Bakıda işıqforları kim nizamlayır?
Bakıda işıqforları kim nizamlayır?

Statkom-un qarşısındakı problem həll edilmir

Statistika Komitəsinin qarşısındakı işıqfor həmişə sönülü olur. Bu barədə Seymur adlı oxucu məlumat verib.
"Yol polisi əməkdaşları hərdən nəqliyyatın hərəkətini tənzimləyirlər, lakin burada avtomobil axını həmişə çox olur. Yol nizamlanmayanda hərəkət etmək çox çətindir. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti nizamlamaqdansa, oradan 200 metr yuxarıda, "Olimp" mağazasının qarşısında dayanıb, demək olar ki, bütün avtomobilləri saxlayırlar. Bununla da tıxac yaradırlar", - oxucu öz məktubunda qeyd edib.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinin nəzdində "Siqnal" idarəsinin baş mühəndisi Yunus Qafarovla əlaqə saxladıq. "Qeyd olunan ünvanda işıqforların söndürülməsi barədə məlumatım var. Bu gün Bakıda işıqforla nizamlanan 149 yol ayrıcı var. Bunların hamısı da Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Onlar işıqforları nizamlayırlar. Bu addımlar tıxacların qarşısını almaq üçün atılır. Baş Dövlət Yol Polisi İdarəsi və "Siqnal" idarəsinin bu məsələyə aidiyyatı yoxdur", - Yunus Qafarov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan ünvanda həmişə yol polisi əməkdaşları xidmət aparırlar. "Yol polisi müfəttişləri nəqliyyatın hərəkətini tənzimləyirlər", - o qeyd edib.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində də işıqforların nizamlanması faktını təsdiqləyiblər. Qeyd olunub ki, bu addım nəqliyyatın hərəkətini tənzimləmək məqsədi ilə atılır.
Aliyə