Daxili İşlər Nazirliyi Yevlaxda məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Qurumdan Unikal.org-a verilən məlumatda bildirilir ki, bu gün saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri, əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.