"Ərəb baharı"ndan sonra indi də "Orta Asiya yayı"?
"Ərəb baharı"ndan sonra indi də "Orta Asiya yayı"?

Tacikistanda baş verənlərlə bağlı ilginc fikirlər səslənir

Bu ilin iyulun 21-də Tacikistan gözlənilmədən qarışdı. Həmin gün təhlükəsizlik qüvvələrinin yüksəkvəzifəli zabitinin öldürülməsindən sonra hökumət ölkənin şərqində "yaraqlılar" adlandırdığı qrupa qarşı hərbi əməliyyatlara başlayıb.

İndiyə qədər həmin yaraqlıların kimlər olduğu barədə rəsmi məlumat verilmir. Yalnız hər iki tərəfdən 60-a yaxın adamın həlak olduğu bildirilir. Qeyri-rəsmi məlumatlarda isə ölü sayının 200-ün üzərində olduğu iddia olunur.
Hazırda Tacikistandakı gərginlik qalır. Srağagün Tacikistan prezidenti İmaməli Rahmon silahlı qrupun üzvlərindən təcili silahı yerə qoyub təslim olmağı tələb edib. Prezident deyib ki, bütün kriminal qruplar qanun qarşısında cavab verəcəklər.
İyulun 25-də hökumətin təcili iclasında isə prezident Rahmon silahı yerə qoyanlara amnistiya vəd etmişdi.
Bəs Tacikistanda nə baş verir? Olayların pərdəarxasında nə yatır?
Müşahidəçilər Tacikistanda baş verənləri qiymətləndirərkən məlumat axınını iki yerə bölürlər: hadisələrin real axını və onların siyasi mənası. Bu günə olan xəbər lentindən məlumdur ki, orada hələ də xoşagəlməz şeylər baş verir, xüsusi əməliyyat aparılır, yüzlərlə insan həlak olur və bütün bunların günahkarı hazırkı hakimiyyət və prezident İmaməli Rahmondur.
Hər şey Tacikistanda 1992-1997-ci illərdə baş vermiş vətəndaş müharibəsi iştirakçıları, iki keçmiş sahə komandiri arasındakı münaqişədən başladı. Münaqişədə sözsüz qalib olmadı və məsələ sülh razılığının bağlanması ilə sona çatdı. Bu razılığa əsasən birləşmiş müxalifət hökumətin idarəsində 30%-lik kvota qazandı.
Elə bu vaxt son hadisələrin əsas iki fiqurunun yolları kəsişdi. Onlardan biri, general Abdulla Nazarov kifayət qədər sürətlə prezidentin tərəfinə keçdi və yüksək vəzifəyə- Dövlət Milli Təhlükəsizlik Komitəsinin başına təyin edildi. Digəri, Tolib Ayembekov Dağlıq Badahşanda qaldı və bir müddət sonra Əfqanıstanla sərhədləri qoruyan yarım bölüklərdən birinin komandiri təyin edildi.
İki il əvvəl Nazarovun problemləri başlayır: Qırğızıstan hakimiyyəti onu devrilmiş prezident Kurmanbek Bakiyevin qardaşı, Janşa Bakiyevi gizlətməkdə günahlandırdı. Skandalı ört-basdır etdilər, amma Nazarovu paytaxtdan qovub, Dağlıq Badahşan əyalətinin milli təhlükəsizlik komitəsinin rəhbəri təyin etdilər. O yenə də çox sürətlə rayon vasitəsilə Əfqanıstandan keçən narkotrafikə qoşulur.
Hələ ki Nazarovun kimə- mərkəzi hakimiyyətə, yoxsa özünə oynadığı məlum deyil. Amma istənilən halda o, Pamirin bu yüksək dağlıq rayonuna yad idi. Rayon etnik tərkibinə görə Tacikistanın digər qərb rayonlarından sərt şəkildə fərqlənir, əsasən şiələrin ismaili cərəyanına məxsusdur, iqtisadiyyatı zəifdir və separatçı əhval ruhiyyəlidir. Orada da Düşənbədəki kimi cəmiyyət klan strukturu üzərində qurulub ki, elə məhz bu da münaqişəyə səbəb oldu.
Rəsmi versiyalara görə, general Nazarov komandir Tolib Ayembekovun rəhbərlik etdiyi quldur dəstənin üzvləri tərəfindən narkomafiyanın quyruğunu tapdaladığı üçün öldürülüb. Yerli sakinlər isə deyirlər ki, ya Nazarov həddindən artıq gözəgirən hərəkətləri, döyüşə təhrik etməsinə görə öldürülüb, ya da tərəfdaşlarına yarım ton heroin atdığına görə. Amma nəticədə bu elə də mühüm deyil, istənilən halda hakimiyyət bu səviyyədə olan məmurun öldürülməsinə susa bilməzdi.
Rayonun xüsusiyyətlərini çox gözəl bilən hakimiyyət nümayəndələri iki gün ərzində - qətl şənbə günü törədilib- qatilin təhvil verilməsi barədə danışıqlara başlayır. Amma yerli avtoritetlər yaxın durmurlar: Nazarovun zorakı qətlini etiraf edən qüvvələr qəti olaraq qatili verməkdən imtina edirlər.
Yerli sakinlərin böyük əksəriyyəti də bu mövqeni dəstəkləyirlər. Onlar mərkəzi hakimiyyətə kifayət qədər neqativ yanaşırlar və "Badahşandan təslim yoxdur" prinsipini bölüşürlər. Bazar ertəsi Dağlıq Badahşanın inzibati mərkəzi Xoroqedə çoxsaylı adamın iştirakı ilə mitinq keçirildi. Mitinqçilər rayona nəzarət edən sahə komandirlərinə dəstək oldular.
