Aprelin 25-də Azərbaycanın uzunömürlü xəbər portallarından biri olan "Qaynarinfo.azın 11 yaşı tamam olur.

Unikal.org saytı "Qaynarinfonun keçdiyi yol və gələcək planları ilə bağlı saytın rəhbəri, Zahir Əzəmətlə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik.

- Zahir bəy, 11 il ərzində gördüyünüz işlər barədə məlumat verərdiniz...

- Bu gün bizim üçün çox əhəmiyyətli bir tarixdir. "Qaynarinfo.az 11 yaşını qeyd edir. Azərbaycan internet məkanı üçün 11 rəqəmi kiçik görünsə də, təcrübə baxımından kifayət qədər böyük rəqəmdir. 11 il əvvəl bir neçə nəfərlə, demək olar ki, dizimizin üstündə bu saytı yaratdıq. O zaman Azərbaycanda xəbər saytları, informasiya resursları barmaqla sayılası qədər idi. Hətta deyərdim ki, bu gün onların böyük əksəriyyəti mövcud deyil və fəaliyyətlərinə son verilib. Bu çətin yola biz entuziazmla başlamışdıq. Bir sözlə ağır yol keçmişik. Bütün çətinliklərə baxmayaraq, 11 il ayaqda dura bildik. Azərbaycanın tanınıb, seçilən informasiya resurslarından biri hesab olunuruq. Xeyli uğur qazanmış, təkmilləşmişik. Müasir texnoloji yeniliklərlə, trendlərlə ayaqlaşmağa çalışmışıq. Əslində bu bacarığımızın çox kiçik bir hissəsidir. Azərbaycanda media ilə bağlı müəyyən çətinliklər qalmaqda davam edir. Bu çətinliklər reklam bazarı və digər məsələlərlə bağlıdır. Amma bunları aşıb müstəqil qalmağa və öz ayaqlarımızın üstündə durmağa davam edəcəyik. Bizim üçün xoş gündür, qürur duyuruq ki, bu günə qədər gəlib-çıxa bilmişik. On minlərlə oxucumuz var. Hər gün informasiyanı bizdən almaq üçün onminlərlə oxucu saytı ziyarət edirlər. Onlara təşəkkür edirik. Çünki onlar olmasaydı bizim fəaliyyətimizin bir anlamı olmazdı. Bu gün həm də oxucularımızın bayramıdır.

- Təbrik edənlər arasında oxucularla yanaşı, "yuxarılar" da varmı?

- Könlümüzdə yeri olan hər kəs bizi təbrik edir. Bunlar əsas bizim oxucularımız, dostlarımız, ziyalılarımız, həmkarlarımızdır. Başqa yuxarı hara ola bilər? Ən yuxarı Allahdır. Ona da biz öz dualarımızı çatdırdıq.

- Özünüzə rəqib saytlar görürsünüzmü?

- Desəm ki, rəqib görmürəm bu biraz başqa cür səslənəcək. Amma məni tanıyanlar bilir ki, az qala Azərbaycanda fəaliyyət göstərən əksər xəbər saytlarının yaranması, kollektivlərinin formalaşmasında, hansısa texniki problemlərinin həllində bu və ya digər şəkildə iştirakım olub. Onlara hər zaman dəstək olmuşam. Heç vaxt həmkarlarıma rəqib kimi yanaşmıram. Hesab edirəm ki, Azərbaycanda daha çox xəbər saytı olmalıdır. Rəqabət inkişafa təkan verir. Azərbaycanda çox oxunan saytlar var və onların hər biri mənim dostlarımdır. "Unikal.org, "Qafqazinfo, "ölkə.az, "milli.az, "apa və digər saytlar bizim dostlarımızdır. Bütün xəbər saytlarının uğurlarına öz saytım qədər sevinən adamam. Bu mənada heç kimə rəqib kimi baxmıram. Hesab edirəm ki, hər bir xəbər saytının öz tərzi, üslubu və oxucusu var. Dünyada, o cümlədən Azərbaycanda artıq o dövr deyil ki, bir qəzeti alıb informasiya əldə edəsən. Artıq internet məkanında oxucu xəbəri bir neçə mənbədən əldə edir və onu dəqiqləşdirməyə çalışır. Bu mənada güclü xəbər saytlarının çox olması hamının xeyrinədir.

- Əməkdaşlarınızın əmək haqları nə qədərdir?

- Bizdə əmək haqları digər böyük saytlarla müqayisədə o qədər yüksək deyil. Çünki öz gücümüzə ayaqda durmağa çalışırıq. Heç bir yerdən maddi dəstək almırıq. Yalnız reklamlarımızdan asılıyıq. Amma yenə də işçilərin əmək haqları vaxtaşırı dəyişir. Məsələn elə vaxt olur ki, maaşlar kifayət qədər yuxarı, bəzən də aşağı verilir. Bizim kollektiv mehribandır və bütün çətinliklərin öhdəsindən gələ bilirik.

- Əməkdaşlarınıza nə qədər maaş versəniz sizi qane edər?

