Unikal.org Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Yusuf Məmmədəliyevin "Report"a  müsahibəsini təqdim edir:

- Yəqin ki, təyinatınız zamanı gənc olmağınızla yanaşı, idman sahəsinə marağınız da nəzərə alınıb. Daha çox hansı idman növü ilə yaxından maraqlanırsınız? İl ərzində canlı izlədiyiniz hansı idman yarışları olub?

- Xüsusi seçdiyim idman növü olmasa da, vaxt tapan kimi çalışıram ki, səhər işdən əvvəl bir saatlıq idman zalına gedim. Bu, həm gün ərzində görüləcək işlər haqqında fikirlərimi cəmləşdirməyə, həm də ruh yüksəkliyi ilə iş gününə başlamağa çox kömək olur. Daha çox izlədiyim idman növü, yəqin ki, futboldur. Millimizin bütün oyunlarına baxır və azarkeşlik edirəm. Canlı izlədiklərim isə əlbəttə, həm ölkədaxili, həm də dünya miqyaslı idman yarışlarıdır.

- Azərbaycanın gənclər siyasəti sahəsində 2017-ci ili necə dəyərləndirirsiniz?

- Ölkəmizdə həyata keçirilən gənclər siyasəti məqsədyönlü və ardıcıl xarakter kəsb etdiyi üçün 2017-ci ili qiymətləndirərkən, keçmişə mütləq nəzər yetirməli oluruq. Yola saldığımız ildə cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə Dövlət Proqramı qəbul olundu. Bu proqram, bundan əvvəl 2005 - 2009 və 2011 - 2015-ci illərdə uğurla həyata keçirilmiş analoji proqramların davamıdır. Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. 2017-ci il ərzində ölkəmizin idarə olunmasında bir sıra mühüm islahatlar həyata keçirildi. Bu islahatlar zamanı da gənclər siyasəti prioritetlər sırasında durdu. Dövlətin gənclər siyasətini daha effektiv həyata keçirmək niyyəti ilə Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı.


- 2018-ci ildə və növbəti illərdə gənclərlə iş istiqamətində hansı zəruri addımların atılması gözlənilir?

- "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə Dövlət Proqramı kimi konseptual və geniş sənədin mövcudluğu bu suala çox aydın və konkret cavab verməyə imkan yaradır. Bu proqrama uyğun olaraq, 2018-ci il də daxil olmaqla, yaxın illərdə gənclərin hərtərəfli inkişafı, onların sağlamlığının qorunması, narkomaniya, alkoqolizm kimi neqativ hallarla mübarizə, gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, onların elmə həvəsləndirilməsi, əmək bazarı və məşğulluq haqqında məlumatlılığın genişləndirilməsi, gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, gənclər təşkilatlarının fəaliyyətinin stimullaşdırılması və xeyli başqa vacib istiqamətlər üzrə geniş fəaliyyət planı nəzərdə tutulur. Əminliklə deyə bilərəm ki, Dövlət Proqramının icrası ölkə gəncliyinin maraqlarına uyğun inkişafına gətirib çıxaracaq. 2018-ci il həm də ölkəmizdə mövcud olan "Gənclər evlərinin fəaliyyətində dönüş ili olacaq. Bu məkanların tam mənada gənclərə xidmət edən müəssisələrə çevrilməsi üçün geniş fəaliyyət planı hazırdır və icra olunacaq.

Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin fəal iştirakçısı və təşkilatçısı kimi müsbət imic qazanıb. Bu tədbirlərin yüksək səviyyədə təşkili zamanı ölkə gənclərinin rolu da danılmazdır. Azərbaycan gəncliyi hər zaman öz dövlətinin beynəlxalq təşəbbüslərini dəstəkləyib və gələcəkdə də belə olacağına əminəm. Ölkəmiz "Ekspo-2025" Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyini irəli sürüb. Sərginin "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması" mövzusunda olması ölkəmizin gənclərə, onların inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır. Gənclərin bu təşəbbüsün həyata keçməsi zamanı da ön sıralarda olacağına heç bir şübhə yoxdur.

