Almaniya və Avropa Birliyi Böyük Britaniyanın baş naziri Tereza Meyin nüfuzunu sarsıtmaq üçün bu ölkədəki seçkiqabağı kampaniyaya müdaxilə edir.

Unikal.org xəbər verir ki, bu barədə T.Meyə yaxın mənbələrə istinadən "The Daily Thelegraph nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Almaniya hökumətində və Aİ-nin orqanlarda yüksək vəzifəli məmurlar baş nazirin mövqeyini seçicilərin gözündə zəiflətmək üçün T. Meyin fərdi görüşləri barədə məxfi informasiyanın sızmasını təşkil edib.

Nəşr bildirib ki, əsas məqsəd britaniyalı seçiciləri "Brexit"lə bağlı danışıqlarda güzəştə getməyə hazır olan siyasi qüvvələrə səs verməyə vadar etməkdir. T. Meyin AB-dən çıxmaqla bağlı mövqeyinin qəti olması avropalı məmurları qane etmir.

Qeyd edək ki, Böyük Britaniya parlamenti növbədənkənar seçkilərə görə buraxılıb. Səsvermə proseduru müvafiq olaraq iyunun 8-nə təyin edilib, parlament isə 3 may saat 00:01 (yerli vaxtla - red) buraxılmalıdır.

Bu gün ölkənin baş naziri Tereza Mey parlamentin buraxılması barədə rəsmi şəkildə kraliça II Elizavetanı məlumatlandıracaq. Son sorğular Tereza Meyin təmsil olunduğu hakim Mühafizəkarlar partiyasının populyarlığının artdığını göstərir.(azvision.az)