BMT baş katibi Suriyaya müdaxilə tələb etdi
BMT baş katibi Suriyaya müdaxilə tələb etdi

Ərdoğan da Bəşər Əsədin üzərinə yeriyə biləcəklərinin mesajını verdi

BMT baş katibi Pan Gi Mun Suriya ilə bağlı dünya ictimaiyyətinə səslənib. Baş katib bildirib ki, dünya ictimaiyyəti Suriyada gedən "qanlı müharibəni" dayandırmaq üçün əlindən gələn hər şeyi etməlidir.

Pan Gi Munun sözlərinə görə, dünya ictimaiyyəti Liviyada və Kot-D`İvuarda olduğu kimi, Suriyada da beynəxalq humanitar hüququn pozulmasına cavab verməlidir.
Xatırladaq ki, ötən ilə BMT Liviya və Kot-D`İvuarda mülki şəxslərin qorunması üçün adıçəkilən ölkələrə müdaxiləni təsdiqləmişdi.
Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Əsəd rejiminə qarşı sərt xəbərdarlıqla çıxış edib. Ərdğan Suriyada yaşanan vəhşətə səssiz qalmağın mümkün olmadığını və Əsəd rejiminin Türkiyəyə də təhdid yaratmaq üzrə olduğunu vurğulayıb. Ərdoğan Suriyaya hərbi müdaxilə haqqını özlərində saxladıqlarını da deyib.

