Son zamanlar yerli idmançıların Azərbaycanı tərk etməsi, başqa ölkələrə üz tutması "ənənə halını alıb. Səbəbi isə onların federasiyalardan, aidiyyatı qurumlardan gördüyü laqeydlik, diqqətsizlikdir. Hər kəsə məlumdur ki, yüngül atlet Ramil Quliyev ölkəsini tərk edib və 2011-ci ildən Türkiyədədir. Azərbaycanı tərk edənlərin əksəriyyəti olimpiya və qeyri-olimpiya idman növlərində çıxış edən idmançılarımızdır. Həmin idmançılardan biri də ağır atletikanın məşhur siması Nicat Rəhimovdur. Dediyinə görə o, Azərbaycan Ağır Atletika Federasiyasındakı özbaşınalıq, idmançılara qarşı diqqətsizlik və bir çox çirkablar üzündən Qaszaxıstan millisinə üz tutub. Azərbaycanda olarkən yeniyetmə və gənclərin olimpiadasının qalibi olmuş N.Rəhimov Qazaxıstan adına Rio Olimpiya Oyunlarında çıxış edərək qızıl medala sahib olub. Bununla da Nicat Yay Olimpiya oyunlarında ağır atletikada ilk qızıl medal qazanan azərbaycanlı adını qazanıb.

Bir çox suallara Olimpiya çempionu Nicat Rəhimovun atası Əli Rəhimovla cavab tapmağa çalışdıq.

Ə.Rəhimov Unikal.org-a müsahibəsində oğlunun idmandan getməsi ilə bağlı dediqodulara sərt reaksiya verib.

- Əli müəllim, səhv etmirəmsə son zamanar Nicat Rəhimov hansısa bir yarışda iştirak etməyib. Bunun xüsusi səbəbi varmı? Onun yarışlara çıxmamasından sonra "artıq idmanı bitirir kimi bəzi dedi-qodular da ortaya atılıb.

- Həmişə bizim haqqımızda dedi-qodu olub, bundan sonra da olacaq... Çünki burada olan yaltaqlar kiməsə xoş olmaq ücün danışmalıdır. Bilirsiz ki, Nicata hər ad qoydular "vəhabi, "alkaş, "müxalifətçi... Amma xeyri olmadı.
Bunlar öyrəniblər gedən idmançının arxasınca danışmağa... Bilirsiniz niyə? Çünki bunlar yəni, istər federasiya, istərsə də Gənclər və İdman Nazirliyinin harınlamış məmurları özlərini qorumağa çalışır.
Dövlət başçısı, cənab İlham Əliyev bu barədə həqiqətləri bilsə onlar üçün heç də yaxşı olmaz...
Nicatın yarışa çıxmaması sırf olimpiadadan sonra dincəlməsidir. Bundan başqa Olimpiadadan sonra yarış olmayıb. Yəqin ki, mənimlə razılaşarsız... Olimpiya çempionu gəlib İslam Oyunlarında çıxış edəsi deyil, ya da hansısa zəif çempionatda...
Artıq Nicat məşqə baslayıb. Mart ayından təlim-məşq toplanışındadır. Mən özüm də onunla təlim-məşq toplanışında oluram, təzə gəlmişəm. Avqustun əvvəli yenə gedəcəm.

- Yerli idmançıların başqa ölkələrə axını artıb. Deyirlər ki, qiymət verilmdədiyi üçün ölkə xaricinə üz tuturlar. Cəmiyyətdə yayılan fikirlərə görə vaxtilə Nicat da bu cür diqqətsizliyə görə Azərbaycanı tərk etməli oldu. Yəqin ki, eşidibsiniz, Toğrul Əsgərovun da gedəcəyini deyirlər. Bəs, niyə bizim idmançılarımız başqa ölkə adına çempion olmalıdırlar?

- İdmançılarımızın ölkəni tərk etməsi, başqa bayraq altında uğur qazanması bir azarbaycanlı kimi məni də üzür. Amma idmançını qınamaq olmaz. Bunu mən gözəl bilirəm. İdmançıya qarşı haqsızıqlar baş alıb gedir. Öz idmançılarmıza diqqət yoxdur. Federasiyaları, idman nazirliyini, məşqiçiləri pul düşündürür. Öz idmançılarımızı sıxışdırıb sıradan çıxarırlar. Legioner gətirib özləri üçün biznes qururlar, pul qazanırlar. Yerli idmançılarımız bunlara sərf etmir. Misal üçün Güləş Federasiyasının millisinin istər yeniyetmə, istər gənc, istərsə də böyüklərinin deyərdim ki, 90 faizi Dağıstandan gətirirlər. Şahidi olduğum bir şeyi də diqqətinizə çatdırım. Güləş üzrə yeniyetmələrin dəfələrlə yarışlarını izləmişəm. İnanın adam nifrət edirdi. Təsəvvür edin ki, 2001-ci il təvəllüdlülərin yarışını keçirirlər, baxırsan öz idmançımızın hələ bığ yeri tərləməyib. Amma rəqibinin saçı tökülüb, bədəni tük içindədir. Hansı ki, məşqçilər pul qazanırlar. Gedib Dağıstandan yaşlı idmançının sənədini düzəldirlər, gətirib buraxırlar yeniyetmələrlə birgə xalçaya...Bununla da öz idmançılarlmız sıradan çıxıb.
Toğrulun yığmanı tərk etməsini mətbuatdan oxudum. Əlbəttə, təəssüfləndim. Axı, Toğrul da Nicat kimi bu xalqın oğludur, nəyə görə getməlidirlər?! Niyə kimlərinsə şəxsi mənafeyinin qurbanı olmalıdır?
Yazırlar "Hindistana özü gedib yarışa çıxıb, zədə alıb. Federasiyalıq deyil, getsin öz hesabına əməliyyat etdirsin.
Ayıbdır, Toğrul olimpiya çempionu olanda bellərində gəzdirirdilar. İndi nə oldu? Nə tez unuduldu? Utanmırlar, deyirlər "getsin öz hesabına müalicə etdirsin. Birincisi bunu etmək federasiyanın borcudur. Çünki dövlətimiz tərəfindən küllü miqdarda pul ayırılır. Hanı o pullar? Hamısını basıb yeyirlər. Mən bilən 13 aydır ki, məşqçi heyəti də maaşlarını almır.
Güləş Federasiyası Olimpiya Oyunlarının mükafatını verməyib. İdmançılar da aylardır maaş almırlar. Dövlətin verdiyi mükafatın yarısını əllərindən alırlar. Verməyəndə idmançını yığmadan uzaqlaşdırırlar. Adlarını da qoyurlar saqqal var, "vəhabidir. Necə ki, vaxtilə Nicata vaxtilə belə yanaşırdılar, indi də Toğrula elə ad verdilər.
Federasiyası gətirdikləri legionerlərə, onları bura gətirən məşqçiyə baxsın, sonra öz millətimizin oğullarına "vəhhabi adı qoysun.