- Gənclərin məşğulluq məsələsinin həlli üçün hansı işlərin görülməsi gündəlikdədir?

- Azərbaycanda iqtisadi inkişaf nəticəsində yeni iş yerlərinin yaradılması prosesinin 2018-ci ildə də davam edəcəyində əminəm. Əlbəttə, bu iş yerlərinin əhəmiyyətli hissəsində məhz gənclər çalışacaq. Yürüdülən gənclər siyasətinə uyğun olaraq gənclərin bilik və bacarıqlarının inkişafı, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, gənclərin ixtisas və peşə seçimi zamanı əmək bazarının tələblərinin nəzərə alınması üçün məlumatlılığın artırılması istiqamətlərində fəaliyyət davam etdiriləcək. Azərbaycan gəncləri dünya əmək bazarında baş verən tendensiyaları izləməli, gələcəyin peşələrinə sahib olmalıdırlar.

- İdman sahəsində həllinə ehtiyac duyulan hansı məsələləri qeyd edə bilərsiniz?

- Əvvəlcə onu deyim ki, 2017-ci il idman sahəsində çox uğurlu bir il oldu. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" üzrə Azərbaycan Qran-prisi kimi böyük idman tədbirləri baş tutdu. Yüzlərlə gəncimiz dünya arenalarında medallar qazandı. "Qarabağ klubu tariximizdə ilk dəfə UEFA Çempionlar Liqasında qrup mərhələsində çıxış etdi, voleybolçu qızlarımız Bakıda keçirilən Avropa çempionatında dördüncü oldular. Azərbaycan artıq çoxdan idman ölkəsi kimi tanınır. Peşəkar idmanda böyük uğurlar qazansaq da, ölkəmizdə idmanın kütləviliyinin artırılmasına ehtiyac olduğunu düşünürəm. Dövlət başçısının birbaşa təşəbbüsü ilə hər bir rayonumuzda müasir Olimpiya idman kompleksləri inşa olunub. Bu komplekslərin imkanlarından istifadə etməklə, regionlarda yaşayan gənclər sırasında idmanın kütləviliyini artırmağa ehtiyac var.

- Gənclərin aktiv şəkildə idmana cəlb edilməsi üçün gələcəkdə hansı layihələri həyata keçirməyi planlaşdırırsınız?

- Ölkəmizdə peşəkar idmanın inkişaf səviyyəsi yüksək həddə olsa da, idmanın kütləviliyinin artırılmasına ehtiyac var. Bu məqsədlə Bakıda, eləcə də digər şəhər və rayonlarda açıq idman meydançalarının sayının artırılması, onların müasir idman qurğuları ilə təmin edilməsi istiqamətində layihələr həyata keçiriləcək. Bunun sayəsində gənclər arasında sağlam həyat tərzi təbliğ ediləcək, onların pis vərdişlərdən uzaq olmaqla, idmana meyl etmələri təmin ediləcək.

- Valideynlər orta məktəblərdə dərs yükünün çoxluğunu, bu səbəbdən, övladlarının idmanla məşğuliyyət üçün yetərincə vaxtlarının olmadığını bildirirlər. Orta məktəblərdə idman dərslərinin çəkisinin kəmiyyət və keyfiyyətcə çoxaldılmasına zərurət hiss edirsinizmi?

- Azərbaycanda orta təhsil müəssisələrinin şəbəkəsi çox genişdir. Burada müəyyən istiqamətlər üzrə təmayüllü məktəblər var, idman məktəbləri fəaliyyət göstərir. Buna görə də düşünürəm ki, idman hər bir məktəblinin həyatında vacib olsa da, o, heç bir halda təhsilin digər istiqamətlərinə mane olmamalıdır. Xüsusi olaraq, idmanla məşğul olmaq istəyən, bu istiqamətdə istedada malik uşaqlar, xüsusi məktəblərdən faydalana bilərlər.

Sonda gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik edir, Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayıram!