sevgi ünvanıdır, dostdur, tərəf müqabilidir, sirdaşdır, həmsöhbətdir. Mənim ən çox şikayət etdiyim gözlərimdir. Çünki tab gətirmirlər. Artıq eynək yol yoldaşımdır.

-Kreditiniz varmı?

-Heç zaman kredit götürməmişəm. Deputatlığımın ilk aylarında qısamüddətli olub. Məbləğ də 2000 manatdan çox deyildi. Mənə evi dövlət başçısı verib. 15 ildir parlament üzvü olmaq müəyən üstünlüklər qazandırır. Başqasının pulla aldığını sən bəzən statusunla həll edə bilirsən. Marketlərim və biznes fəaliyyətim yoxdur. Prezidentliyə namizədlik dövründə Mərkəzi Seçki Komissiyasına gəlirlərimizin deklorasiyasını təqdim etmişdik. MSK rəhbərliyi çıxışında "nəyi var, hamısını qeyd edənlər sırasında adımı çəkmişdi.

-Deputat maaşınız yaşamağa bəs, edirmi?

- Amid bəy, son vaxtlar həmkarlarımızın açıqlamaları cəmiyyətdə müəyyən reaksiyalar doğrurur. Vətəndaşla məmur arasında yaşam fərqi böyük olanda mütləq səni hədəfə çevirəcəklər. Sən intiqam, qisas üçün subyekt olacaqsan. Hərçənd qətiyyən varlılara və vara düşmən münasibəti qəbul edilə bilməz. Bolşevizm böyük təhlükədir. Ona görə balansı qoruyub saxlamalısan. Bu gün həkimlərin, müəllimlərin maaşı orta aylıq əmək haqqının səviyyəsindədirsə, bizim 2000 manatdan şikayət etməyə haqqımız yoxdur. Hər zaman insanlara deyirəm ki, hansısa dövlət orqanında hüququnuz pozulubsa, yanınızdayam. Amma dünyada bütün məsələlərin maddi olaraq həlli mexanizmi yoxdur.

-İşlərdən yorulduğunuz anlar olurmu?

-Heç zaman. 10 illərlə fasiləsiz iş rejimində çalışmışam. Yay tətili dövründə göndərişlərimizi ya həmkarlar, ya da digər əməkdaşlar istifadə edirdilər. Yalnız 2010-cu ildən dincəlməyə başladım. Onda dərk etdik ki, insanın fiziki ömrünün də limiti, konkret həddi var. Yaxşı istirahət etmədən çalışmaq çox çətindir. Proseslər cəmiyyət üçün yaxşı məcrada inkişaf edəndə, aktiv parlament mühiti formalaşanda, sən yaşayırsan, özünü yenidən doğulmuş hiss edirsən. Heç kəs bizi vadar edib məqalə, siyasi təhlillər tələb etmir. İçimizdən gələn məsələni gerçəkləşdiririk. Lakin cəmiyyətin istəkləri var. Ona görə idmana, yaxud başqa hobbilərə vaxt az qalır.


-Az vaxt ayırdığınız üçün evdə narazılıq yaranmır ki?

-Xeyr. Onlar bunu belə qəbul ediblər.

-Geyimlərinizi necə alırsınız? Brend mağazalardan yoxsa...

-Hər kəsin şəxsi zövqü var. Ona zorla nəyisə geyindirmək mümkün deyil. Bununla bağlı xüsusi kaprizlərim, xüsusi brendlərə aludəçiliyim yoxdur. Ancaq imkanlarımızın yol verdiyi çərçivədə geyinirəm. Səfərlərdə olarkən seçim edirəm.

-Nə zamansa işlərinizdən ayrılmağı, bir kənara çəkilməyi düşünürsünüzmü?

-Əlbəttə. İnsan fərqindədir ki, o ömrü boyu məmur, deputat olmaq üçün doğulmayıb. Həyatını sadə, sıravi şəkildə davam etdirəcəyi ömrünün ahıllıq, qocalıq və.s kimi mərhələləri də var. Mənəvi, ruhi olaraq yalnız bir işə köklənmək səviyyəsində deyiləm.

-Haradasa yaşamaq kimi bir istəyiniz varmı?

-Torpaqda yaşamaq hər zaman istəyim olub. Allah dünyanı 4 ünsürün - hava, su, torpaq, odun üzərində qurub. Həyatımızın orada başlayır və sona çatır. Biz bina evində yaşayırıq. Doğrudur, artıq kəndə dönüb yaşamaq çətindir, çünki dinamik bir ömür tsikli seçmişik.

-Həccə getmək barədə düşünürsünüzmü?

-Allah adamıyam. İçimdə dəqiq bir inanclar sistemi var. Dinə baxışım zaman-zaman daha da təkmilləşir. Kamillik yolunda son nöqtəyə çata bilməzsən, amma fatalist deyiləm. İnsanlar dinə bağlılıqlarını, etiqadlarını da kollektiv ağlın məshulu kimi seçiblər. Elə bilirəm bəzən özlərini başqalarına təqdim edirlər. Allaha inam fərdi inanc hadisəsidir. Sənin namaz qılmağın, oruc tutmağın, həccə getməyin reklam məhsulu deyil. Hacılıq titul, status ola bilməz. Hərdən deyirəm ki, ölkədə namaz qılan və oruc tutanlar artırsa, iman-mürvət də artmalıdır. Nəcib Fazilin belə bir deyimi var: "Namaz məsciddən çıxınca, həcc Məkkədən dönüncə, oruc Ramazan bitincə başlar. Ancaq bizə belə gəlir ki, orucluq yalnız Ramazan ayındadır. Sən kimsəsizə əl tutmursansa, birinin haqqına girirsənsə, sənin Məkkəyə gedib gəlməyinlə Berlinə ziyarət etməyinin arasında heç bir fərq yoxdur.

-Nazir, dostlarınız varmı?

-Dostluq fərqli kateqoriyadır. Lakin yüksək dəyər verdiyim və ehtiram göstərdiyim nazir, yaxud məmurlar var. Onlarla ünsiyyət yaxşı siyasi və idaəetmə məktəbi deməkdir. O üzdən, hansı məqamda dayanmaq deyil, başlıcası, millətə və lider kimi arxasınca getdiyin şəxsə ardıcıl, əxlaqlı və ədalətli xidmət etməyi bacarmalısan. Görün, tarixdə nə qədər rəhbərlər olub. Lakin zamanın yaddaşında qalanlar çox deyil. Ulu öndər Şəkidə təsadüfi demirdi ki, körpünü onun adına rəsmiləşdirməyə qərar verməyəcək. Çünki camaat nə deyirsə, qalıcı və əbədi olan da o olur!

Söhbətləşdi: Amid Əyyuboğlu