Bir çox parametrlərinə görə 90-cı illərdə Tacikistanın tərkibindən çıxmaq istəyən Dağlıq Badahşan Çeçenistanı xatırladır. Təəccüblənmək lazım deyil ki, xüsusi xidmət orqanları və MTN-nin apardığı əməliyyat silahlı qarşıdurmaya çevrildi və Pamirin qeyri-rəsmi lideri Edqor Şomusalamovla, oğlanlarından biri Tolibek Ayembekovun öldürülməsi ehtirasları daha da qızışdırdı. Əksər ekspertlərin fikrincə, hakimiyyətin vəziyyəti ələ almaq üçün kifayət qədər resursu var,amma bu heç də tam qələbə olmayacaq. Çünki sahə komandirlərinin qüvvələrini belə sürətlə toplaması və əhalini sürətlə səfərbər etməsinin gizlində bir çox qatları var: məsələn, etnik və dini, kriminal və sosial. İnsanlar əllərində silahlarla kriminal biznesə əsaslanan həyat tərzlərini qorumağa hazırdırlar. Amma bu heç də hamısı deyil.
Bütün bu hadisələrdə ən xoşagəlməz və narahatedici məqam internetdə və mətbuatda yayılan səs-küylü məlumat oldu. Hərbçilərin rayona yeridilməsinə bir gün qalmış Tacikistan sosial-demokrat partiyasının Dağlıq Badahşan bölməsinin sədri Alim Şerzamonov "K+" (Qazaxıstan və Orta Asiya Xəbərləri) kanalında çıxış edərək, əminliklə hadisələrin gələcək axınından xəbər verdi: geniş miqyaslı əməliyyat və mülki əhali arasında qurbanlar. Hər şey elə də baş verdi: "Tacikistanda qırğın" və " azı iki yüz ölü".
Sonra Rahmon rejiminin cinayətləri və baş verənlərin siyasi məğzi barədə məlumatlar çıxmağa başladı:" Pamirdə etnik təmizlənmə aparılır... şəhəri havadan bombalayırlar... mülki əhali arasında çoxsaylı qurbanlar"; " Badahşanın qeyri-rəsmi lideri Edqor Şomusalamov danışıqlar üçün silahsız çıxdı amma güllələndi"; "Rahmon Nazarovun ölümündən istifadə edir ki, Dağlıq Badahşanın xeyirsiz və nəzarətsiz elitası ilə hesablaşsın"; "Pamir- Tacikistan demokratik qüvvələri üçün son istinadgahdır".
Moskvadakı Tacikistan səfirliyinin və Sankt-Peterburqdakı qonaq evinin qarşısında Dağlıq Badahşan sakinlərinin mitinqləri keçirildi. Onlar hərbi müdaxilənin qarşısının alınmasını tələb edirdilər. Mətbuat isə yeni proqnozlar verirdi: "Birləşmiş tacik müxalifətinin keçmiş sahə komandirlərini Düşənbədəki silahdaşları dəstəkləyirlər", "Əfqanıstandan Tacikistana sahə komandirlərini dəstəkləmək məqsədilə döyüşçü qrup hərəkət edir", " Bütün ölkə Rahmonla mübarizədə Pamiri dəstəkləyir", "İki-üç günə bu hakimiyyət siyasi arenadan gedəcək".
Bütün bunlar necə də Tunis, Misir və Liviyada yaşananlara oxşayır. Bu bir tərəfdən də ekspertlərin şərhlərini təsdiqləyir. Onlar hesab edirlər ki, "Dağlıq Badahşandakı qeyri stabillik Tacikistan ərazisindəkiu əfqan döyüşçüləri üçün çıxış yolu yaradır", " yeni vətəndaş müharibəsi qaçılmazdır və bu onun nəticəsidir ki, prezident Rahmon hakimiyyətdən bərk yapışıb, ölkəni azad nəfəs almağa qoymur". Bu isə Suriyanı xatırladır.
Amma ən maraqlısı odur ki, nə üç il qabaq Tacikistanın Raştska rayonunda aparılan hərbi əməliyyatlar zamanı, nə iki il qabaq Dağlıq Badahşanın bundan öncəki "təmizlənməsi" zamanı, nə də ölkənin digər rayonlarında yerləşən müxalifət ocaqlarının əzilməsinə istiqamətlənmiş bir çox hadisələr zamanı heç kimdən səs də çıxmamışdı.
Heç kim üçün sirr deyil ki, Tacikistan heç də stabil ölkə deyil, o cümlədən nə Rahmonun rejimi ağ və parlaq, nə də müxalifətçilər demokratik və liberaldır. Hər iki tərəf kriminaldır, qeyri-qanuni biznes fəaliyyəti ilə məşğuldurlar: Əfqanıstandan Tacikistana narkotik, Tacikistandan Əfqanıstana spirtli içki alveri. Hər iki tərəf bir-biri ilə sərhədlərə nəzarət üstündə rəqabət aparırlar.
Hə, belə hakimiyyət çox pisdir, amma belə müxalifət də pisdir. Yaxşı, bəs niyə bu həftəyə qədər bütün qırğınlar xalça altından gedirdi, bu həftə isə hər şey birdən birə məlumat sahəsinə ötürüldü? Bəlkə "Ərəb baharı"nı yavaş-yavaş "Orta Asiya yayı" əvəzləyir? Tacikistan kimi müxtəlif problemləri olan ölkədə bəhanə tapmaqdan asan isə heç nə yoxdur.

Kənan Rzaquliyev