Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Ximətinin rəisi, general-leytenant Mədət Quliyevin doğum günüdür. O, 59 yaşını qeyd edir. Məlumat üçün bildirək ki, Mədət Quliyev 1975-ci ildə Gəncədə yerləşən M.P.Vaqif adına 8 saylı orta məktəbi bitirib. 

Unikal.org Mədət Quliyevin təhsil aldığı məktəbin direktoru Lətifə Quliyeva ilə əlaqə saxlayıb.

L.Quliyeva öncə məktəb kollektivi adından Mədət Quliyevi doğum günü münasibətilə təbrik edib:

"Biz hər zaman bayramlarda onunla əlaqə saxlayıb, kollektivimiz adından təbrik etmişik. Bir daha Mədət müəllimi təbrik edirik. Biz fəxr edirik ki, məktəbimizin Mədət Quliyev kimi yetirməsi var. Ona cansağlığı, uzun ömür arzulayırıq.

L.Quliyeva rəhbərlik etdiyi məktbədə Milli Qəhrəmanın anası Zambaq xanımın dil-ədəbiyyat müəllimi çalışdığını deyib:

"Mədət müəllimin anası ilə təqaüdə gedənə qədər uzun müddət bir yerdə çalışmışıq. O, dəyərli insan olmaqla yanaşı, gözəl anadır və bizimlə yaxşı iş yoldaşı olub. Hazırda yaşa görə təqaüddədir. Biz Zambaq müəlliməyə ömür boyu minnətdarıq ki, o cür oğul tərbiyə edib. O hərdən bizimlə xatirələrini bölüşürdü. Danışırdı ki, M.Quliyev hər zaman ona "mama, mən həyatda hər şeyi sənin nağıllarındakı qəhrəmanlardan öyrənmişəm- deyirmiş.

L.Quliyeva DTX rəisi ilə bağlı məktəbdə xüsusi guşənin qoyulmamasının səbəblərini də açıqlayıb:

"Təəssüf ki, məktəbimizdə Mədət müəllimin xatirələrini əks etdirən bir guşə yoxdur. Buna Zambaq müəllimə icazə vermədi. Bizim məktəb kollektivi olaraq Mədət müəllimə hər zaman hörmət və ehtiramımız var.

M.P.Vaqif adına 8 saylı orta məktəbin təqaüddə olan müəlliməsi, Mədət Quliyevin ailə dostu Flora müəllimə də Milli Qəhrəman barəsində xatirələrini Unikal.org-la bölüşüb.

"Mədət müəllim gözəl insan, yaxşı övlad, yaxşı tələbə və yaxşı qonşu olub. O, mənim oğlumun idman müəllimi idi. Oğlum hər zaman Mədət müəllimi tərifləyərək onun yüksək insani keyfiyyətlərindən, xeyirxahlığından danışırdı. Oğlum deyirdi ki, o tələbələri arasında heç bir fərq qoymurdu. Anası ilə bir məktəbdə işləmişik. Eyni zamanda, qonşuyuq. Mən onlarla ailəvi dostam. Mədət müəllim rəhbər vəzifəyə layiq olan bir insandır. Məktəbdə də yaxşı şagird olub. Ona dərs deyən müəllimlərdən hər zaman onun haqqında yaxşı sözlər eşitmişəm. Xüsusən hərbi müəllimi onu çox tərifləyirdi.