"Azərbaycan Ordusunun keçirdiyi hərbi təlimlər döyüşlərlə əvəz oluna bilər. 

Bu fikirləri unikal.org-a qısa müsahibəsində sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov səsləndirib.

-Cənab general, bu gün Azərbaycan Silahlı Qüvvələri şəhid verdi. Düşmən həyasızlığından əl çəkmir. Bu barədə fikirlərinizi bilmək istərdim...

-Bəli... Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub. Mən də şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirəm!
Ön xəttə duran hər bir Azərbaycan əsgəri düşmən gülləsinə tuş gəlibsə, o yaralana və yaxud şəhid ola bilər. Sözsüz ki, minlərlə əsgərimiz ön xətt mövqeyində durub. Hardasa, hər şəhid olan əsgərimizin ölümünü fəlakət kimi qəbul etmək də olar. Sözsüz ki, hər bir Azərbaycan əsgəri bizim üçün əzizdir və doğmadır. Bundan başqa hər bir yaralanan və şəhid olan hərbiçilərimizin qisasını düşməndən şübhəsiz ki, ordumuz tərəfindən kifayət qədər yüksək səviyyədə alınır və bundan sonrada alınacaq. Düşmən həyasızlığını davam etdirməklə Azərbaycan Ordusuna bir daha deyir ki, bizim dərsimizi verin. Təbii ki, Azərbaycan Ordusu düşməni hər an susdurmağa və dərs verməyə hazırdır. Ordumuz hər an Ali Baş Komandanın əmrini gözləyir.
Təbii ki, iri dövlətlər Azərbaycana müharibə etməyə imkan vermirlər. Əgər sözügedən dövlətlər buna imkan versəydi, Azərbaycan Silahlı Qüvvələri birdəfəlik bu məsələni müharibə etməklə həll edərdi. Təəssüf ki, böyük dövlətlərin müdaxiləsi nəticəsində Azərbaycan bu gün işğalda olan torpaqlarını azad edə bilmir. Əks halda, Dağlıq Qarabağ və 7 rayon çoxdan geri qaytarılmışdı.

-Son günlər düşmən cəbhə xəttində təxribatlarını artırıb. Bu ilin iyunun 12-dən etibarən Naxçıvanda (Azərbaycan-Türkiyə) Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərinin keçirilməsi ilə bağlı ola bilərmi?

-Düşmənin iri miqyaslı döyüş təlimləri keçirməyə heç cür imkanı yoxdur. Çünki buna külli miqdarda vəsait lazımdır. Naxçıvanda da keçirilən təlimlər genişmiqyaslı sayılır və bu təlimlərin hansı miqyasda keçirməsindən asılı olmayaraq buna imkanımız var.
Amma bu cür təlimləri Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağda yerləşdirdiyi bölmələri keçirməyə imkanı yoxdur. Heç düşmən ölkənin adi mərmi, patron almağa belə imkanı yoxdur. Ona görə Azərbaycanın keçirdiyi irimiqyaslı təlimləri qısqanır və bundan qorxurlar.

-Yeri gəlmişkən bu gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyun ayının 19-dan Silahlı Qüvvələrin genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək.

-Bəli.. Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Bir daha deyirəm, belə genişmiqyaslı təlimlərin keçirilməsinə Azərbaycan külli miqdarda vəsait xərcləyir. Bu, bizə vacibdir.
Azərbaycan bu təlimləri keçirir və bundan sonrada keçirəcək. Təlimlərdən sonra ancaq döyüşlər başlanır. Ona görə də düşmən hər zaman zərbəni görməyə və özlərini fəlakətə aparmağa hazır olmalıdır. Düşmən bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarını azad etmək üçün keçirəcək əməliyyatın qarşısını heç cür ala bilməyəcək.

-Təlimlər döyüşlərlə əvəz oluna bilərmi?

-Azərbaycan Silahlı Qüvvələri hər zaman təlim zamanı döyüş əmrini ala bilər. Bundan sonra Azərbaycan Ordusu işğal olunmuş torpaqların azad olunması istiqamətində hərəkətə keçə bilər.