"Gündəlik olaraq qiymətlər 1-1.2 faiz artır

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov Unikal.org-a mənzil bazarındakı vəziyyətlə bağlı müsahibə verib. Ekspert bu istiqamətdə vacib mətləblərə toxunub.

-Nüsrət bəy, hazırda ölkədə mənzil bazarında nə baş verir?

-2016-cı ilin müvafiq dövrü ilə müqayisədə mənzil bazarında artım var. Bu, həm alqı-satqının həcmində, həm də qiymətlərdə manatla ifadədə müşahidə olunur. Daşınmaz əmlak bazarında aktivləşmənin artması bəzi bankların işinin nisbətən stabilləşməsi və İpoteka Fondunun işə düşməsi ilə bağlıdır. Digər tərəfdən, insanlar manatın formalaşmış yeni dəyərinə uyğunlaşırlar. Təkrar mənzil bazarında ötən illə müqayisədə qiymətlər 12 faiz artıb. İlkin mənzil bazarında isə bu rəqəm 25 faizdir. Bu gün artım az da olsa davam edir. Gündəlik olaraq məznillərin qiyməti 1-1.2 faiz bahalaşır. Yəqin ki, əvvəlki illərdə olduğu kimi yaz aylarında nəzərəçarpacaq artım müşahidə olunacaq. Adətən yay aylarında durğunluq olur. Amma payız aylarında həm alqı-satqının həcmi, həm də qiymətlər artır.

-Sosial evlərin tikintisi mənzil bazarında kəskin ucuzlaşma yarada bilərmi?

-Buna inanmıram. Bildiyiniz kimi sosial evlər güzəştli kateqoriyaya aid insanlara veriləcək. Həmin insanların sayı kütləvilik təşkil etmir. Sosial evlərə müraciət edən insanların bazara təsir etmək imkanları yoxdur. Bu gün mənzil bazarında il ərzində 50-55 min mənzil dövr edirsə, sosial evlərdəki bu rəqəm 800-dür. Onun bazara təsiri elə də böyük olmayacaq. Amma gələcəkdə həcm artarsa, ciddi şəkildə təsirin olması qaçılmazdır.

-Qiymətlərin artmasını kirayə mənzil bazarına da aid etmək olarmı?

-Kirayə evlərin qiyməti 2015-2016-cı illərdə çox aşağı düşmüşdü. Amma indi stabilləşmə müşahidə olunur. Bununla belə yenə də azalma var. Kirayə mənzil bazarında qiymətlərdə il ərzində 10 faiz artım hökm sürür. Amma ötən ilin dekabr ayı ilə müqayisədə manat ifadəsində əksinə, 10 faiz azalma mövcuddur.

-Bağ evlərinin kirayəsi və satışında vəziyyət necədir?

-Yay aylarında adətən bağ evlərinin kira qiymətlərində artım olur. Amma ötən il qiymət artımı müahidə etmədik. Cari ildə artım qeydə alınarsa, bu çox cüzi miqdarda olacaq. Çünki insanların ödəmə imkanları əvvəlki illərdən fərqlidir. Ona görə də 5-6 faiz artımın olma ehtimalı var. Əvvəllər bu rəqəm 10-12 faiz idi.

Həsən Babayev