İsa Qəmbər iki atəş arasında qala bilər
İsa Qəmbər iki atəş arasında qala bilər

Eks-spiker Rəsul Quliyev mətbuata verdiyi müsahibədə 2003-cü ilin seçki dönəmi ilə bağlı bir sıra məsələlər haqqında danışıb. R.Quliyevin sözlərinə görə, o zaman ADP təmsilçiləri onun təkliflərini İsa Qəmbərə çatdırıb: "İsa bəyə dəstək verirəm, o, prezident seçiləndən 1 il sonra yeni prezident seçkilərinə start verir. Yəni İsa Qəmbər müvəqqəti prezident olur. İkincisi, mən baş nazir oluram, bütün nazirləri baş nazir təyin edir... Bundan sonra İsa Qəmbərə dəstək verdim".

Rəsul Quliyev iddia edir ki, İsa Qəmbərin namizədliyini dəstəkləməsi faktı Müsavat başqanının xeyrinə olub - eks-spikerin tərəfdarlarının hesabına keçirilən mitinqlərdə vətəndaşların kütləvi iştirakı müşahidə edilib. O, bunu mənsub olduğu klanın müxalifətə dəstəyi kimi qələmə verib: "Nəticədə İsa Qəmbərin mitinqinə gələnləri sayı digər namizəd Etibar Məmmədovun mitinqinə gələnlərdən 3-4 dəfə çox oldu".
Bundan sonra isə R.Quliyev yanlış addım atdığını anladığını bildirir: "Seçki günü İsa Qəmbər Rusiya telekanallarına müsahibəsində növbəti prezidenti 2013-cü il seçkilərinə hazırlaşmağa çağırdı. Bununla da böyük səhvə yol verdiyimi başa düşdüm". Rəsul Quliyev həmçinin deyib ki, İsa Qəmbər heç vaxt prezident ola bilməyəcək.
Müsavat Partiyasının başqanı İsa Qəmbər deyilənlərlə bağlı cavab olaraq bildirib ki, siyasi fəaliyyəti bitən bir şəxsin söylədiklərinə zaman ayırmaq fikrində deyil: "2005-ci ildə o, özü siyasi fəaliyyətinə son qoydu".
Yada salaq ki, 2005-ci il parlament seçkiləri dönəmində 1996-cı ildən ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyevin Azərbaycana qayıdışı gündəmdə idi. O zaman Rəsul Quliyev Azərbaycana yola çıxsa da onu gətirən uçaq Ukrayna ərazisində Simferopol şəhərində yerə endirildi. O zaman Müsavat başqanı İsa Qəmbər Simferopola gedərək eks-spikerlə görüşdü və onu yolundan dönməməyə, Azərbaycana gəlməyə dəvət etdi. Ancaq həbs edilmə ehtimalının yüksək olduğunu əsas gətirən Rəsul Quliyev bundan imtina edərək qısa zamanda yenidən Birləşmiş Ştatlara qayıtdı. Son bir neçə ayda yenidən onun Azərbaycanın siyasi gündəminə qayıtmaq cəhdləri müşahidə olunur.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, "Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevlə Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında siyasi rəqabətin başlanacağı gözlənilən idi. Çünki 2013-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə siyasi zaman baxımından o qədər də çox vaxt qalmayıb. Mən bir politoloq kimi onların aralarında başlanmış dartışanı da siyasi rəqabətin elementi kimi dəyərləndirirəm və buna normal yanaşmaq lazımdır.
