Sentyabrın 1-də Azərbaycanın elektron media məkanında önəmli yerlədən birini tutan, ölkədə yaradılmış ilk xəbər portallarından olan, ictimai fikrin formalaşmasında, xəbər istehsalında ön cərgələri bölüşənModern.azsaytının yaradılmasının 8 ili tamam olur. Saytın yaranma tarixi, gördüyü işlər və gələcək fəaliyyəti barədə danışmaq üçün media qurumunun rəhbəri Elşad Eyvazlı BakuPost.az-ın suallarını cavablandırıb. Modern.azhəmin müsahibəni təqdim edir:

- Elşad müəllim, öncə sizi təbrik edirik. Bu illər ərzində gəldiyiniz yolun davamlı olmasını arzulayırıq. 8 il əvvəl bir sayt yaratdınız. Adı niyə Modern.az? Bu sualı verməyimin səbəbi adı "Modern olsa da, saytın klassik üslubda görünməsiylə bağlıdır.

- Bu barədə indiyə qədər heç yerdə danışmamışam... Fəaliyyətə 2009-cu ildə başlamışıq. Ondan iki il öncə, yəni 2007-ci ildə "Çağdaş Azərbaycan jurnalını qeydiyyatdan keçirmişdik. Sayta ad axtararkən düşündük ki, çağdaş sözünə sinonim olsun. Bu səbəbdən "moderni seçdik. Modern.az elə Çağdaş Azərbaycan deməkdir.

"Modern sözünün başqa bir üstünlüyü isə odur ki, bu söz bütün dünyada başa düşülür. Qaldı ki, "modern olmamağa, bu bir az da mənim mətbuata baxışım və əlbəttə qəzetçilikdən gəlməyimlə bağlıdır.

Ad əsas deyil, mənim rəhbərlik etdiyim saytın adı nə olsaydı, istənilən halda sayt belə işləyəcəkdi. Yəni adından asılı olmayaraq saytın mövzuları da, yanaşmamız da, iş prinsipimiz də dəyişməyəcəkdi.

- Fəaliyyətə başlayarkən Modern.az kollektivi neçə nəfərdən ibarət idi?

- Cəmi iki nəfərdən: Əfqan Qafarlı və mən. Düzdü, sonradan bir neçə tələbə də təcrübəyə gəldi və onların da əziyyətləri oldu. Başqa dostların da köməyi oldu. Bu saytın ərsəyə gəlməsindən danışarkın Rəşad Məcidin adını çəkməyə bilmərəm, onun dəstəyi olamasaydı inanın ki, indi Modern.az olmazdı.

- Bəs, indi saytda neçə nəfər çalışır?

- Hazırda 10 nəfərik.

- Ümumiyyətlə, saytı yaradarkən əsas hədəfiniz nə idi? Və o hədəfə çatdınızmı?

- Bayaq da qeyd etdim ki, işə başlayarkən cəmi iki nəfər idik. O vaxt bir layihə olaraq işə başlamışdıq. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihə udmuşduq. Fikrimiz QHT-lərin, Parlamentin işinin cəmiyyətə çatdırılması idi. Başqa bir hədəfimiz yox idi, həm də iki nəfər ilə başqa bir hədəf qoymaq və bu hədəfə doğru addımlamağa fiziki gücümüz yetməzdi. Amma 3-4 ay fəaliyyət göstərdikdən sonra digər saytlara baxdıq və onların iş prinsipinin bizdən fərqlənmədiyini gördük. Düşündük ki, niyə yalnız Parlamentdən yazmalıyıq? Mədəniyyətdən, ədəbiyyatdan, yaxud digər sahələrdən də yaza bilərik, zaman keçdikcə fəaliyyət sferamız da böyüdü.

- İndi hər gün bir sayt yaradılır, amma 8 il öncə bu, bir hadisə kimi təqdim edilirdi... Rəqabət, bazar davası-filan. Kim idi sizin rəqibiniz və indi kimdir?

- Bilirsiniz, indi elə bir zamanda yaşayırıq ki, hər kəs özünü qəhrəman hesab edir. Amma ciddi məqamda, media ilə bağlı hansısa problem olanda, söz demək lazım gələndə əksəriyyət qaçıb gizlənir. Təvəzökarlıqdan uzaq olsa da, deməyə məcburam, bizim rəqiblərimiz ciddi media içərisində barmaqla sayıla biləcək saytlar ola bilər. Hansı saytın daha çox oxunması məsələnin digər tərəfidir. Hansı saytın daha etibarlı, sifarişdən kənar fəaliyyət göstərməsi, ictimai rəy formalaşdırması, Jurnalistlərin Etik Kodeksinə əməl etməsi, daha çox ona istinad edilməsi isə məsələnin əsas tərəfidir. Bu mənada çəkinmədən deyə bilərəm ki,Modern.azAzərbaycanda ilk "beşlikdə olan saytdır. Qarşıya qoyduğumuz hədəflərə qismən də olsa, nail olmuşuq. Düzdür, Modern Azərbaycan üçün daha çox şeylər düşünürdük. Bunu edə bilmədik. İndi baxıram ki, qatar çox sürətlə gedir.

