Dövlət Əmək Müfəttişliyi İtaliya şirkəti qarşısında niyə acizdir?
Dövlət Əmək Müfəttişliyi İtaliya şirkəti qarşısında niyə acizdir?

"Todini" Bakı-Ələt yolunda fəhlələri 42 dərəcə istidə işlədir, Rauf Tağıyevin qurumu isə susur

Ölkənin aran rayonlarında havanın temperaturu +42 dərəcəyə çatsa da, Ələt-Astara avtomobil yolunda inşaat işləri davam edir. İşlər İtaliyanın Todini şirkəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu, Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması faktıdır. Belə ki, qanunla 40 dərəcədən yüksək temperaturda açıq havada işləmək qadağan edilib. Amma İtaliya şirkəti həmin tələbləri saya salmır.
Bundan başqa, şirkətdə çalışan inşaatçıların iş günü 11 saata qədər uzadılıb. Bu zaman onlara həftədə bir gün istirahət verilir. Fəhlələrə normadan artıq işə görə isə əlavə ödəniş edilmir, onların aylıq maaşı 450-500 manat olaraq qalır.
Layihə rəhbərinin köməkçisi Yunis Axroyev bu yaxınlarda məsələ ilə maraqlanan hüquqşünasların sözügedən faktlarla bağlı şərh vermək xahişinə cavabda "bütün baş verənlərin fəhlələrin öz razılığı ilə olub" deyə bildirib.
Təbii ki, yaranmış problemlərin həllində əsas məsuliyyət Dövlət Əmək Müfəttişliyinə düşür. Bu qurumun səssizliyi isə adəti üzrə Müfəttişliyin yenə də işçilərin yox, işəgötürənlərin maraqlarının müdafiəçisi rolunda çıxış etmək niyyətində olduğunu göstərir. Belə ki, "Todini"nin qanunsuzuqları ilə bağlı Dövlət Əmək Müfəttişliyinin Ərazi İdarəsində heç bir tədbir görmək istəməyiblər, bu məsələlərin Baş Müfəttişlik İdarəsinin səlahiyyətində olduğunu əsas gətiriblər.
Biz Rauf Tağıyevin Dövlət Əmək Müfəttişliyinin bu cür münasibətinə təəccüblənmirik, çünki yuxarıda da işarət etdiyimiz kimi, bu quru miri layihələrin icraçıları qarşısında daim acizlik göstərir, susqunluq nümayiş etdirir, işəgötürənlərin işçilərin maddi və mənəvi haqlarını sümürməsinə təpkisiz qalır, səlahiyyətlərindən irəli gələn görəvlərini yerinə yetirməkdə maraqlı görünmür. Bunun isə işəgötürənlər tərəfindən qarşılıqsız qaldığını düşünmək sadəlöhvlük olardı.
Onu da deyək ki, Ələt-Astara yolunun tikintisində işləyən fəhlələr dəfələrlə hüquqlarının pozulması ilə əlaqədar etiraz aksiyaları keçiriblər. Bir neçə ay əvvəl yerli fəhlələri təhqir edən Todini şirkətinin Salyan ofisinin rəhbəri Brakoletti qovulub. Lakin fəhlələrin hüquqları sahəsində vəziyyət çox az dəyişib və yerli işçilərə qarşı ayrı-seçkilik davam edir.
Belə ki, eyni işə görə azərbaycanlı buldozerçi 1000-1100 AZN aldığı halda, xarici ölkələrdən gətirilmiş buldozerçilərə 2000 AZN maaş ödənilir.
Bütün bunlardan Dövlət Əmək Müfəttişliyi xəbərdar olsa da, qurum susur. Artıq heç işçilər də Müfəttişlikdən onların dərdinə dərman olmağı gözləmirlər. Bu qurum onlar üçün faktiki mövcud deyil.
Xatırladaq ki, Ələt-Astara yolunun 112 km-lik hissəsi (Bakının cənubunda 70-ci km-də nəqliyyat qovşağından İran sərhədinə qədər) Dünya Bankı tərəfindən maliyyələşdirilir. Ələt-Astara yolunun tikintisi 2011-ci ilin fevralında başlayıb və 2013-cü ildə başa çatacaq.
Murad Can