ABŞ-Azərbaycan münasibətlərində tərpəniş
ABŞ-Azərbaycan münasibətlərində tərpəniş

Xəzərdə təhlükəsizlik məsələsi

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə keçid artıq hiss olunmağa başlayıb. Öncəliklə ABŞ Dövlət Katibi Hillari Klintonun regiona səfəri və Azərbaycan hakimiyyəti ilə səmimi görüşləri və bundan sonra ABŞ-in Azərbaycana səfir təyin etməsi münasibətlərdə müsbət irəliləyişlər yaratdı. Amma məsələ bununla tamamlanmır. İndi isə birgə layihələrin davam etdirilməsi istiqamətində müəyyən işlər görülür. Belə ki, iyulun 24-də Vaşinqton şəhərində ABŞ və Azərbaycan arasında təhlükəsizlik dialoqu keçirilib. Məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Təhlükəsizlik dialoquna Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Araz Əzimov və digər hökumət rəsmiləri qatılıb.
ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Andrew J. Shapironun rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin tərkibinə dövlət katibinin köməkçilərinin müavinləri Eric Rubin, ABŞ müdafiə katibinin köməkçisinin müavini Celeste Wallander, ABŞ-ın enerji nazirinin köməkçisinin müavini William Bryan və digər yüksək vəzifəli şəxslər daxil olub.
Tədbirdə ABŞ-Azərbaycan əməkdaşlığı, enerji təhlükəsizliyi, dəniz təhlükəsizliyi, sərhəd təhlükəsizliyi sahəsində aparılan praktiki əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Əfqanıstan, regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında faydalı müzakirələr aparılıb.
Təhlükəsiz dialoqları Azərbaycan və ABŞ arasında 1997-ci ildən bəri keçirilir. Növbəti -14-cü təhlükəsizlik dialoqunun Bakıda keçirilməsi nəzərdə tutulur.
Aparılan müzakirələrin içərisində diqqqəti daha çox cəlb edəni isə dəniz təhlükəsizliyi məsələsidir.
Gəlin öncəliklə, Azərbaycanın atdığı addımlara dair "EurasiaReview" saytında dərc olunmuş "Azərbaycan HDQ Xəzərdəki silahlanma yarışında" adlı məqaləyə diqqət yetirək. Qeyd olunur ki, Azərbaycan Türkiyə, ABŞ və İsraillə hərbi sövdələşmələr fonunda regiondakı maraqlarını müdafiə etmək məsələsində daha qətiyyətli mövqe tutmağa başlayıb: "Sovet İttifaqı dağıldıqdan sonra, 1992-ci ilin iyulunda yaradılmış Azərbaycan Hərbi-Dəniz Qüvvələri Rusiya donanmasından sonra Xəzərdə ikinci güclü donanma hesab olunur. Qafqazdakı geosiyasi vəziyyət və bir vaxtlar rəsmi Moskva ilə Tehran arasında bölüşdürülmüş Xəzərdəki silahlanma yarışı dünyanın ən gərgin geosiyasi regionlarından birində öz maraqlarını qorumaq üçün rəsmi Bakını hərbi-dəniz potensialını inkişaf etdirməyə vadar edir".
Sayt Dövlət Sərhəd Xidmətinin Xəzərin Azərbaycana məxsus sektorunda bir həftəlik taktiki təlimləri başa çatdırması barədə məlumat yaydığını bildirib: "Neft və qaz yataqlarının, platformaların və ixrac kəmərlərinin müdafiəsi" adlı təlimlərə 1200-dək hərbçi, 21 gəmi, 20 qayıq, həmçinin, 8 vertolyot cəlb olunub. Təlimlərdə yüksək rütbəli şəxslər, o cümlədən, DSX-nin rəhbəri general-leytenant Elçin Quliyev və müdafiə naziri Səfər Əbiyev də iştirak edib".
Məqalə müəllifi 3 mərhələdən ibarət təlimlər zamanı 9 taktiki vəzifənin yerinə yetirildiyini yazır. Müəllif qeyd edir: "Adi terrorçu qruplaşmanın zərərsizləşdirilməsini nəzərdə tutan ilk mərhələ "İqla" zenit-raket sistemi vasitəsilə yerinə yetirilib. Bu, terrorçuların vertolyot, yaxud digər uçan aparatdan istifadə etdiyini sübut edir. İkinci mərhələdə iştirak edən gəmi və vertolyotlar sualtı qayıqları aşkar edib məhv etməklə məşğul olub. Üçüncü mərhələdə isə çağırışa cavab verməyərək dayanmayan gəmilərin saxlanması, gəmilərə hərbçilərin göndərilməsi, partlayıcı qurğu, narkotik və kütləvi qırğın silahlarının axtarılıb tapılması sınaqdan keçirilib".
