"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Unikal.org-a verilən məlumata görə, bu barədə nazirliyin Bakı Telefon Rabitəsi MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı bəzi KİV-də yayılan məlumatla bağlı daxil olan sorğulara cavab olaraq bildirilib.

Məlumatda deyilir ki, "Baktelekom" ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir: "Hazırda "Baktelekom"da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının "Baktelekom"a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür".