Martın 25-də tanınmış Borçalı aşığı Məhəmməd Sadaxlı vəfat edib.
Unikal.org APA-ya istinadən məlumatına görə, aşıq Məhəmməd Sadaxlı 1930-cu ildə Marneuli rayonunun Mollaoğlu kəndində anadan olub.
Aşıq Məhəmməd Sadaxlı Azərbaycan folklorunu, xüsusilə dastanlarımızın bilicisi olub. Onun məşhur dastan ifaları folklorşünas alimlərimiz tərəfindən lentə yazılıb. O, dəfələrlə Türkiyəyə səfər edib, aşıq sənətini təbliğ edib. Aşıq Məhəmməd Sadaxlı, həmçinin məzmunlu qoşmalar müəllifi kimi el içində məşhur olub. Onun kitabda nəşr olunan şerləri oxucuların rəğbətini qazanıb.
Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri keçirilib. Məhəmməd Sadaxlı həmçinin "Şərəf" ordeni ilə təltif edilib.