"Ədəbi bosslar millətin inkişafını istəmirlər"
"Ədəbi bosslar millətin inkişafını istəmirlər"

Akif Əli: "Yazıçı olmaya bilərsən, amma vətəndaş-məmur olmaq mütləq borcundur"

Mən ilk gənclik illərimdə ədəbiyyatla, sənətlə, kino işi ilə məşğul olanda - onda sovetlərin dövrü idi - mənə elə gəlirdi ki, incəsənət, ədəbiyyat daha yüksəkdir. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Azərbaycan dövlətinə qulluq eləyəndə başa düşdüm ki, dövlət qulluqçusu olmaq daha ciddi məsələdir. Və vətəndaşlıq borcu kimi daha vacib amildir ki, mən buna üstünlük verməliyəm. Çünki mənim fərdi yaradıcılığım ancaq mənə aid məsələdir və o, qəbul edilə də bilər, edilməyə də bilər. Kiminsə xoşuna gələr, kiminsə xoşuna gəlməz. Bu, sırf yaradıcılıq və şəxsi zövq məsələsidir. Amma müstəqil Azərbaycan dövləti artıq bu xalqın taleyidir, bu ölkənin taleyidir.

Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri və yazıçı Akif Əli ilə söhbətimiz çox sadə şəkildə, deyərdim ki, öz-özünə alındı. Və sözün düzü, mətbuat işçisi kimi ondan belə asanlıqla müsahibə ala biləcəyimi gözləmirdim. Çünki bizim məmurlara yaxın düşmək bir jurnalsit üçün bir sıra müşküllərlə müşayiət olunur.
-Akif bəy, yazıçı-məmur obrazında görünmək Sizin üçün daxili problemlər yaratmırmı? Ümumiyyətlə, iki fərqli reaksiya üslubunu, iki fərqli naturanı necə birləşdirə bilirsiniz?
-Təbii ki, bunlar ayrı-ayrı sahələrdir, amma bir insanın şəxsində birləşəndə, heç şübhəsiz ki, burada oxşar cəhətlər də ola bilər və istiqamətdən asılı olaraq fərqli cəhətlər də. Yaradıcılıq tamam başqa bir aləmdir, başqa bir dünyadır, başqa bir dünyadır. Tanrı tərəfindən insanın qəlbinə, ruhuna hopdurulmuş bir nurdur, işıqdır, bəlkə də bir missiyadır. Amma dövlət qulluğu vətəndaşlıq borcudur, dövlət, vətən, cəmiyyət qarşısında insanın vicdani borcudur ki, bunu yerinə yetirir. Əgər dövlət qulluqçusu kimi çalışıramsa, öz fəaliyyətimi müəyyən qanun və qaydalar çərçivəsində nizamlamalıyam. Bu məqamda dövlət qulluqçusunun mnüəyyən etik qaydaları ola bilər, subordinasiya normaları ola bilər. Bütün bunları bir vətəndaş, dövlət məmuru kimi nəzərə almalı və işimi də bunlara uyğun aparmalıyam. Və ilk növbədə dövlətə sədaqət, xüsusən müstəqil Azərbaycana sədaqət, xalqa sədaqət birinci yerdə durmalıdır. O ki qaldı yaradıcılıq məsələsinə, burada daha çox sərbəstlik var, inasan özü ilə daha çox qalır və daxili aləmi ilə başa-baş qalanda orada sərbəstlik daha çoxdur, fantaziyaya da geniş meydan verə bilirsən. Burada tam azadsan, təxəyyülün də müstəqildir, düşüncələrin də. İstədiyini yaza bilirsən. Yəni, bax, bu cürdür. İnsan hansısa işlə məşğul olanda əhvalını ona uyğunlaşdırır və bu işə köklənir. Heç şübhəsiz ki, məmurluqla yazıçılığı bir-birinə qatmaq istəməzdim. Yazıçı olmaya bilərsən, amma vətəndaş-məmur olmaq mütləq borcundur. Amma ümumən yekunda bunlar ikisi də birləşəndə, əlbəttə ki, bir Akif Əli obrazı yaranır. Hər iki fəaliyyəti özündə ehtiva edən bir insanın obrazı.
-Dövlət cəmiyyətin sosial-siyasi-hüquqi yaradıcılığıdır. Ədəbiyyat, sənət isə fərdin, cəmiyyətin duyumlarını tutmağa, ifadə etməyə cəhd göstərir. Bu baxımdan yanaşanda bu günki Azərbaycan ədəbiyyatı ilə Azərbaycan dövləti arasında hansı həmahəngliklər və yaxud dissonanslar müşahidə edirsiniz?
