Yeni Azərbaycan Partiyası (YAP) REAL Hərəkatının partiyaya çevrilməsinə münasibət bildirib. Partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov REAL siyasi partiya deyil, əsl dərnəkdir. 
"Bu dərnəyin 5-6 nəfər üzvü var. Onlar ancaq sosial şəbəkələrdə fəaliyyət göstərirlər. Onların ən aparıcı adamları ictimaiyyət arasına çıxsın və ya sosioloji sorğu keçirilsin, görək bu şəxsləri tanıyırlarmı? Təbii ki, onları heç kim tanımayacaq. Çünki, onların sosial bazası, elektoratı yoxdur. Sadəcə sosial şəbəkələrdə, xaricdən siyasi sığınacaq almış insanlarla fəaliyyət göstərirlər".
S.Novruzov qeyd edib ki, REAL-çıların anti-dövlət, anti-hökumət fəaliyyətləri hər zaman diqqət mərkəzində olub: "Onlar sosial şəbəkələrdə Azərbaycan dövlətinin əleyhinə iş aparırlar. Bunun nəticəsi olaraq xaricdən qrant alırlar. Xaricdən erməni lobbisi vasitəsi ilə qrant alırlar. Erməni lobbisi o təşkilata qrant verir ki, dövlət və hökumət əleyhinə iş aparsın, vətəndaşları itaətsizliyə çağırsın, iğtişaşlar yaratmağa səsləsinlər. REAL hərəkatı bünövrəsindən belə işlərlə məşğul olub. 
Ona görə də bu hərəkatın partiyaya çevrilməsi bizim üçün əhəmiyyətli deyil, heç diqqətimizi də cəlb etmir. Yəni, bu hərəkat Yeni Azərbaycan Partiyasının ən kiçik rayon təşkilatı ilə rəqabət apara biləcək partiya ola bilməz. Bu gün keçmişdə yaranmış partiyalara nəzər salsaq görərik ki, onların hər biri parçalanıb və dərnək səviyyəsində fəaliyyyət göstərirlər. 
REAL partiya olub nə edəcək? Azərbaycan 90-cı illərdəki vəziyyətdə deyil. Cəmiyyət bütün məlumatları alır və görülən işləri qiymətləndirir. Azərbaycanda olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi, ictimaiyyətin qaldırdığı məsələlərin operativ həll olunması, görülən işlər, sosial-iqtisadi inkişaf ictimaiyyətin diqqət mərkəzindədir. Onların verəcəyi alternativ təklif yoxdur ki, xalq inansın və arxalarıınca getsin".
YAP icra katibinin müavini əlavə edib ki, siyasi partiyanın yaranması, formalaşması, inkişafı, təşəkkül tapması, ölkədə vətəndaşların həmin partiyaya münasibətindən asılıdır: 
"Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaları müxtəlif kateqoriyalara bölmək olar. Birinci, bütün ölkə ərazisində fəaliyyət göstərənlər. Bu, Yeni Azərbaycan Partiyasıdır. İkincisi, Bakı və ətrafı bir neçə rayonda, bölgədə fəaliyyət göstərənlər. Üçüncüsü, qəzet üzərində fəaliyyət göstərənlər. Dördüncüsü isə bir sədri, bir möhürü, bir papkası olanlardır. Belə partiyalar var və Azərbaycan cəmiyyətində fəaliyyət göstərirlər. Siyasi partiya yarananda qarşısına məqsəd qoyur və vəzifələr müəyyənləşdirir. Əgər partiyanın məqsəd və vəzifəsi yoxdursa, sadəcə siyasi partiya adını daşıyırsa, bəzi hallarda alqı-satqı obyektinə çevrilirsə, belə partiyalar cəmiyyət üçün ziyanlı bir vasitəyə çevrilir. Bu baxımdan dünya təcrübəsini öyrənmişik. 
Məsələn, Avropa Birliyinə daxil olan ölkələrdə siyasi partiyanın iki il müddətində ciddi fəaliyyəti olmasa, qeydiyyatı ləğv olunur. Azərbaycanda da belə bir qanun tətbiq oluna bilər".
AzVision.az