"Azərbaycan Sənaye Korporasiyası ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədi ilə tender elan edib.

Şirkətdən unikal.org-a verilən məlumata görə, tender 5 lot üzrə keçirilir.

Tenderə əsasən, "Aqroinvestkom MMC, "İnter Tobakko MMC, "Şəki-İpək ASC, "Şəki Aqro İndastriz MMC, "Kainat ASC, "Pərvanə MMC, BOT MMC, "İnter Textile ASC, "Mingəçevir İzolit ASC, "Şəki Kərpic MMC, "Azəralüminium ASC, "Bakı Glass MMC, "Ceneral Konstrakşn MMC, "Steel Structures MMC, "İnter Peşəkar İdman Klubu MMC, "CTS Agro MMC, "Det-Al Alüminium MMC və "Det-Al Metal DMCC şirkətinin Azərbaycandakı nümayəndəliyinin əmlakları qiymətləndiriləcək.

Tenderdə hər bir lot üzrə iştirak haqqı 300 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə maliyyə və şirkətlərin əmlakının qiymətləndirilməsi sahəsində təcrübəyə malik hüquqi şəxslər iştirak edə bilərlər. Tenderdə iştirak etmək üçün iddiaçılar müvafiq sənədləri yazılı surətdə təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 fevral 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 26 fevral 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 27 fevral 2018-ci il saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C nömrəli ünvanda açılacaq.

Qeyd edək ki, prezident İlham Əliyev ötən il noyabrın 6-da "Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin (ASK ASC) yaradılması haqqında fərman imzalayıb. Səhmləri dövlətə məxsus olan ASK ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Ötən ilin dekabrın 4-də prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Eyni zamanda, "Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilib. "Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının "Azərbaycan Beynəlxalq Bankından aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı "Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilib. "Azərbaycan Sənaye Korporasiyası 500 mln. manatlıq kapitalla fəaliyyətə başlayacaq.