- Mənə elə gəlir ki, müasir Azərbaycan reallığında bir insanın minimual şərtlərlə dolanmağı üçün ən azı 1000 manat əmək haqqı alması lazımdır. Xatırladım ki, hazırkı maddi imkanlarımız bu ehtiyacları ödəməyə imkan vermir. Mən özüm əmək haqqı almıram. Çalışıram ki, saytın gəlirlərini kollektivə yönəldim. Mən daha çox yaratdığım reklam platforması - Adsgarden.com-dan gəlir qazanıram. Hətta bu gəlirin də böyük hissəsini "qaynarinfo-nun maliyyələşməsinə də ayırıram. Hazırda "qaynarinfo-nun öz gəlirləri ilə tam özünü maliyyələşdirməsi mümkün deyil.
Azərbaycandakı reklam bazarında monapoliya var. Açıq desək böyük məbləğlərə, tenderlərə bizim yolumuz bağlıdır. Biz ancaq "kiçik balıqlarla yetinməli oluruq. Təəssüf ki, Azərbaycanda reklam bazarında sağlam rəqabət yoxdur. Hər halda bu günümüzə də şükür. Şikayətçi də deyiləm. Çətin də olsa özümüzü idarə edə bilirik.

- Hazırda "qaynarinfo-nun gəlirləri ilə neçə işçi saxlamaq olar?

- Devalivasiyadan əvvəl imkanlarımız daha yaxşı idi. Biz 10-a yaxın işçi saxlayırdıq. Devalivasiyadan sonra gəlirlərimiz azaldığı üçün işçilərimiz də yarıbayarı azaldı. Hardasa 5-6 nəfərlik kollektivlə çalışıram. Bununla belə bizim ofis icarə olduğundan buna da vəsait ödəyirik. Təkcə əmək haqları deyil, vergi və ofis xərclərimiz də var. Necə deyərlər, ayağımızı "yorğanımıza" görə uzadırıq.

- Bəzi şəxslər "qaynarinfo-nu millət vəkili Asim Mollazadənin adı ilə də bağlayırlar. Bu dedi-qodular nə qədər realdır?

- Millət vəkili Asim Mollazadə ilə uzun illərə dayanan bir əməkdaşlıq tariximiz var. Amma bu əməlkdaşlığın "Qaynarinfo saytına heç bir bağlılığı yoxdur. Bu söhbətlərin səbəbi isə odur ki, mən həm də Asim müəllimə yaxın olan ANN.Az saytının menecerliyini edirəm. Buna qədər isə "Alma" qəzeti üzərindən əməkdaşlığımız olub, bizə uzun illər dəstək verib. Hazırda ANN.Az saytının da heç bir maddi dəstəyi yoxdur. Amma bu gün o saytı da sırf öz imkanlarım hesabına ayaqda tuturam. Asim müəllim ağsaqqalım, hər zaman qapısını ərklə döyüb məsləhətlər aldığım bir təcrübəli siyasətçi və dostdur. Amma "qaynarinfo mənim şəxsi xəbər sayıtımdır, heç bir ictimai-siyasi qüvvəyə bağlı deyil, bir çox digər saytlarım kimi "Qaynar-Media" qrupuna daxildir.

- Gələcək planlarınız barədə də danışardınız

- Bu il "qaynarinfo"-nun mobil tətbiqlərini istifadəyə verdik, əlavə olaraq rus və türk dillərində də xəbər yayımına başladıq. Amma hədəflərimiz, arzularımız, planlarımız daha böyükdür. "Qaynarinfo-nun hər gün yenilənən müasir trendlərə cavab verməsini, multimedia xidmətləri və interaktivliyi artırmağı arzulayırıq. Bunlar arzudur və maddi imkanlarımıza görə idarə edəcəyik. Ümid edirəm ki, bunu da bacaracağıq. Çünki 11 il əvvəl bir noutbukla və ofissiz fəaliyyətə başlamışıq. Bu gün isə normal ofisimiz, çevik kollektivimiz və normal reytinqimiz var. Biz mobil qrupuq. Bütün situasiyalarda çevik qərarlar vermək imkanına malikik. Ona görə də biz uzun rəqabət illərində sağ qalmağı bacarmışıq. Təkcə sağ qalmaqla deyil, həm də öndə gedən saytlarla bir olmağı bacarmışıq. Hesab edirəm ki, biz qarşımıza qoyduğumuz hədəflərə gec də olsa çatacağıq.

- 11 il ərzində saytdan xəbər çıxarılması ilə bağlı xahişlər olubmu?

-(Gülür) Az qala hər gün olur. Buna təbii hal kimi baxmaq lazımdır. Çünki bura Azərbaycandır. Dostlar, qardaşlar və digər yaxınlar bizdən tez-tez xahiş edirlər. Bəzən mən də eyni xahişləri başqalarından edirəm. Niyə gizlədim ki? Bu olur. Xəbərin ictimai yükünün nə qədər olub-olmamasına baxılır. Əgər o xəbərin çıxarılması Azərbaycanda hər hansı bir prosesə mənfi təsir edə biləcəksə, bu xahişləri yerinə yetirmirik. Amma sıradan bir xəbərdirsə, artıq ictimailəşib, üstündən uzun bir zaman keçibsə belə məsələlərdə çalışırıq ki, yola verək.