- Modern.az Azərbaycanda ən çox xəbər istehsal edən saytlardan biridir. Amma ən çox oxunan saytalın sırasında olduğunuzu deyə bilmirik... Niyə? Niyə oxucu ciddi saytları, ilk mənbə olan xəbər portallarını sevmir?

-Modern.azyeganə saytdır ki, onun heç yerdə banneri olmayıb. Heç yerdə reklamı aparılmayıb. Biz fəaliyyətə başlayanda əsas işimizi yazıya, jurnalistikaya istiqamətləndirmişdik, reklamçılıq, marketinq işi bizə uzaq idi. Düşünürdük ki, əsas yazılardır, reklama ehtiyac yoxdur. Zaman keçdikcə anladıq ki, oxucu üçün xəbərin ilkin mənbəyi maraqlı deyil, belə ki, o, xəbəri sosial şəbəkədən oxuyur. Məsələn, 5 ilin ən məşhur imzasını mənə göstərə bilərsiniz? Çünki saytların tüğyan etdiyi bir dövrdə imzalar itir. Sözümün canı odur ki, artıq xəbəri hansı saytın birinci verməsinin mənası itib. Çünki sosial şəbəkələrdə daha çox reklam olunan saytın verdiyi xəbərlər daha çox oxunur. Marketinq məsələsini kənara qoymağımızın yanlış olduğunu bir müddət sonra anladıq.

- Səkkiz ildir fəaliyyət göstərən saytın rəhbəri kimi, rəqabət qabiliyyətli olmağın əsas prinsiplərini nədə görürsünüz?

- Birinci prinsip etibarlılıqdır. Azərbaycanda oxucunun etibarını qazanmış 50 sayt adı saya bilərsiniz, mümkün deyil. Üç günlük saytlara gəldikdə isə məsəl var, "hayla gələn, küylə də gedər.

İkinci prinsip peşəkarlıqdır. Jurnalistikaya mövsümi gəlmək doğru deyil. Peşəkarlıq özünü mütləq büruzə verir. Götürək elə hamımızın yaralı yeri olan istinad məsələsini. Baxırsan xəbəri götürür, mənbəni göstərmir. Etiraf edim ki, bizim gənc əməkdaşlar da bəzən belə hala yol verirdilər, amma mən bunun qarşısını alıram, bu çox ciddi problemdir. Bundan başqa, bəzi saytlar yalan xəbərlərlə oxucu auditoriyası yığır. Bu da yolverilməz məqamdır. Digər önəmli olan məsələ isə menecmentdir. Reklam və sosial şəbəkələrdə gedən paylaşımlardır. Çünki sosial şəbəkələrdə paylaşmalar olmadan oxunma sayı qazanmaq çətindir. Mən sayta qəzetdən gəlmişdim və qəzet təfəkkürü ilə düşünürdüm ki, əsas olan düzgün və maraqlı xəbərin operativ şəkildə insanlara çatdırılmasıdır. Saytda reklamlar, bannerlər isə ikinci, hətta üçüncü dərəcəlidir. Sonra anladım ki, bu, elə məhz birinci dərəcəli məsələ imiş.

- Səkkiz il sayt rəhbəri olan, hər gün xəbər və informasiya ilə işləyən bir şəxs kimi son illərdə mediada nə baş verdiyini necə ümumiləşdirərdiniz?

- Prosesi ümumiləşdirmək və təsvir etmək çətindir. Mən həmişə o məsələlərdən danışıram ki, orda iştirakçıyam və ya o məsələlərdə həmkarlarımız nəsə etməliydilər, amma etmədilər. Biz yalnız özümüzdən, təsir edə biləcəyimiz, amma etmədiyimiz halları müzakirə edə bilərik. Bu gün ən böyük problem media kapitanları hesab etdiyimiz, media ilə bağlı qurumların yuxarı başında oturan jurnalistlərimizin yeni nəsil jurnalistikasına baxışları və münasibətləridir. Onlar indi yalnız tədbirlərə getmək, saytlara irad tutmaq, media adına danışmaq, amma prinsipial məsələlərdə öz kölgələrini qorumaq missiyasından kənara çıxa bilmirlər. Çox təəssüflə qeyd etməliyəm ki, aparıcı media kapitanları, dostlarımız keçmişlə yaşayırlar. Bu yerdə "Dünənki işinə görə sağ ol, bugünkü işindən danış məsəli yada düşür. İndi dünyada proseslər elə sürətlə gedir ki, insan beyni belə, bəzən onunla ayaqlaşa bilmir. Heç kim inciməsin, bu mənim şəxsi fikrimdir.