-Gəlin, açıq danışaq. Mən ilk gənclik illərimdə ədəbiyyatla, sənətlə, kino işi ilə məşğul olanda - onda sovetlərin dövrü idi - mənə elə gəlirdi ki, incəsənət, ədəbiyyat daha yüksəkdir. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra Azərbaycan dövlətinə qulluq eləyəndə başa düşdüm ki, dövlət qulluqçusu olmaq daha ciddi məsələdir. Və vətəndaşlıq borcu kimi daha vacib amildir ki, mən buna üstünlük verməliyəm. Çünki mənim fərdi yaradıcılığım ancaq mənə aid məsələdir və o, qəbul edilə də bilər, edilməyə də bilər. Kiminsə xoşuna gələr, kiminsə xoşuna gəlməz. Bu, sırf yaradıcılıq və şəxsi zövq məsələsidir. Amma müstəqil Azərbaycan dövləti artıq bu xalqın taleyidir, bu ölkənin taleyidir. Yəni burada işləmək daha ciddi və məsuliyyətini tamamilə hiss etdiyin bir işdir, həyat üçün daha şərəfli bir missiyadır.
-Bu gün Azərbaycan ədəbiyyatında müşahidə edilən "atalar və oğullar" qarşıdurmasında Akif Əli hansı mövqeyi tutur?
-Ümumiyyətlə, "atalar və oğullar" təkcə ədəbiyyatda, sənətdə deyil, bütün sahələrdə mövcuddur. Bu da insanların inkişaf səviyyəsindən asılı olaraq zamanın özünün diqtəsindən irəli gəlir. Oğullar böyüyür və görürsən ki, bəzən ataları üstələyə bilirlər, bəzən inkar edirlər, bəzən razılaşırlar. Bu, həyatın özünün qanun-qaydasıdır və buna normal yanaşmaq lazımdır. Əks-təqdirdə cəmiyyətdə tərəqqi olmaz, mədəni və hətta siyasi inkişaf da olmazdı. Əgər biz keçmişdən ayrılmasaydıq və daha proqressiv olanı qəbul etməsəydik və irəli getməsəydik, insdanlıq mağaralar dünyasından qurtulub bu günki kosmos əsrinə qədər gəlib çıxmazdı. Yəni bu, fəlsəfənin inkarı inkar qanunudur. Heç şübhəsiz ki, cəmiyyətin qanunları və inkişaf üslubu ədəbiyyata da sirayət eləyir. Yeni gələn ədəbi nəsil özündən əvvəlki ədəbi nəsli bəyənə də bilər, bəyənməyə də bilər. Nəyisə ondan götürə bilər, nələrisə də inkar edə bilər. Ondan üstün olar, ondan geri qala bilər. Yəni bu dialektik ədəbi prosesə bir qədər şüurlu və müdrikliklə, səbirlə yanaşmaq lazımdır və bunu faciəyə çevirmək lazım deyil. Əksinə, hesab edirəm ki, ədəbi atalar ədəbi oğulların irəli getməsinə sevinməlidir. Elə həyatda da belə olur. Amma əksinə, əgər ədəbi atalar, ədəbi bosslar qısqanclıq göstərib gənc nəsli sıxışdıracaqsa, onalrın irəli getməsinə, hətta atalrı qəbul etməmələrinə düşmən gözü ilə baxacaqlarsa, bu o deməkdir ki, ədəbi bosslar millətin inkişafını istəmirlər.
-Orta əsr Çin miniatürlüyündə qəribə bir ənənə var idi. Rəssam özünün şedevrini yaratdığını hiss edəndə fırçasını həmişəlik yerə qoyurdu. Akif Əli bir yazıçı kimi ədəbiyyatda özünün şedevr sözünü deyə bilibmi? Ya bu hələ qabaqdadır?
-Mən demirəm ki, şedevr əsərlər yaratmışam, amma mənim yaradıcılığımda - istər kinoda, istər teleradioda, istər publisistikada, istərsə də ədəbiyyatda, belə deyək də, böyük şedevrlərim olmayıb, amma xırda şedevrlər yaratmışam. Amma ən böyük şedevrimi, əlbəttə, hələ ki yaratmamışam və bu, yazı sahəsində olacaq. Hesab edirəm ki, bu prosesin içindəyəm. Hazırda olduqca ciddi bir əsər üzərində işləyirəm. Azərbaycan xalıqının böyük, dahi sərkərdəsi, bütün zamanlarda Azərbaycan oğulları üçün vətənpərvərlik nümunəsi olan, vətəni qorumaq, vətəni sevmək timsalı olan ulu Babək haqqında bir əsər üzərində işləyirəm və hesab edirəm ki, onu yarada bilsəm, bir yazıçı kimi öz ömrümün sözünü demiş olacağam. Amma bu, çox ağır bir işdir, çətin və əziyyətli işdir. Paralel olaraq dövlət qulluğunda çalışdığım üçün həmin roman ərsəyə gəlmək üçün uzun bir vaxt tələb edir. Ola bilər ki, onun bitməsi bir xeyli çəkəcək, amma proses gedir.
