"Banklar haqqında qanunla Maliyyə Bazarlarına Nəzarət Palatasının bununla xeyli səlahiyyət verilir. Ancaq biz hüquqi dövlət qururuq. Kim deyə bilər ki, Palata ona verilən səlahiyyətdən sui-istifadə etməyəcək? Axı, belə bir qarantiya yoxdur. 

Unikal.org-un xəbərinə görə, bunu Milli məclisin deputatı Əli Məsimli parlamentin bugünkü iclasında " Banklar haqqında" qanunun müakirəsi zamanı deyib.

Millət vəkili təklif edib ki, əgər banklar hər hansı addım atmaq istəyirlərsə, 1000 dollara qədər olan kreditləri may ayının 28-dək bağlasınlar: "Hökumət də bunu görsün və uyğun addım atsın.

Millət vəkili Qüdrət Həsənquliyev isə bankların müştərilərininin sirlərinin açılmasına etiraz edib. Eyni zamanda, bu sirləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib.

"Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir.

Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: "Bununla nə etmək istəyirik?.

YAP-çı millət vəkili Siyavuş Novruzov bankların hazırkı duruma düşməsinin iqtisadi vəziyyətlə əlaqələndirilməsinə etiraz edib.

O, çıxışında qeyd edib ki, bankların bu duruma düşməsində iqtisadiyyatın rolu olmayıb: "Səbəb odur ki, bank rəhbərləri maliyyə oğurluğu ilə məşğul olub. Bunu keçirilən məhkəmələrdən də görmək mümkündür. Banklar kökündən sağlamlaşmalıdır. Amma sağlamlaşdıranda yaxşı sağlamlaşdırmaq lazımdır. Yoxsa "körpü bank yaradılır, nə bilim nə olur, əgər şəffaflıq olmayacaqsa, bunun faydası olmayacaq. Milyardları götürüb getdilər.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, elə məqsəd də bankları kökündən sağlamlaşdırmaqdır: "Artıq bu körpü ilə olacaq, ya körpüsüz olacaq, bunu deyə bilmərik.