Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Ailələr Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilir.

Onlardan yalnız birinin- Njonyoh Nans Ekumun atası Bakıya gəlib və oğlunun nəşini Kameruna apara bilib.
"Digər 4 nəfərin ailəsinin maddi imkanı çox pisdir. Onlar heç Bakıya gəlmək üçün pul da tapa bilmirlər. Onlardan meyitləri Kameruna göndərmək üçün isə 6500 dollar ödəmələrini istəyiblər. Artıq 1 aya yaxındır ki, meyitlər Bakıdadır. Onların ailəsinin bu qədər pulu tapa bilməsi isə inandırıcı deyil,- deyə, mənbə bildirib.
Bildirək ki, Bakının Yasamal rayonunda mənzildə 5 Kamerun vətəndaşının meyiti tapılmışdı.

Hadisə bu il yanvarın 2-də baş vermişdi. Onlardan 4-ü həvəskar futbolçu, biri isə Texniki Universitetin tələbəsi olub. 5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra aşkarlanmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayon, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib.Hadisə yerinə polislər və FHN əməkdaşları gəlib. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.