Azərbaycanlı avtoritetlərin davası
Azərbaycanlı avtoritetlərin davası

Son zamanlar Azərbaycanda müəyyən silahlı qətllərin, basqınların baş verməsi heç kimin diqqətindən yayınmır. Çünki bu qətllərdə bir oxşarlıq və qrup şəkilində olması artıq məsələnin ciddiliyindən xəbər verir. Bunu da qeyd edək ki, 1995-ci ilə qədər Azərbaycanda "qanuni oğrular" kifayət qədər aktiv olsalarda, sonradan onların fəaliyyəti məhdudlaşdı və nəticədə əksəriyyəti ölkəni tərk edərək Rusiyaya getdi.
Amma son iki il ərzində Rusiyada da "qanuni oğrulara" qarşı bir savaş açıldı və demək olar ki, çox nüfuzlu similar öldürüldü. Düzdür bildirildi ki, bu qruplar arası savaşın nəticəsi idi. Amma ekspertlər bildirdilər ki, bu işin arxasında Rusiya hakimiyyətinin özü durur. Bundan sonar bu şəxslər Rusiyada fəaliyyətlərini məhdudlaşdırdılar və Azərbaycanda, Ukraynada görünməyə başladılar və artıq bunun fəsadları görünməyə başlayıb. Belə ki, hazırda Azərbaycanın iki nüfuzlu avtoritetinin üz-üzə gəldiyi söylənilir. Məlumata görə, iki azərbaycanlı avtoritet - Rövşən Lənkəranski ilə Qoca ləqəbli Əlibalanın münasibətləri olduqca kəskinləşib. Bir neçə il əvvəl MDB-nin bir nömrəli avtoriteti sayılan Lotu Hikmətin, ondan sonra isə "Yaponçik" adlı avtoritetin qətlə yetirilməsindən sonra onların yerinə iddialı olan şəxslər arasında nüfuz davası getməsi ilə bağlı ara-sıra mətbuatda məlumatlar yayılır. Həmin məlumatlarda adı keçən əsas şəxlərdən biri Rövşən Lənkəranskidir.
Bu gün redaksiyamıza daxil olan bir məlumat avtoritetlər arasında baş verən nüfuz davasının yeni detalları haqqında ilginc informasiyaları özündə cəmləşdirir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Rövşən Lənkəranski ilə Qoca adlı avtoritetin nüfuz davası artıq həm Rusiya ərazisində fəaliyyət göstərən oğru dünyasını, həm də Azərbaycan həbsxanalarındakı vəziyyəti əməllicə qarışdırıb. Azərbaycan həbsxanalarında bu iki şəxsin adamları arasında qarşıdurma pik həddə çatıb. Məlumatlara görə, bir müddət əvvəl Qobustan Qapalı Təcridxanasında Rövşən Lənkəranskinin adamı sayılan Elçin adlı şəxs burada "polojeniya"ya nəzarətçisi kimi təqdim edilib. Lakin Qoca məsələyə müdaxilə edərək öz adamı olan "Nuruş" adlı naxçıvanlı məhbusu Elçinə alternativ kimi irəli sürüb. Hər iki şəxsin arasında "polojeniya"ya nəzarət etmək üstündə mübahisələr o həddə çatıb ki, artıq Qobustanda məhbuslar iki yerə parçalanaraq əməlli-başlı qarşıdurmaya gediblər.
Adı çəkilən avtoritetlərin nüfuz davası təkcə həbsxana divarları arasında deyil, bayırda da davam edir. Deyilənə görə, bir neçə gün əvvəl "Min bir gecə" restoranında baş verən qətl hsdisəsi də iki avtoritet arasındakı münasibətlərin nəticəsidir. Burada əsas mübahisə qeyd etdiyimiz kimi Rövşən Lənkəranski ilə Qocanın arasında gedir. Onların hər ikisi özünü MDB-nin bir nömrəli avtoriteti kimi qəbul etdirmək istəyir. Hətta qonşu ölkələrin, o cümlədən Gürcüstan lotularının da məsələyə qarışdıqları haqda xəbərlər var. Onların Qocanın tərfadarı kimi çıxış etdikləri və bu yaxınlarda Dubayda Rövşən Lənkəranski ilə "razborka"larının baş verdiyi haqda məlumatlar var. Həmin "razborka"da hətta gürcü avtoritetlər Rövşənə iki bıçaq zərbəsi vuraraq onu yaralayıblar.
Xatırladaq ki, Rövşən Lənkəranski haqqında məlumatlar Azərbaycan ictimaiyyətində daha çoxdur.
Bu arada bir məqamı da qeyd edək ki, bir müddət əvvəl Penitensiar Xidmətin rəisi general Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycan həbsxanalarında heç bir lotunun olmadığını demişdi. General bildirmişdi ki, bu cür temalar arxada qalıb və hazırda həbsxanalarda belə bir vəziyyət hökm sürmür. Lakin bu məlumat və adı çəkilən hər iki avtoritetin nüfuz davası vəziyyətin ayrı cür olduğunu göstətir.
Məlumatlar var ki, yaxın günlərdə adı çəkilən avtoritetlər arasında yaşanan "razborka"ların digər məqamları da üzə çıxacaq.
Mehdi Əli