Anar Məmmədovun təşkilatı dövlət qeydiyyatından keçib
Anar Məmmədovun təşkilatı dövlət qeydiyyatından keçib

"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. İctimai Birliyin rəhbəri nəqliyyat nazirinin oğlu, "ZQAN Holdinq" şirkətinin prezidenti Anar Məmmədovdur.
Qeyd edək ki, iş adamı Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib. Nazirlikdən verilən məlumata görə, "Azərbaycan Qolf Federasiyası" İctimai Birliyi məqsədi qolf idman növünün Azərbaycanda inkişafına və təbliğinə kömək etməkdir.
Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınıb. Ona görə də bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb.
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş yaşıl sahədə qolf çubuqları və kiçik sərt topla oynanılan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. Qolf Qərb ölkələrində əsasən varlıların, aristokratların məşğul olduğu idman növü sayılır.
Azərbaycanda qeyd edək ki, kiçik qolf meydançaları var. Bakının Binə qəsəbəsində Azərbaycanda ən böyük qolf oyunu meydançalarından biri salınır. Qolf meydançasını Cənubi Koreyanın "Ko-lon" şirkəti inşa edir. Meydançanın sahəsi üçün 100 hektar ərazi ayrılıb.
Doğrudur, indiyədək Bakıda bəzi xarici şirkətlərə məxsus ərazilərdə onların öz işçiləri üçün bir neçə kiçik qolf meydançası yaradılıb. Binədə salınacaq 100 hektarlıq yeni meydança isə Bakıda qolf oynamaq üçün ən böyük idman arenalarından biri olacaq.
2012-ci ildə Qəbələnin ətraf ərazilərindən birində də dövlət büdcəsi hesabına qolf meydançası yaradılacaq. Qəbələ rayon İcra Hakimiyyətinin məlumatına görə, sahənin tikintisi üçün artıq 200 hektarlıq sahə ayrılıb.
Yaxın illərdə Azərbaycanda daha bir neçə böyük qolf meydançasının inşa olunacağı bildirlir.