Bəşər Əsəd tərəfdarını pəncərədən atdılar

Son günlər internetdə yayılan və Suriyada çəkildiyi iddia olunan video-çarx isə görənləri şoka salır. Qeyd edək ki, görüntüdə Bəşər Əsəd tərəfdarı olduğu güman edilən bir nəfərin üsyançılar tərəfindən pəncərədən atıldığı nümayiş olunur.
Fəryadla müqavimət göstərməyə çalışan şəxsin aqibəti məlum deyil. Videonu çəkən şəxs isə ərəbcə dəfələrlə onun "xain" olduğunu vurğulayır.
Əsəd ailəsinin tanınmış üzvləri ilə tanışlıq: Bəşər Əsəd özü və ölən qardaşı Basel!
Və dünənki sayımızdan başlayaraq, Suriyada yaşananlarla bağlı materialımızı Əsəd ailəsinin tanınmış üzvləri ilə tanışlıqla davam etdiririk. Bu gün sizə Bəşər Əsəd və onun qardaşı Basel Əsədin həyat tarixçələrini anladacağıq.
Öncə Basel Əsəd haqqında… O, Hafiz Əsədin ikinci övladı olub. 1962-ci ildə doğulan Basel Hafizin ən sevimli övladı sayılır. Suriya lideri öz yerinə də məhz onu hazırlayırmış. O, "Suriyanın qızıl oğlu" ləqəbi də alıbmış. Ciddi bir gənc olan Basel mülki mühəndisliyi öyrənirmiş, kompüterlərlə maraqlanırmış, yaxşı idmançı sıyılırmış (atçılıq üzrə Suriya olimpiya yığmasının rəhbəri olub), paraşütdən tullanma, stend atıcılığı və yaxta idmanı ilə məşğul olub.
Elitar komanda kursunu bitirən Basel, eyni zamanda siyasi elmlər doktoru adı da alıb. 1990-cı illərin əvvəlində isə Respublika Qvardiyasının elitar diviziyasının briqada komandirinə kimi yüksəlib. Nəzəri cəhətdən tankçı olsa da, döyüş pilotu kursunu bitirib və MiQ-21 təyyarəsində uçurmuş. Hafiz Əsədin 1991-ci ildə prezident seçilməsi zamanı Baselin də şəkilləri divarlara yapışdırılıb. İdman aləmində uğurlarına görə, YUNESKO-nun ordeni ilə təltif edilib.
BƏƏS partiyasında Basel Əsədə "qızıl cəngavər" adı verilibmiş. O, cəmiyyətə təmizliyin və düzgünlüyün simvolu kimi təqdim edilirmiş. Atasının şəxsi mühafizəsinə cavabdeh olan Basel korrupsiya əleyhinə də mübarizə aparırmış. Livanla sərhəddə qaçaqmalçılarla mübarizə aparan qüvvələr də Baselin əsgərləri olub. Fransız dilində çox gözəl danışırmış.
Amma onun barəsində yaradılan imic həqiqətdən bir qədər uzaq da olub. Basel əzazilliyi ilə də məşhurlaşıb. Bacısı Buşra Asəf Şevkətlə ailə quracağını bildirəndə, Basel ona ciddi xəbərdarlıq edib. Onun göstərişi ilə Şevkət 3 dəfə həbs edilib. Amma bu, sevgililəri ayıra bilməyib. Deyilənə görə, Basel bir dəfə bacısını Şevkətlə bir yerdə tutunda, Buşranı yarımcan olana qədər döyüb.
Suriyanın gələcəyi olacaq "qızıl cəngavər" 1994-cü il yanvarın 21-də Dəməşq hava limanına gedən yolda avtomobil qəzasına uğrayıb. Sürəti 130 kilometrə qaldıran Basel yolda təmir işləri səbəbindən qoyulan maneələri keçə bilməyib və idarəetməni itirib. Avtomobil bir neçə dəfə aşıb və Basel yerindəcə keçinib. Sərnişin yerində sonralar Bəşər Əsədin yaxın dostuna çevriləcək Rami Məxluf oturubmuş. Sürücü isə arxa oturacaqda oturub və ona ümumiyyətlə heç nə olmayıb.
Baselin ölümü Suriyanı şoka salıb. Dəməşqdə sui-qəsdlə bağlı versiyalar yaranıb. Onlardan birinə görə, sui-qəsdi Hafiz Əsədlə barışmayan qardaşı Rifat törədib. İkinci versiya Baselin korrupsiya əleyhinə fəaliyyətindən narazı qalan qaçaqmalçılarla bağlı olub. Nəhayət, onu Buşranın gələcək həyat yoldaşı Şevkətin öldürə biləcəyi ilə bağlı da versiya olub.
Hafiz Əsəd dərhal Baselin yerini tutacaq şəxsi hazırlamağa başlayıb. Bu şəxs Bəşər Əsəd olub. Londonda oftomoloji kvalifikasiyasını artırmaqla məşğul olan Bəşər Əsəd dərhal ölkəyə qaytarılıb.
Gələk Suriyada hazırda baş verənlərin əsas "qəhrəman"ı olan Bəşər Əsədə… O, Hafiz Əsədin üçüncü övladıdır. 1965-ci il sentyabrın 11-də Dəməşqdə doğulub. İbtidai və orta təhsilini Dəməşqdəki "Hürriyə" elitar ərəb-fransız liseyində alıb. 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini bitirib və Tişrin hospitalında işləməyə başlayıb. 1991-ci ildə Londona təkmilləşdirmə institutuna gedən Bəşər Suriya prezidentinin oğlu olduğunun bilinməməsi üçün özünə təxəllüs götürüb. Beynəlxalq simpoziumlarda iştirak edən Bəşər Əsəd, boş vaxtlarını əyləncədə deyil, suriyalı ziyalıların arasında keçirməyə üstünlük verib. O, tibb elmindən əlavə, informatika ilə də maraqlanıb.
Qardaşı Baselin ölümündən sonra Suriyaya qayıdıb Homs şəhərində hərbi akademiyaya daxil olub. 1995-ci ildə tank batalyonuna rəhbərlik edib, sonra isə Respublika Qvardiyasının komandanı təyin edilib. 1999-cu ilin yanvarında ona polkovnik rütbəsi verilib.
Hafiz Əsədin ölümünün ertəsi günü vitse-prezident Haddam Bəşər Əsədə general-leytenant rütbəsi verib və onu ordunun ali baş komandanı təyin edib. 2000-ci il iyunun 20-də BƏƏS partiyası onun namizədliyini prezident postuna irəli sürüb və 1 həftə sonra parlament yeganə namizədi dəstəkləyib. İyulun 20-də ümumxalq referendumunda Bəşər Əsəd Suriya prezidenti seçilib. Qeyd edək ki, o, 2007-ci ildə keçirilən referendumda ikinci dəfə bu posta yiyələnib.
Bəşər Əsəd 2001-ci il yanvarın 1-də Homs şəhərinin məşhur sünni klanından olan Asma əl-Ahrasla evlənib.
Asma müsahibələrindən birində bildirib ki, onların ailələri arasında köhnə əlaqələr olub: "Yay tətilində valideynlərim məzuniyyət götürürdü və biz İngiltərədən Suriyaya qayıdırdıq. Bu zaman biz Bəşərlə söhbət edirdik. Biz İngiltərədə olanda da söhbət edirdik. Bu elə bir hadisədir ki, uşaqlıq dostu sevgiyə çevrilir". Bu nikahdan Bəşər Əsədin 2001 və 2004-cü ildə 2 oğlu və 2003-cü ildə bir qızı doğulub. Bəşər böyük oğlunu atasının şərəfinə Hafiz adlandırıb. Ərəb, fransız və ingilis dillərini bilir.
Sabahkı sayımızda Əsəd ailəsinin daha iki məşhur üzvü - Bəşər Əsədin qəddarlıqda özündən geri qalmayan ən balaca qardaşı Mahir Əsəd və tərcümeyi halı kəskin fərqlənən başqa bir qardaşı Məcid Əsədin həyati tarixçələri ilə tanış edəcəyik.
Kənan Rzaquliyev