-Nəyəsə mənə elə gəlir ki, Sizin içinizdə qəribə bir intizar, qəribə bir həsrət var. Sanki nəyinsə, kiminsə yolunu gözləyirsiniz. Akif Əli Akif Əlininmi yolunu gözləyir, yoxsa kimin? Yaxud nəyin?
-Yox, bu təkcə məndə belə deyil. Mənə elə gəlir ki, hər bir yaradıcılıq adamının gözlərində bir qayğı və haralarasa dalmaq var. Bunlar ola bilər. O da daxildən irəli gəlir. Yəni yaradıcı insan daim düşünür, daim götür-qoy edir, nədənsə narahat olur, nədənsə narazı qalır. Bu proses insana daim yoldaşlıq edir. Əvvəldə dediyim kimi, əgər Tanrı tərəfindən insanın içinə bir işıq, bir nur səpələnibsə, o insan heç vaxt rahat ola bilməz. Gəzir, fikirləşir, düşünür. Yəni insan elə şeylər düşünür ki, onu ucadan deyə bilmir. Müxtəlif səbəblərdən deyə bilir. Hərçənd ki demədiklərin və ya deyə bilmədiklərin özündən daha ucadır. Bütün bunların hamısı psixoloji məqamlardır və Siz çox maraqlı müşahidənizi dilə gətirdiniz. Ola bilər ki, için həsrəti yığılıb,insanın və yaxud Akif Əlinin gözlərindən sezilir. Amma Sizə deyim ki, məni ciddi şəkildə narahat edəcək bir problemim yoxdur. Yazmaq istədikərimi içimdə yaşamaq prosesi var... Amma özümü böyük bir yaradıcı saymasam da, dövlət qulluğunda çox xoşbəxtəm. Çox xoşbəxtəm və çox böyük bir şərəf hissi ilə də bu dövlətə qulluq edirəm. Çünki Azərbaycanımızın müstəqil dövlətinə xidmət edirəm. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan dövləti varsa və müstəqildirsə və onu bütün dünya tanıyırsa, bütün dünyada Azərbaycan Respublikası kimi qəbul edilirsə, mən bir vətəndaş kimi bundan qürur duyuram.
-Siz yaradıcılıq yaşı baxımından müasir Azərbaycan ədəbiyyatında orta nəslin nümayəndəsisiniz. Gənc yazarlardan hansıları Sizə daha çox ümid verir?
-Şübhəsiz belə imza sahibləri var ədəbiyyatımızda. Yəqin ki, o proses Sizə tanışdır. Bir neçə il bundan əvvəl Azərbaycan Yazıçılar Ocağı ilə Azərbaycan Yazıçılar Birliyi arasında qızğın mübahisələr başlamışdı. Sonradan bu mübahisələr hətta mücadiləyə çevrildi. Və o zaman mən birmənalı şəkildə öz mövqeyimi bildirdim. Bu barədə hətta kitab və məqalələr də yazdım. O yazılarda birmənalı şəkildə AYO-nun, yəni gənclərin tərəfində durdum, onları dəstəklədim. Hesab etdim ki, AYO-dakı gənclərin hamısı istedadlıdır və Azərbaycanın gələcək əsil ədəbiyyatını məhz onlar yaradacaqlar. Əlbəttə ki, əgər AYB-dəki qısqanclar onlara yaratmağa, yazmağa imkan versələr. O mənada imkan versələr ki, onalrı pisləməsələr, onları tənqid eləməsələr, ayaqlarından çəkməsələr, onalrı arxadan vurmasalar, donoslar vasitəsilə onları işlədikləri yerlərdən bezdirməsələr və hətta işdən çıxartdırmasalar. Amma çox təəssüflər olsun ki, AYO ilə AYB arasında gedən həmin qızğın mübahisələr dövründə yuxarıda sadaladığım halların hamısı müşahidə edildi. "Atalar" ədəbi-estetik prinsipləri şəxsi davaya, şəxsi düşmənçiliyə çevirdilər və bu, Azərbaycan ədəbiyyatının tarixində xoşagəlməz bir səhifə kimi qalacaq. Hesab edirəm ki, o vaxat AYO-da toplaşmış gənclər istedalı yazarlar idilər. Sonra onları pərən-pərən saldılar, hərəsi bir tərəfə getdi. Onlar əsil ədəbiyyat istəyən uşaqlar idilər, əsil ədəbiyyat yarada biləcək uşaqlar idilər. Mən onların mövqeyini o zaman da müdafiə edirdim, indin də müdafiə edirəm.

Söhbətləşdi: Savalan