Bu gün İranda tutulan şairlərimizin məhkəməsidir
Bu gün İranda tutulan şairlərimizin məhkəməsidir


Bu gün İranda üç ay əvvəl həbs olunmuş azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi başlayır. Məhkəmə prosesində soydaşlarımızın hüquqlarını yerli, yaxud xarici vəkilin qoruyacağı məlum deyil. Prosesi izləyənlər arasında Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri də olacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İran tərəfi ilə əldə olunan ilkin razılaşmaya əsasən, məhkəmə prosesinə ittiham olunan şəxslərin birinci dərəcəli ailə üzvləri və konsulluğumuzun əməkdaşları qatıla bilərlər.

Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün getdikləri İranda həbs olunublar. İran tərəfi uzun müddət azərbaycanlı şairlərin saxlanması xəbərini təsdiqləməyib. Daha sonra hər iki azərbaycanlının həbsxanada saxlandığı məlum olub. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəyə aydınlıq gətirilməsi tələbi ilə İrana bir neçə dəfə rəsmi nota verib. Lakin İran tərəfi bu notaları cavablandırmayıb. Tehranın kütləvi informasiya vasitələri soydaşlarımızın İran əleyhinə casusluq fəaliyyətində günahlandırıldığını iddia etsələr də, sonradan bu məlumat təsdiqlənməyib. İran tərəfi ilə əldə olunan razılaşmaya əsasən Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə görüşməyə müvəffəq olublar. Görüş zamanı hər iki şəxs onların İran ərazisinə qanunsuz şəkildə daxil olmaqda ittiham edildiklərini deyiblər. İran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfəri zamanı həbs olunan şairlərlə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, səfər iki dəfə təxirə salınıb. İran xarici işlər nazirinin digər müavini Hüseyn Əmir Abdullaxiyan ötən həftə Moskvada keçirdiyi mətbuat konfransında Moskva müxbirinin həbsdə olan azərbaycanlı şairlərlə bağlı sualını cavablandırmaqdan boyun qaçırıb: "İranda azərbaycanlı şairlərin həbsindən xəbərim yoxdur. Məsələnin detalları barədə heç nə bilmirəm".
Qeyd edək ki, hər iki soydaşımız Təbrizdə keçirilən şeir festivalında iştirak etmək üçün qonşu ölkəyə gedib və mayın 2-də həbs olunublar. Lent.az informasiya agentliyinin direktor müavini Səlim Əzizoğlu bizimlə söhbətində bildirdi ki, "İran tərəfinin sözügedən addımı bir mətbuat işçisi kimi məndə güclü təəssüf doğurur. Əgər İranın dövlət strukturlarının gizlətməyə bir şeyi yoxdursa, bir qrup Azərbaycan jurnalistinin İranda bu gün başlayan məhkəmə prosesində iştirakına icazə verməliydi. Bu icazə verilmədisə, deməli, İranda həbs edilmiş şairlərimizə açılmış "cinayət işində" xeyli şübhəli məqamlar mövcuddur və İran məmurları bu hüquqi saxtakarlıqların aşkarlanacağından qorxurlar. İranın jurnalistlərimizə bu ölkəyə getmək üçün viza verməməsinin başqa adı yoxdur. Ümumiyətlə, İranın bu addımından həm də təəccüblənməyinə də dəyməz. Çünki məlum olduğu kimi, İran qapalı cəmiyyəti təmsil edir və belə cəmiyyətlərdə obyektiv informasiya əldə etmək olduqca müşkül məsələdir".
Səlim Əzizoğlunun sözlərinə görə, "Jurnalistlərimizə viza verilməməsi barədə İranın Azərbaycandakı səfirliyindən verilən izahat da heç bir tənqidə davam gətirməyəcək qədər gülüncdür. Guya ki jurnalistlərimizin viza barədə müraciətləri İranın XİN-ə göndərilib və baxılmaq üçün fars dilinə tərcümə edilməliymiş. Bundan sonra İran rəsmiləri müraciəti nəzərdən keçirib məhkəmədə iştirak etmək istəyən jurnalistlərimizə viza verilib-verilməməsini həll etməliymişlər. Həmin sənədi burada - Bakıdakı səfirlikdə də tərcümə etmək olardı. Göründüyü kimi, İranın hakimiyyət qurumları hüquqi məsələlərdə ciddi davranmır".
Müstəqil hüquqşünas Adil İsmayılov bizimlə söhbətində bildirdi ki, "İran qanunvericiliyinə görə, mətbuat-məhkəmə münasibətlərinin hansı şəkildə tənzimləndiyi barədə şərh verməyə çətinlik çəkirəm. Çünki bu ölkənin qanunlarına bələd deyiləm. Amma İran tərəfi bir ay ərzində bizim jurnalistlərimizə viza verməyi müxtəlif bəhanələrlə yubadıbsa, bunun bircə adı var: jurnalistlərimizə viza vermək istəməyiblər".
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının sözlərinə görə, "İranda media-cəmiyyət münasibətlərinin özəlliyi çox mürəkkəbdir. İran qapalı cəmiyyət olduğundan onu bir qədər anlamaq olar. Amma istənilən dövlətdə məhkəmə prosesinin şəffaflığı tıəmin olunmalıdır və İran da bunu etməyə borclu idi. Hadisələrin gedişi isə göstərdi ki, İran dövləti cəmiyyətdə baş verən proseslərin şəffaflığından ehtiyatlanır. Bu isə istər-istəməz belə bir qənaətə gəlməyə vadar edir ki, İranda həbs edilmiş şairlərimizə qarşı quraşdırma ittihamlar irəli sürülüb".
Rəşid Hacılı onu da əlavə etdi ki, "Məhkəmə prosesində cəmiyyətə açıqlanmayacaq məsələlər və faktlar ola bilər, amma buna da məhkəmə qərar verməlidir və həmin qərar cəmiyyətə elan edilməlidir ki, filan-filan səbəblərə görə məhkəmə prosesi qapalı keçiriləcək. Bu səbəblər isə dövlət sirrinin aşkarlanmaması və qorunması ilə bağlı ola bilər. İndiki halda isə söhbət dövlət sirrindən getmir. Buna görə də İran tərəfinin bu addımı heç bir normaya sığmır".
Natiq