- Toğrulun getmək istəyi ilə bağlı Nicat bir idmançı kimi nə isə münasibət bildirib?

- Düzü Nicatla o barədə heç nə danışmamışıq. Yəqin ki, o da bu xəbərə üzgündür.

- Sosial şəbəkədə belə bir cümlə paylaşmısınız: "Bizə gələn idmançıyla bəzi köpək məmurlarımız ucbatından ölkəni tərk edib başqa bayraq altında uğur qazanan yerli idmançılarımızı özünüzüz müqayisə edin.

- Bəli, mən səhifəmdə elə yazmışam. Yəqin ki, bayaq dediklərim buna cavab vermək üçün kifayət edər. Baxın, siz özünüz də müqayisə edin. Gətirdikləri legionerin uğursuzluğu və bizdən həmin dediyim köpəklər üzündən gedən idmançımız Ramilin uğuru və ya Nicatın uğuru, eləcə də Zabit Səmədovun uğuru.

- Son zamanlar guya Azərbaycan ağır atletikasının düzələcəyi deyilir. Bu idmanın sonunu necə görürsüz?

- Gülməlidir. Olmayan şey necə düzəlsin? Baxın nəticələrə... Adi İslam Oyunlarını dünya birinciliyi ilə özünüz müqayisə edin. İndi qürurla ağız dolusu danışırlar ki, "medal götürdük. Bunların bu nəticəsi dünya birinciliyində heç "20-liyə düşmür.
Məsələn, İslam Oyunlarında Anastasiya birinci yerə çıxdı, nə blim rekord yenilədi... Hansı nəticə ilə, kimə lazımdır o nəticə? Onun çəkisində 117 kq birdən qaldırma edirlər.
Bu isə təkanla qaldırmada 119 kq edir. Olimpiadada səhf etmirəmsə, o çəkidə 117, 147 ediblər. İndi müqayisə edin. O biriləri də onun kimi...
Çıxıb ağız dolusu nəticədən danışmaq, tərif deməklə deyil. Noyabrda Amerikada dünya çempionatı olacaq. Görək o yarışa idmançı tapacaqlar?
Getsələr də iyirmiliyə düşsələr böyük şeydir. Yalandan danışmaqla deyil, ay belə hazırlaşırıq, ay elə idman zallarımız var. Hardadır o idman zalları? Mənə Azarbaycanda bir dənə ağır atletika zalı göstərsinlər, deyim kişisiz. Paytaxt Bakıda bir dənə zal göstərsinlər. Hazırda mən bir məşqçi göstərsinlər, deyim iş gedir.
Ağır Atletika Federasiyasında işləyənlərin ağır atletikadan xəbərləri belə yoxdur. İstər məşqçiləri, istər federasiya işçiləri ancaq tərif deməyə, yaltaqlığa lazımdır. Qaldı ki, ağır atletikanın sonunun necə olmasına, məndən olsa Azarbaycanda ağır atletikanı ləğv etsinlər.

- Oğlunuz Nicat Rəhimov Qazaxıstanda ailə qurub? Siz də körpə oğlan uşağının şəklini paylaşmışdız-¦

- Bəli elədir. Buna mən razılıq vermişəm. Heç də yanılmamışam. Nicatın idmanda gələcək uğurları ücün onun evlənməsi gərək idi, evləndirdim. Heç də peşman deyiləm. Gördüyünüz kimi də gözəl nəvəm var, mənim adımı daşıyır. Neçə ay idi Bakıda idilər. Artıq Nicatın yanındadırlar. Ailəsi onu bəzi azarbaycanlılardan, olimpiadadan sonra yan-yörəsinə yığışan alçaqlardan qoruyur.
Qazaxıstanın "Vesti saytında Nicatın müsahibəsi var. Həmin müsahibəni və mənim "facebookda paylaşdığım Nicatın məşqini soxun həmin dedi-qodu edən şərəfsizlərin gözünə... İnsallah avqust ayından imkan olsa Nicatın canlı məşqini izlədə bilərəm. Çünki gələn aydan mən də orada olacam. Nicat noyabr ayında keçiriləcək dünya çempionatına hazırlaşacaq.

Aygün İlqarqızı