Polkovnik Münasib Babayev: "Təlimlər döyüş hazırlığı sahəsində təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətlidir

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri may ayının 5-də yekunlaşıb. Hər iki ölkədən təlimlərə cəlb olunmuş bölmələr may ayının 1-dən başlayan təlimdə bir sıra tapşırıqları yerinə yetiriblər. 

Unikal.org bildirir ki, Təlimlərə Azərbaycan tərəfdən rəhbərlik edən polkovnik Münasib Babayev "Azərbaycan Ordusu qəzetinin suallarını cavablandırıb.

- Cənab polkovnik, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə birgə taktiki təlimlər artıq başa çatıb. Təlimlərin gedişi barədə nə deyərdiniz?

- Azərbaycan və qardaş Türkiyə hərbçilərinin birgə taktiki təlimləri plana uyğun olaraq keçirildi. Doğrudan da, Azərbaycan ilə Türkiyə qardaş ölkələrdir, ümummilli lider Heydər Əliyev demişkən, biz bir millət, iki dövlətik. Təlimlər də qardaşlıq, dostluq şəraitində keçdi. Qardaş ölkələrin hərbi qulluqçuları bir-birinə dəstək verməklə təlim tapşırıqlarını icra etdilər.

Konkret təlimlərin gedişinə gəldikdə, onu qeyd edə bilərəm ki, poliqonda hər şey yüksək səviyyədə baş tutdu.

Təlimdə döyüş zamanı ortaya çıxan vəziyyətlərlə bağlı tapşırıqların yerinə yetirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdu və hər iki ölkənin taktiki qrupları tərəfindən uğurla icra olundu. Bölmələr şərti düşməni darmadağın edərək əlverişli hədəfləri ələ keçirməyi bacardılar.

Bundan əlavə qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinə kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət edilmişdi və onlar poliqonda baş verənləri, həmçinin silah və döyüş texnikalarından atışları yaxından müşahidə etdilər, öz informasiya vasitələrində işıqlandırmaq üçün çəkilişlər apardılar.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə taktiki təlimləri izləmək üçün təlim meydanına gəlmişdi. Nazirimiz təlimin gedişini yaxından izlədi, çox razı qaldı və poliqonda bölmələrin fəaliyyətini yüksək qiymətləndirdi. Eyni zamanda təlim zamanı fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırdı.

- Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, belə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu barədə nə deyə bilərsiniz?

- Doğrudan da, bu, iki ölkənin Silahlı Qüvvələri arasında keçirilən ilk təlim deyil. Son illərdə belə tədbirlər planlaşdırılaraq mütəmadi təşkil edilir. Bu, hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın dərinləşməsinə xidmət edir, döyüş hazırlığı sahəsində təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətlidir.

- Silahlı Qüvvələrimizin bölmələri birgə taktiki təlimlərdə özlərini necə göstərə bildilər?

- Təlimdə, əslində, aparılan hazırlıq işlərinin nəticəsi üzə çıxır. Bölmələrin şəxsi heyətinin bilik və vərdişləri nümayiş etdirilir. Amma həmin təcrübə həftələrin, ayların, illərin gərgin zəhmətilə qazanılır. Xoşdur ki, Azərbaycan və qardaş Türkiyə hərbçilərinin birgə taktiki təlimlərini yaxından müşahidə edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrimizin taktiki və atəş hazırlığından razı qaldı. Ona görə hesab edirəm ki, qoşun bölmələrimiz bu təlimlərdə verilən istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olduqlarını göstərdilər.