Hansısa sayt inkişaf edirsə, cəmiyyətin nöqsanlarına diqqət yönəldirsə, niyə də buna dəstək olmayasan? Məmurlar düşünməsinlər ki, xalqın mənafeyini qorumağın, milli dəyərələrin nə olduğunu bizdən yaxşı bilirlər. Yaşlı və gənc nəsil arasında problem daim mövcud olacaq. Ən əziyyətli mövqe isə orta yaşlı nəslin nümayəndəsi olmaqdır. İki nəsil arasında körpünün yaranması hər zaman çətin olub. Bilirsiniz, indiki bəzi media kapitanlarına baxanda sovet dövrünü xatırlayıram, hansısa jurnalist icazəsiz heç bir məlumat verə bilməzdi. Amma hər dəqiqənin öz hökmü var. Dünən dünəndə qaldı. İrəli getmək, inkişaf etmək lazımdır. Millət olaraq bizdə bir xüsusiyyət var: qəhrəmanları sağlığında sevmirik, qiymət vermirik, onları öldürüb sonra əzizləyirik. Hazırda isə heç kim heç bir sahədə qəhrəman olmaq istəmir. Hamı qəhrəmanlığlı qarşıdakından gözləyir.

- Bu narazılığınız bir-iki gün əvvəl mətbuat katiblərinin yarıtmaz fəaliyyəti ilə bağlı açdığınız müzakirədə də müəyyən qədər öz əksini tapmışdı-¦

- Bilirsiniz, mətbuat xidmətlərinin rəhbərlərinin böyük əksəriyyəti dostluqdan sui-istifadə edirlər. Onlar mətbuata yalnız özlərinə sərf edən yazıları verirlər.

Hər hansı bir məlumatı bəyənmədikdə isə zəng edib silinməsini xahiş edirlər. Burada bir məqam var, hər hansı dövlət qurumunun fəaliyyəti şəffafdırsa, onun mətbuat katibi niyə açıqlama verməsin? Axı medianın işi nədən ibarətdir? Onun əsas işi qaranlıq tərəfləri işıqlandırmaqdır. Müstəqilliyi niyə əldə etmişik? Müstəqillik qaranlıqlardan azad olmaqdır, yox əgər biz əldə olan çıraqları da söndürəcəyiksə, qaranlıqda nə iş görə bilərik?

Problem onunla bağlıdır ki, bu gün bəzi qurumların mətbuat katibləri təmsil olunduqları dövlət orqanlarının rəhbəri ilə görüşə bilmirlər. Belə problem mövcuddur, halbuki, dünyanın hər yerində mətbuat xidmətinin rəhbəri təmsil olunduğu dövlət qurumunun cəmiyyətdəki simasıdır. Əsas məsələ ora həmin qurumun cəmiyyətdə müsbət obrazını yaradacaq adamın qoyulmasıdır. Bəzən bu vəzifələrdə həmin obrazları nüfuzdan salan adamlar yer alır.

Ümumiyyətlə, son illərdə qəribə bir təsnifatlandırma prosesi gedir. Bölgünün əsas prinsipi jurnalistlərin ögey və doğmalara bölünməsidir. Əsas istək və tələb mənfi məlumatın yayılmasının qarşısının alınmasıdır. Bir çərçivə yaradılıb və bu çərçivədən kimsə kənara çıxa bilmir. Bu tendensiya isə çox ciddi problemdir. Bu məsələlərin tənzimlənməsi ilə bağlı böyük bir tədbir keçirilməlidir, bu tədbir sadəcə tədbir xətrinə olmamalıdır. İndi bu kimi məsələləri Mətbuat Şurası tənzimləyir. Hansısa dövlət qurumu ilə media qurumu arasında mübahisə yarananda, mətbuat nümayəndələri düşünür ki, Mətbuat Şurası onları, dövlət qurumu isə düşünür ki, onu müdafiə edəcək. Bu, düşündürücü məqamdır.

- Sizin də dediyiniz kimi, Mətbuat Şurası bu məsələlərin tənzimlənməsində iştirak edir. Onun təsiri nədən ibarətdir?

- Mən çox arzu edərdim ki, Mətbuat Şurasının səlahiyyətləri genişləndirilsin. Mətbuat Şurasının funksiyaları hamıya məlumdur, media ilə dövlət qurumları arasında münasibətlərin tənzimlənməsi ilə məşğul olur. Amma bəzən ayrı-ayrı dövlət qurumlarının Mətbuat Şurasının tövsiyələrinə məhəl qoymadığnın da şahidi oluruq.