"İrana verdiyimiz notalar hələ də cavabsızdır"
"İrana verdiyimiz notalar hələ də cavabsızdır"

"Xarici İşlər Nazirliyinin İrana notalar verməsinə baxmayaraq, hələ də şairlərimizlə görüşmək mümkün olmayıb"

Bunu Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İrandakı şairlərin həbsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, şairlərin həbsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin İrana verdiyi 3 nota hələ də cavabsızdır: "Təəssüf ki, bizim diplomatlarımız hələ də həbsdə olan şairlərimizlə görüşə bilməyib. Amma Azərbaycan bütün qonşu dövlətlərlə, eləcə də qonşu olmayan dövlətlərlə strateji əməkdaşlığın inkişafında maraqlıdır. O cümlədən Azərbaycan tərəfi istəyir ki, bütün qonşu dövlətlərlə mehriban münasibətini davam etdirsin". Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə də münasibət bildirib.
Elnur Aslanov deyib ki, bununla bağlı rəsmi Bakının mövqeyi aydındır: "Məlumdur ki, Dağlıq Qarabağdakı qondarma rejim İrəvanın diqtəsi ilə oturub durur. Orada keçirilən qondarma seçkilər də sülh danışıqları prosesinə mənfi təsir göstərir. Hesab edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir və Azərbaycanın işğal etdikləri torpaqları dərhal azad etməlidirlər". "Bizə hər zaman peşəkar kadrlar, elmə yiyələnən insanlar lazımdır".
Bunu da gənc alimlərin II respublika innovativ ideya yarmarkasında çıxışı zamanı Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
E.Aslanovun sözlərinə görə, istənilən cəmiyyəti gələcəyə aparanlar intellektual potensiala malik insanlardır: "Ölkə başçısı İlham Əliyev gənclərə olan münasibətini "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramını təsdiq etməklə göstərdi. Bu proqram Azərbaycan dövlətçiliyi tarixində gənclər siyasətinə yönəlmiş və misli olmayan proqramlar sırasındadır".
E. Aslanov onu da qeyd edib ki, alimlərimiz təkcə Azərbaycan dili ilə kifayətlənməməli, Azərbaycanla məhdudlaşmamalıdır: "Bizim alimlərimiz gərək xarici ölkələrdə də tanınsınlar. Onların əsərləri xarici dillərdə nəşr olunsun".

Toğrul Əliyev