"Ola bilər ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd üzrə danışıqlar aparmaq üçün may-iyun aylarında Avropa İttifaqına mandat verilsin".
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavini bildirib ki, Avropa İttifaqına (Aİ) 28 ölkə daxildir, bu səbəbdən proseslər bir günə və ya bir aya həll olunmur: "Gərək, üzv ölkələrin nümayəndələri görüşsünlər və razılığa gəlsinlər. Bizdə olan məlumata görə belə bir görüşlər keçirilir, hələlik hansısa mənfi münasibət yoxdur".
Nazir müavini qeyd olunan vaxta kimi Aİ tərəfdən araşdırma xarakterli səfər və ya videomüzakirələrin keçiriləcəyini də istisna etmir.
Onun sözlərinə görə, daha əvvəl keçirilmiş belə görüşlər zamanı Aİ Azərbaycana bir neçə sual ünvanlayıb, Azərbaycan tərəfi də həmin sualları cavablandırıb: "Biz bütün mövzuları müzakirə etməyə hazırıq. Təqdim etdiyimiz layihədə də bütün mövzular əksini tapıb. Avropa İttifaqının üzvü olan hansısa ölkə əlavə mövzu təklif etsə, layihədə bunun da əksini tapmasını istəsə, biz buna hazırıq. Bunun üçün artıq gərək mandat verilsin və rəsmi danışıqlar başlanılsın".
M. Məmmədquliyev strateji tərəfdaşlıq layihəsinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin də daxil edildiyini vurğulayıb: "Bu bizim üçün çox vacib məsələdir. Dağlıq Qarabağ məsələsi artıq layihəyə daxil edilib. Sadəcə, sənəddə hansı şəkildə əksini tapacağı danışıqlar zamanı müəyyən olunacaq".