Onlarlın hər ikisi prezidentliyə namizədliklərini irəli sürmək niyyətindədir. Fikrimcə, prezident seçkiləri marafonu baxımından İsa Qəmbərə baxanda Rəsul Quliyevin vəziyyəti daha ağırdır. Çünki mühacirətdə olan bir siyasi lider kimi onun problemləri daha çoxdur. Belə ki eks-spiker çalışmalıdır ki, lideri olduğu Açıq Cəmiyyət Partiyasını dövlət qeydiyyatından keçirtdirsin və məlum səbəblərə görə bu çox da asan olmayacaq. Hətta mən deyərdim ki, mümkünsüz işdir. Rəsul Quliyevin siyasi tərcümeyi-halına nəzər salanda dedidklərimi asanlıqla anlamaq olar. Onun ikinci ən ağır problemi isə Azərbaycana qayıtmaqdır və buda asanlıqla başa gələsi məsələlərdən deyil. Rəqibləri çox vaxt onu ittiham edirlər ki, məlumatsızlıq üzündən Rəsul Quliyev Azərbaycanda gedən siyasi proseslər barədə aydın təsəvvürə malik deyil və mənə elə gəlir ki, bu sözdə müəyyən qədər həqiqət payı var. Rəsul Quliyevin gözlənilməz qərarlar qəbul etməsi də bundan irəli gəlir. Həm də Azərbaycandan kənarda yaşayıb ölkədəki siyasi proseslərə müdaxilə ertmək bir qədər çətindir. Ona görə də o bəzən reallıqdan kənar fikirlər də səsləndirir və qeyri-real iddialarla yaşayır".
Onun fikrincə, "Mən hər zaman Azərbaycan siyasi mühitindəki klançılığın əleyhinə olmuşam. Mənim üçün ancaq bir ideya var, o da Azərbaycanın milli maraqlarıdır. Ola bilər ki, Rəsul Quliyevi müəyyən qədər klançılıqda ittiham edənlər tapıla bilər. Onun siyasi fəaliyyətinə bir qədər tənqidi münasibət bəsləsəm də, düşünmürəm ki, o da yerlibazlıq və klançılıq xəstəliyinə tutulub. Ola bilsdin ki, onun partiyasında da yerliçilik prinsipinin əsas görürüldüyünü deyənlər tapıla bilər, amma Rəsul Quliyevi regionçuluqda ittiham etmək mənim üçün çətindir. Müsavat partiyasına gəlincə isə bu partiyanın rəhbərliyində də Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar təmsil edilib. Ona görə də bu iki liderin arasında qızışmaqda olan siyasi rəqabətin regionçuluq amilləri ilə izah edilməsinin əleyhinəyəm və düşünürəm ki, bu, siyasi rəqabət elementləri ilə daha çox zəngindir. Bu, Rəsul Quliyev-İsa Qmbər rəqabəti deyil, ayrı-ayrı düçüncə sistemləri arasındakı rəqabətdir və getdikcə güclənəcək. Ola bilsin ki, hətta İctimai Palatanın daxilində də siyasi rəqabət güclənməyə başlasın. Çünki bu qurumda İsa Qəmbərlə Əli Kərimli arasında vahid namizədlə bağlı mövqe fərqləri meydana çıxa bilər. Ehtimal güclüdür ki, İsa Qəmbər iki atəşin arasında qala bilər. İctimai Palatada vahid namizəd problemi hələ həll edilməyib və bu qurumu ciddi sınaq gözləyir. Qurumda ciddi müzakirələr gedəcək və bu müzakirələr dərinləşsə, İctimai Palatanın mövcudluğu da təhlükə altına düşə bilər".
Azərbaycan müxalifətinin vahid namizəd probleminə toxunan politoloq bildirdi ki, "Azərbaycan müxalifəti rəngarəngdir. Yəni könül istər ki, müxalifətin çox namizədi olmasın. Amma önəmli olan müxalifət qüvvələrinin vahid mövqedən çıxış etməsidir. İctimai Palatadan bir namizədin ortalığa çıxması daha qanunauyğundur. Müxalifətin digər qanadları da öz namizədlərini irəli sürə bilər. Amma onlar İctimai palata ilə danışıqlara gedib vahid namizəd məsələsində razılığa gələ bilər. Belə olmasa, müxalifətin prezidentliyə 2-3 namizədi olacaq".
Natiq