Türkiyənin Giresun Universitetində yeni rektoru müəyyən etmək üçün seçki keçirilib. 10 namizədin yarışdığı seçkidə hazırkı rektor Prof. Dr. Aygün Attar rekord nəticə ilə birinci yeri tutub. Seçkidə 260 səs toplayan Prof. Dr. Aygün Attarın əsas rəqibi kimi təqdim olunan Prof. Dr. Cevdet Coşkun isə sadəcə 103 səs toplaya bilib. Üçüncü yerin müəllifi Prof. Dr. Edip Özer 8, dördüncü yerin müəllifi Prof. Dr. Ali Ömer Üçler isə 4 səs toplayıblar. Digər namizədlər sadəcə 1 səs toplaya biliblər.

Unikal.org saytı Turkustan.info-ya istinadən xəbər verir ki, Prof. Dr. Aygün Attar əslən Azərbaycanlıdır. Qardaş Türkiyəyə SSRİ-nin dağılma mərhələsində ilk gedən Azərbaycanlılardan biridir. Qarabağ bölgəmizdən olan xanım rektor Türkiyədə istər elmi fəaliyyətlərində, istərsə də rektorluğu dövründə ciddi uğurlara imza atıb. Qarabağ problemi və uydurma Erməni iddialarıyla bağlı ciddi elmi əsərlərə imza atıb.

Eyni zamanda Türkiyə KİV-də bu mövzularla bağlı mütəmadi olaraq çıxışlar edir. Onun rektorluğu dövründə Giresun Universiteti Azərbaycan-Türkiyə qardaşlığının sağlam körpülərindən birinə çevrilib. Universitetin mərkəzi meydanı Qafqaz İslam Ordusunun adını daşıyır. Universitetdə mütəmadi olaraq Azərbaycan ilə və Türk dünyasının digər bölgələriylə bağlı elmi və mədəni tədbirlər keçirilir.

Qaydalara görə ən çox səs toplamış 6 namizədin adı universitet tərəfindən Türkiyənin Ali Təhsil Qurumuna (YÖK-ə) göndəriləcək. YÖK 6 namizəddən 3-nün adını Türkiyə prezidenti Recep Tayyip Erdoğana təqdim edəcək. Prezident Erdoğan isə bu 3 nəfərdən birini rektor təyin edəcək.

Seçkinin nəticələrindən və Azərbaycan-Türkiyə münasibətlərinin xarakterindən yola çıxaraq demək mümkündür ki, Prof. Dr. Aygün Attar növbəti dəfə Giresun Universitetinin rektoru təyin ediləcək və istər elmi sahədə, istərsə də Türkiyə-Azərbaycan qardaşlığına töhfə verməyə davam edəcəkdir.