Xəbər verdiyimiz kimi, dünən axşam ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp bəyan edib. O deyib: "Mən qərara gəldim ki, artıq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb. Təbii ki, ABŞ prezidentinin bu qərarı müsəlman ölkələrinin ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə Unikal.org-a açıqlamasında deyib ki, ABŞ-ın bu qərarını pisləyir və bunu müsəlman ölkələri, xüsusən yaxın Şərq üçün ciddi təhlükə hesab edir:

"1948-ci ildə BMT-nin qərarı ilə İsrail dövləti yarananda, Qüds Fələstin torpağı kimi qeydə alınmışdı. Amma 1967-ci il müharibəsi nəticəsində İsrail dövləti Qüdsü zəbt etdi. Yenə də, 2016-ci ildə BMT-nin qərarı ilə Qüds müvəqqəti işğal edilmiş Fələstin torpağı hesab edilib. ABŞ Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanımaqla BMT-nin qərarlarını ayaq altına atır və beynəlxalq hüququ pozur. Təcəvüzkar İsrailə dayaq olur. ABŞ-ın arxasıyca digər xristian müttəfiq dövlətlərini də aparacaq. Hesab edirəm ki, bu hadisə xüsusən yaxın Şərq ölkələrində yeni gərginliyin yaranmasına gətirib çıxaracaq.

A.Əlizadə ABŞ bu addımı ilə gələcəkdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın da müstəqilliyini tanımasını istisna etməyib:

"Fikrimcə, belə gedişlə gələcəkdə ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Bu gün Qüdsü Tramp tanıdısa, gələcəkdə bunun kimi ABŞ-da hakimiyyətə gələcək insan da Dağlıq Qarabağı Ermənistanın ərazisi çərçivəsində müstəqilliyini tanıyacaq. Mən ona görə hər zaman deyirəm ki, nə qədər tez müharibə edib torpaqlarımızı azad etsək, bir o qədər yaxşıdır. Çünki torpaqlarımızın uzun müddətdir işğal altında saxlanılması get-gedə Qarabağın Azərbaycan torpaqları kimi unudulmasına yol açır. Növbbəti bir Tramp gələcək və deyəcək ki, Qarabağı erməni torpağı kimi tanıyıram. Gəlin, bir fakt deyim. Uzun illərdir, ABŞ Ermənistanla bərabər, Dağlıq Qarabağa da pul ayırır. Ermənistanı başa düşdüm. Dağlıq Qarabağa niyə?.

Partiya sədri hesab edib ki, ATƏT-in Misk Qrupu kimi Rusiya və ABŞ-dan imtina edilməlidir:

"Bu iki ölkənin Misk Qrupuna rəhbərlik etmələri üçün mənəvi haqları yoxdur. Rusiya təcəvüzkar Ermənistana silah verməklə, ABŞ Dağlıq Qarabağa maddi yardım göstərməklə bu haqqı itirib. Ümumiyyətlə, Azərbaycanın ATƏT-in Minsk Qrupundan imtina etmək vaxtı çoxdan çatıb. Bu qrumdan imtina edilməli, danışıqlar yenidən BMT-nin meydanına qaytarılmalıdır. Əks halda, bu təşkilat torpaqların qaytarılması üçün ABŞ və Rusiyanın maraqlarını təmin etməkdən başqa bir iş görməyəcək.