Siyəzəndə körpə doğuş zamanı öldü
Siyəzəndə körpə doğuş zamanı öldü

Babayevlər ailəsinin körpəsi bu dünyada heç bir saat yaşamağa macal tapmayıb

Statistikaya görə, 2010-cu illə müqayisədə ötən il dünyaya gələn körpələrin sayı 60 mindən çox, yəni 176 min olub. Amma onların heç də hamısına uzun ömür yaşamaq qismət olmur. Belə ki, 2011-ci ilin yekunlarına görə, dünyaya göz açan hər min uşaqdan 10-11-i bir yaşına çatmamış dünyasını dəyişir. Siyəzəndə Babayevlər ailəsinin körpəsi isə bu dünyada heç bir saat belə yaşamağa macal tapmayıb. Ananın səhhətində problemlərin olması həkimlər üçün elə də əsas olmayıb. Nəticədə körpə doğuş zamanı boğularaq ölüb.

Uşaq ölümü bu gecə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin doğum şöbəsində qeydə alınıb. 27 yaşlı Siyəzən sakini Rəvanə Babayeva 40 həftəlik hamiləliklə doğum şöbəsinə gətirilib. Amma doğuş zamanı körpə boğularaq ölüb. Bunu Rəvanənin həyat yoldaşı Anar Babayev deyir. Onun sözlərinə görə, hələ doğuşdan 10 gün əvvəl Rəvanənin müalicə həkimi Aylita Dadaşovaya təklif olunub ki, ananın səhhətindəki problem üzündən uşaq cərrahiyə yolu ilə doğulsun. Atanın sözlərinə görə, doğuş zamanı onun tələbinə əməl olunmayıb.
“Mən xəstəmi bura gətirməzdən əvvəl bildirmişdim ki, o, 2 il öncə burada ağır vəziyyətdə doğuş keçirib. Bir neçə dəfə Aylita həkimə bildirmişəm ki, onu əməliyyat etsinlər. Lakin həkim bildirdi ki, xəstə əməliyyat olunmayacaq. Körpəmi sağ və salamat qucağımıza verəcəyinə bizi əmin etdi”, - deyə A.Babayev bildirib.
İndi övladini itirən ata həyat yoldaşını kortəbii müalicə etmiş doğum şöbəsinin həkimi Aylita Dadaşovanı ittiham edir və onun cəzalandırılmasını istəyir.
Doğuş zamanı uşağın ölümündə adı hallanan həkim-ginekoloq Aylita Dadaşova işdə olmadığından məsələyə şöbənin növbətçi həkimi Aynur Quliyeva münasibət bildirib. Onun sözlərinə görə, doğuş zamanı hər şey əvvəl normal olub, amma sonradan uşaq keçinib. Həkim-ginekoloq Aynur Quliyeva ikinci doğuş olduğu üçün qeysəriyyə əməliyyatına elə bir ciddi göstəriş olmadığını bildirib.
Həkim Aylita Dadaşova isə telefonla müsahibədən imtina edərək şifahi deyib ki, doğuş zamanı baş verənlər həkim kimi onun özünə də maraqlıdır. Çünki həmin qadında hamiləlik dövrü normal keçib. Ginekoloq-həkim araşdırmaların hər şeyi aşkara çıxaracağını da əlavə edib.
Siyəzən rayon prokuroru Aydın Kazımov isə Regional Mərkəzdə baş verən uşaq ölümü ilə bağlı prokurorluqda araşdırmalara başlanıldığını deyib. Onun sözlərinə görə, körpənin meyiti tibbi ekspertiza olunub. Ekspertizanın rəyindən sonra məsələyə düzgün hüquqi qiymət veriləcək.