Hacıbala Abutalıbovun "fontan korrupsiyası" təsdiqləndi
Hacıbala Abutalıbovun "fontan korrupsiyası" təsdiqləndi

Paytaxtdakı fəvvarələr ən gərəkli vaxtda - günorta saatlarında niyə susur?

Qızmar istidən qorunmaq üçün paytaxt sakinlərinin ən çox üz tutduğu məkanlardan biri istirahət parklarıdır. Parklarda sərinlik gətirən fəvvarələr quraşdırılsa da, onlardan bəziləri fəaliyyət göstərmir, bəziləri isə müəyyən fasilələrlə işləyir.
Özü də günün ən isti saatlarında, yəni günorta yox, əsasən səhər tezdən və axşam. Bunun şahidi olmaq üçün istirahət parklarına baş çəkmək kifayətdir.
Üz tutduğumuz parklardan birinin işçilərindən fəvvarələrin hansı səbəbə görə işləmədiyini soruşduq. Şifahi də olsa öyrəndik ki, parkdakı fəvvarələr gün ərzində fasilələrlə işləyir, səhər saat 00.09-dan axşam 00.00-yə kimi. Elektrik ilə işlədiyinə görə isə arada bir neçə saat fasilə verilir. Axşam saat 18.00-dan sonra isə onların işləməsində heç bir problem yaşanmır. Amma elektrik verilişində problem olarsa, o zaman fəvvarələr ümumiyyətlə işləmir.
Növbəti bir istirahət parkında da eyni mənzərəylə qarşılaşdıq. Fəvvarələrin vaxtı-vaxtında işləməməsi istirahətə üz tutan sakinlərin də gileyinə səbəb olub. Fəvvarələr məcazi mənada olsa da susmuşdu. Halbuki qızmar istilərdə fəvvarələr işləyəndə qismən də olsa hava sərinləyir, bu da istirahət edənlərə müsbət təsir göstərir.
Parklardan birinin əməkdaşı isə adının çəkilməməsi şərti ilə maraqlı bir açıqlama verdi. Dedi ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun birbaşa istəyi və nəzarəti ilə paytaxta gətirilən və quraşdırılan fontanlar sənədləşdirildiyindən xeyli ucuzdur: "Bu isə keyfiyyət problemi yaradır. Həmin ifontanların 90 faizinin günün bütün saatlarında işləmək gücü yoxdur. Ona görə də parklarda fontanlar adətən pik saatlarda işə salınır ki, bununla onların işlədiyi görüntüsü yaradılsın".
Həmsöhbətimiz deyir ki, dünyanın istənilən normal ölkəsində isti aylarda günün günorta saatlarında parklardakı fontan və hovuzların işləməsi əsas şərtdir: "Çünki insanların həmin saatlarda sərinləməyə daha çox ehtiyacı var. Bakıda isə bu, nadir rast gəlinən hal olardı ki, hansısa parkda günün qızmar vaxtlarda fontanlar işləsin. Abutalıbovun əsas bizneslərindən, gəlir qaynaqlarından olan bu fontanlar daha çox axşam çağları işə salınır ki, bununla da gəzintiyə və istirahətə insanların kütləvi çıxdığı vaxtlarda onların problemsiz işlədiyi təsəvvürü yaradılsın".
Qeyd edək ki, mətbuatda Hacıbala Abutalıbovun Bakının fontanlaşdırılmasından ciddi korrupsiya mənbəyi kimi yararlandığına dair davamlı iddialar səslənir. Elə yuxarıda haqqında danışdıqlarımız da belə iddiaların doğruluğuna şübhə yeri qoymur.
Murad Can