Məqalədə təlimlər zamanı yuxarıda qeyd olunan silahlanma və hərbi texnikadan əlavə, zenit-raket qurğuları, ağır pulemyotlar və müxtəlif raket sistemlərindən istifadə olunmasının rəsmi Bakının, terrorçulardan daha çox, adi cinayətkarlardan gələn təhlükələrdən çəkindiyinin göstəricisi olduğu vurğulanır. Müəllif Rusiyanın bu yaxınlarda stels-sistemlə təchiz olunmuş "Mahaçkala" artilleriya gəmisini hazırladığını, Qazaxıstanın isə ilk yerli hərbi gəmi olan "Qazaxıstan" raket qayığını fəaliyyətə buraxdığını yazır. Onun fikrincə, Azərbaycan üçün potensial təhlükə cənubdan - İrandan gəlir: "Sovet İttifaqının Qırmızı Əmək Bayrağı ordenli Xəzər Donanmasının qalıqları əsasında yaranmış Azərbaycan donanması hazırda 2,5 min insan və 39 hərbi gəmidən ibarətdir. Bu gün isə - Vaşinqton Azərbaycanın hərbi dəniz donanmasının yaranmasında böyük rol oynayır".
Bu arada isə belə məlumatlar da yayılıb ki, qarşıdakı dövr ərzində Xəzərdə daha böyük miqdarda hərbi qüvvə yerləşdirilməsi gözlənir. Belə ki, Xəzəryanı ölkələr, İran istisna olunmaqla, 2012-2020-ci illər ərzində Hərbi Dəniz Qüvvələri və sahil mühafizəsinin döyüş sıralarına ümumilikdə 60-a yaxın hərbi gəmi və kater daxil edə bilər. Artıq cari ilin başlanğıcından ötən 5 ay ərzində Rusiya Xəzər dənizinə 1, Qazaxıstan isə 2 hərbi gəmi (1-i sahil mühafizəsi üçün) daxil edib. İyun-iyul aylarında Rusiya daha bir gəmini Xəzər flotiliyasının döyüş tərkibinə daxil etməyi planlaşdırır. Türkmənistan isə yaxın aylarda Türkiyə şirkəti ilə birgə istehsal etdiyi 2 gözətçi gəmisini silahlanmaya qəbul edəcək. Bununla belə, Qazaxıstan və Türkmənistanın sifarişlərini artırması gözlənir.
Bununla bağlı "AzeriDefence"nin müxtəlif mənbələrdən əldə etdiyi məlumatlar əsasında apardığı təhlillərə görə, hazırda verilmiş sifarişlər və baxılan proqramlar üzrə 2020-ci ilə qədər Qazaxıstanın 7-9 gəmi və kater, Rusiyanın ən azı 18, Türkmənistanın 12 gəmi və kater inşa etdirməsi mümkündür. Təbii ki, belə vəziyyətdə Azərbaycan da ən azı, öz təhlükəsizliyi naminə, Xəzərdə hərbi gücünü artırmağa məcburdur. İstisna edilmir ki, qarşıdakı 7-8 il ərzində, Azərbaycanın 16-18 arası gəmi və kater inşa etdirməsi reallaşsın. Sifarişlərdən bəlli olduğu qədər, Rusiya və Qazaxıstan əsas ağırlığı artilleriya-raket katerlərinə, kiçik qabaritli desant və mina-tral gəmilərinə, Azərbaycan və Türkmənistan isə sərhəd-gözətçi gəmilərinə və iti sürətli katerlərə verəcək.
Beləliklə aydın olan budur ki, bu istiqamətdə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi Azərbaycan üçün əlavə üstünlüklər verə bilər. Bunu da unutmayaq ki, hazırda İranla münasibətlər gərgindir və Xəzərdə sərhəddə sahibik, deməli məsələyə daha həssas yanaşmaq vacibdir.
Mehdi Əli