Hökumətdə Artur Rəsizadə müəmması
Hökumətdə Artur Rəsizadə müəmması

Baş nazir ətrafında sirli proseslər gedir

"Unikal" qəzetinin bir neçə gün əvvəlki sayında Azərbaycana səfərə gələn Monteneqro və Gürcüstanın baş nazirləri ilə görüşməyən Artur Rəsizadənin səhhətinin yenidən pisləşməsi və işə çıxmaması barədə yazı ölkə mətbuatına bomba kimi düşdü. Bunun ardınca ayrı-ayrı KİV-lərdə "Unikal"ın yazdıqlarını təsdiqləyən məlumatlar yer aldı.
Bəzi media orqanları baş nazirin səhhətinin pisləşməsini təsdiqləyərək onun müalicə üçün xaricə üz tutduğunu, bəzi informasiya quruluşları isə hətta hökumət başçısının gözlərindən birinin tutulduğunu yazdılar. İstənilən halda "Unikal"ın etibarlı qaynaqlarına istinadən yaydığı məlumatın əsassız olmadığına şübhə yeri qalmadı.
Maraqlıdır ki, bu müddətdə Nazirlər Kabinetindən heç bir münasibət sərgilənmədi. Hökumət yayıan xəbərləri rəsmi şəkildə yalanlamağa həvəs göçstərməklə faktiki olaraq iddiaların miqyasının həm genişlənməsinə, həm də dərinləşməsinə səbəb oldu.
Nəhayət dünən, bizim də əlimizə Artur Rəsizadənin artıq müalicədən geri döndüyü və iki gün ard-arda işə çıxdığı barədə məlumatlar çatdığı gün Nazirlər Kabinetindən rəsmi açıqlama gəldi. Belə ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirdi ki, mətbuatın Artur Rasizadənin səhhətilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur və Baş nazirin xaricdə müalicə olunması yalandır: "Baş nazir hazırda öz işinin başındadır, Nazirlər Kabinetinin fəaliyyətinə rəhbərlik edir".
Nazirlər Kabinetinin rəsmisi Baş nazirin iyul ayında məzuniyyətə çıxdığını təsdiqləyib: "Bəli, Artur müəllim iyulun 9-16-sı aralığında məzuniyyətdə olub. O da insandır, dincəlməyə ehtiyacı var. Qanunla Baş nazirin 36 günlük məzuniyyət haqqı var. Amma o, işin gərginliyini nəzərə alaraq, öz məzuniyyət müddətinin bir həftəsini istirahətdə olub. Həmin müddətdə də prosedura uyğun olaraq ölkəyə gələn qonaqları Baş nazirin birinci müavini Yaqub Eyyubov qarşılayıb, eyni zamanda Nazirlər Kabinetinin bu tarixlərdə verdiyi qərarlara imza atıb. Amma bir həftəlik məzuniyyətdən sonra Baş nazirin özü hazırda iş başındadır və səhhəti də qaydasındadır. Ona görə də mətbuatda bu məsələnin böyüdülməsinin heç bir əsası yoxdur".
Amma bizim mənbələrimiz Nazirlər Kabineti sözçüsündən fərqli düşünür: "Rəsizadənin sağlıq sorunları yaşadığı dəqiqdir. Azərbaycana iki gün fasilə iləiki ölkənin baş naziri gəlib. Əgər Nazirlər Kabinetinin rəhbərinin səhhətindəki problemlərlə əlaqədar təcili hansısa müayinə və müalicəyə ehtiyac yox idisə, Artur müəllim baş nazirlər səviyyəsində Azərbaycana gələn qonaqları qarşılayıb və qəbul edib sonra istirahət üçün məzuniyyət götürə bilməzdimi?"
Qaynağımız istisna etmir ki, Artur Rəsizadənin səhhətində problemlərin ciddiləşməsini və onun faktiki olaraq fəaliyyətini həyata keçirmək gücündə olmamasını ona görə mümkün olduğu qədər gizli saxlamağa çalışırlar ki, bu, hakimiyyətin onsuz da həm daxildən, həm xaricdən basqılarla, təzyiqlərlə üz-üzə qaldığı bir vaxtda baş nazirlik postu uğrunda savaşan iqtidariçi qrupları hərəkətə keçirməsin, intriqaları alovlandırıb əlavə və olduqca ağır nəticələri ola biləcək problem yaratmasın. Yəni sırf iqtidarın bu gün həmişəkindən çox ehtiyacı olduğu iqtidarın monolitiyinin qoruub-saxlanılması adına Rəsizadənin səhhət problemlərinin mümkün qədər gizli saxlanılması təbiidir.
İstənilən halda isə baş nazirin adı ətrafında müəmmalı proseslərin cərəyan etiyi açıq görünür. Hakimiyyətin yetərincə həssas bir dövrdən keçdiyi vaxtda bu müəmmalı durumun pərdə arxasında yaşananların sirr kimi saxlanılmasını isə anlayışla qarşılamaq lazımdır.
Azər Aslan