Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunda seçicilərlə keçirilən görüşlər davam edir.

Unikal.org-un məlumatına görə, keçirilən ilk görüş Qaradeyin kəndində Qaradeyin və Eymur kəndlərindən olan seçicilərlə keçirilən görüşdə millət vəkilləri Cavid Osmanov, Elman Nəsirov və Sabir Hacıyev iştirak edirdilər.

Görüşü millət vəkili, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq son 15 ildə ölkədə görülmüş işlərə ümumilikdə nəzər saldı. Bu gün Azərbaycanın regionda ən güclü dövlətə çevrilməsinin əsasını cənab prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu vurğulayan Cavid Osmanov gələcək inkişafımızın da məhz İlham Əliyev tərəfindən təmin olunacağını qeyd etdi.

Görüşdə millət vəkilləri Sabir Hacıyev və Elman Nəsirov çıxış edərək Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan bəhs etdilər. Elman Nəsirov bildirdi ki, Azərbaycanın əldə etdiyi bütün bu uğurlar cənab İlham Əliyevin düşünülmüş siyasətindən irəli gəlir.
Seçicilər adından çıxış edənlər - Rahilə İsayeva və Əlizadə Yusifov bildirdilər ki, ağdaşlılar prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən bəyənirlər. Bu səbbədən də onların başqa bir seçimi ola bilməz. Onlar öz seçimlərini bir daha təsdiqləmək üçün ayın 11-ni səbrsizliklə gözləyirlər.

Növbəti görüş Ağdaş rayon Mədəniyyət Mərkəzində səhiyyə işçiləri ilə keçirilib.

Görüşdə millət vəkillləri Cavid Osmanov, Elman Nəsirov və Sabir Hacıyev iştirak etmişlər. Görüşdə ilk çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov ölkə başçısının Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğıdan söz açdı. İlham Əliyevin prezidentliyi dönəmində səhiyyəyə ayrılan xərclərin 13,5 dəfə çoxaldığını, 642 tibb müəssisəsinin inşa və təmir olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Millət vəkili Cavid Osmanov onu da qeyd etdi ki, Ağdaş rayon Mərkəzi Xəstəxanasının binası da yenidən tikilmiş, müasir tibbi cihazlarla təmin olunmuş və açılışında cənab prezident şəxsən iştirak edib.

Millət vəkilləri Sabir Hacıyev və Elman Nəsirov çıxış edərək son illər ölkədə səhiyyənin inkişafından, tikilib istifadəyə verilən tibb ocaqlarının dünyanın müasir tibbi ləvazimatları ilə təchiz edilməsindən danışdılar.

Səhiyyə işçiləri adından çıxış edənlər Firqət İsayev, Sədaqət Mustafayeva, Xəyalə Cəlilova və Müzəffər Abdullayev bildirdilər ki, onlar ölkədə bütün sahələrlə yanaşı səhiyyə sahəsində də gedən inkişafı aydın şəkildə görür və bunun üçün də ölkə başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirirlər. Çıxışlarda o da vurğulandı ki, altı korpusdan ibarət üçmərtəbəli 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır. Xəstəxanada əməliyyat, müayinə və müalicə otaqları müasir tərtibatı və xüsusi dizaynı ilə seçilir.

Ağdaşlı səhiyyə işçiləri yaradılan bu şəraitə görə cənab Prezidentimizə minnətdardılar və onlar aprel ayının 11-də seçki məntəqələrinə gedərək ölkənin gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər.

Daha bir görüş Ağdaş rayonundan olan Qarabağ müharibəsi əlilləri və veteranları ilə keçirilmişdir.
Görüşdə millət vəkilləri Cavid Osmanov, Sabir Hacıyev və Elman Nəsirov iştirak edirdilər.

Qarabağ veteranları ilə görüşdə çıxış edən Millət vəkili Cavid Osmanov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi ordu quruculuğu və şəhid ailələri, məcburi köçkünlər, eləcə də Qarabağ veteranlarına göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açdı.

Millət vəkilləri Sabir Hacıyev və Elman Nəsirov da öz növbəsində bu sahələrdə görülən misilsiz işlərə toxunaraq bütün bunların cənab İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd etdilər.

Çıxış edənlər İsmayıl Xudiyev, İlham Beydullayev, Süleyman Məmmədhüseynov və Ağaşirin Hacıyev bildirdilər ki, onlar cənab prezident İlham Əliyevin ölkədə hər bir sahəyə xüsusi önəm verməsini, bütün təbəqədən olan insanlar kimi Qarabağ müharibəsi əlillərinin və veteranlarının da ölkə başçısının diqqət və qayğısından kənarda qalmadıqlarını vurğuladılar. Onlar əminliklə bildirdilər ki, ölkəmizin ərazi bütövlüyünü yalnız İlham Əliyev kimi qətiyyətli bir siyasi xadim təmin edə bilər və bunun üçün də aprel ayının 11-də yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.